• cümə, 26 Aprel, 09:08
  • Baku Bakı 12°C

Vətəndaşların rahatlığını təmin edəcək Məkan

05.01.19 09:30 1275
Vətəndaşların rahatlığını təmin edəcək Məkan
Xeyli müddətdir ki, daşınmaz əmlakın satışı və qeydiyyatı ilə bağlı problemlər cəmiyyətdə müəyyən narahatlıqlar yaradırdı. Uzun-uzadı sənədləşmə prosesi, qeyri-şəffaflıq halları ilə demək olar ki, hər birimiz üzləşmişik. Sözügedən sahədəki problemlərin mətbuatda, televiziyada gündəmə gətirilməsinə baxmayaraq, bu sahədəki vəziyyət heç də qaneedici deyildi. Artıq bu problemlərin arxada qaldığını desək, yəqin ki. yanılmarıq. Çünki bundan sonra əmlakla bağlı bütün xidmətlər vahid məkanda həyata keçiriləcək. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışı mərasimi keçirilib. Prezident İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. O bildirib ki, Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub. Komitə artıq 40 xidməti elektron qaydada vətəndaşlara birbaşa və e-Hökumət portalı vasitəsilə təqdim edir. "Elektron çıxarış” xidməti vətəndaş məmur ünsiyyətini tam məhdudlaşdırır. Belə ki, elektron imzaya sahib vətəndaş istənilən yerdən e-Hökumət portalı vasitəsilə xidmətə müraciət edir, müvafiq sənədlərini göndərir, Komitə tərəfindən hazırlanmış elektron çıxarış isə onun portaldakı şəxsi kabinetinə göndərilir. Vətəndaşın digər dövlət orqanlarına müraciət zamanı elektron çıxarışın düzgünlüyünü yoxlamaq üçün Məkanda xidmətlərin daha dəqiq, prosedurların sürətli olması üçün elektron idarəetmə sistemini həyata keçirən qurğular quraşdırılıb. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Əmlak Xidmətləri Məkanının açılması bu sahədə vətəndaşlara hansı üstünlüklər yaradacaq?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, belə bir qurumun yaradılması ilə insanların vaxtını alan sənədləşmə prosesi tədricən daha da asanlaşdırılacaq: "Bu günə kimi Azərbaycanda fəaliyyət göstərən ASAN xidmətlərin işi göz qabağındadır. Hesab edirəm ki, Əmlak Xidmətləri Məkanı da oxşar bir mahiyyət daşıyır. Sadəcə olaraq, burada əmlakla bağlı olan məsələlər sözügedən qurum tərəfindən qısa bir zamanda öz həllini tapacaq. Azərbaycanda xeyli müddətdir ki, daşınmaz əmlakın qeydiyyatı istiqamətində elektron xidmətin tətbiqi həyata keçirilir. Bu gün hətta elektron çıxarışların verilməsi məsələsi də elektron qaydada tətbiq edilir. Yəni artıq çıxarış almaqdan ötrü uzun müddət gözləməyə ehtiyac yoxdur. Vətəndaş alqı-satqı zamanı notariat kontorunda əməliyyatı həyata keçirir. Ən geci, bir gün müddətində vətəndaş öz elektron çıxarışını ala bilir. Yeni qurumun yaradılması məhz bu xidmətləri daha da təkmilləşdirmə məqsədi daşıyır. Bu sahə ilə bağlı olan əməliyyatların əvvəlkinə nisbətən daha da asanlaşdırılması və sadələşdirilməsi, o cümlədən, vaxta qənaət məqsədi daşıyır. Düşünürəm ki, daşınmaz əmlak məsələləri ilə bağlı aparılan əməliyyatlar bundan sonra xeyli asanlaşacaq. Bundan başqa hərraclar da bu prosesin tərkib hissəsi hesab oluna bilər. Burada bələdiyyə torpaqları və digər mülkiyyətdə olan əmlakların hərracı təşkil olunacaq. Bu proses tam şəffaf şəkildə və ictimaiyyətə açıq olacaq. Dövlət əmlakının özəlləşdirilmə prosesi xeyli müddətdir ki, başlanılıb. Bu proses kifayət qədər şəffaf şəkildə həyata keçirilir. Bundan sonra bələdiyyə mülkiyyətində olan torpaqların da hərracı burada təşkil olunacaq”.
Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyevqeyd etdi ki, belə bir mərkəzin yaradılması ilə əhaliyə göstərilən xidmətlər daha da təkmilləşdiriləcək: "Ümumilikdə götürsək, deyə bilərəm ki, bundan sonra Əmlak Komitəsinin təklif etdiyi xidmətlərlə əlaqəli olan bir sıra xidmətlər eyni bir məkanda toplanacaq. Sözügedən qurumda Komitənin göstərdiyi xidmətlərlə yanaşı, digər xidmətlər də vətəndaşlara təklif olunacaq. İstənilən halda belə bir addımın atılması mütərəqqi hadisədir. Bu xidmətlərdən istifadə edən vətəndaş binanı tərk etmədən əmlakla bağlı olan bütün problemlərini həll edə biləcək. Bu günə kimi göstərilən xidmətlərin keyfiyyəti bundan sonra daha da yüksəldiləcək. Bütövlükdə götürdükdə, Əmlak Xidmətləri Məkanı bu sahədə aparılan ümumi işlərin tərkib hissəsidir”.
Millət vəkili Azər Badamovqeyd etdi ki, belə bir qurumun yaradılmasında məqsəd əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır: "Azərbaycanda yaradılan ASAN xidmətlər vətəndaşlara çox yüksək səviyyədə xidmət göstərir. Göstərilən xidmət əhali tərəfindən 100 faizlik məmnunluq qazanıb. Bu mənada yeni yaradılan Əmlak Xidmətləri Məkanının yaradılması da əhaliyə göstərilən xidmətlərin daha da yüksəldilməsi məqsədi daşıyır. Bundan sonra bu sahə ilə bağlı olan bütün xidmətlər şəffaf şəkildə həyata keçiriləcək. Əmlakla bağlı olan bütün məsələlər, yəni hərracların keçirilməsi, çıxarışların verilməsi, yəni bütün bu məsələlər bir məkanda öz həllini tapacaq. Yeni yaradılan qurumda vətəndaşlara ayrı-ayrı xidmət formaları təqdim olunacaq. Bununla da vətəndaşların rahatlığı tam təmin olunacaq. Düşünürəm ki, yaradılan bu qurum qısa müddət ərzində əhali tərəfindən bəyəniləcək. Bu vaxta qədər həllini gözləyən bir çox problemlərin çözülməsi yönündə Əmlak Xidmətləri Məkanı öz sözünü deyə biləcək”.
Şəbnəm
banner

Oxşar Xəbərlər