Vəsiyyəti “oğlumu vətənpərvər böyüt” olan şəhid
Kamil Şixmuradovun vətən
sevgisi də kamil idi
Sentyabrın 26-da
başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının, Azərbaycan
ordusunun tarix kitabına qızıl hərflərlə yazılacaq qələbəsi ilə yekunlaşdı. Bu
qələbə minlərlə qəhrəman döyüşçümüzün, qazimizin, şəhidimizin bizə ərməğanıdır.
Biz bu sevinci, bu qüruru, bu başucalığını onlara borcluyuq. Qarşısında özümü
borclu bildiyim Vətən uğrunda şəhid olanlardan biri də Şixmuradov Kamil Şixəmməd
oğludur. O, 1978-ci il dekabr ayının 25-də Xaçmaz rayonunun Xudat şəhərində
anadan olub. 1994-cü ildə Xudat şəhərində 3 nömrəli orta məktəbinin 9-cu
sinfini bitirərək Xaçmaz rayon peşə liseyinə daxil olmuş və 1997-ci ildə həmin
liseyin "rəngsaz-suvaqçı" peşəsi üzrə tam kursunu bitirib. 1997-ci
ilin iyul ayında SHXÇDX Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılıb. 1997–1999-cu illərdə Naxçıvan MR-da N saylı hərbi hissədə
sürücü-elektrik, 1999-cu ilin fevral-iyul aylarında 216 nömrəli hərbi hissədə
atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata
buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik
Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında atıcı vəzifəsində
çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin 342 nömrəli hərbi hissəsində müddətdən
artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı"
ixtisası üzrə manqa komandiri və taqım komandirinin müavini-manqa komandiri
kimi xidmət edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə,
komandalıq tərəfindən baş çavuş hərbi rütbəsi verilib. Şəhidimiz, həmçinin
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpə uğrunda gedən döyüşlərdə
qəhrəmancasına döyüşüb. Bununla əlaqədar general-mayor Mais Bərxudarov tərəfindən
mükafatlandırılıb. 2018-ci ildə Azərbaycan
Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə "Azərbaycan Ordusu 1918-2018"
yubiley medalı ilə təltif edilib.
General-mayor Mais Bərxudarov və Milli Qəhrəman,
polkovnik Şükür Həmidovun rəhbərlik etdikləri hücum istiqamətində ön sıralarda
hücuma keçən birlik və birləşmələrin önündəki mina sahələrindən və möhkəmləndirilmiş
maneələrdən keçidlər açaraq öz vəzifə borclarını layiqincə yerinə yetirib. Şəhidimizin
keçdiyi ömür yolu, taleyi, qəhrəmanlıq gündəliyi ilə tanış olmaq üçün ailəsi ilə
söhbətləşdim. Anası Şixmuradova Sürəyya xanım oğlundan əsl azərbaycanlı qadın,
şəhid anası kimi böyük təmkin və səbirlə danışdı: "Kamil çox istiqanlı
uşaq olub. Heç vaxt məni incitməyib. Xasiyyəti çox mülayim idi. Bir dəfə də
olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz,
xoşxasiyyət idi. Hamı da onun xətrini çox istəyirdi. Qardaşı uşaqları ilə əmi
kimi yox, dost kimi davranırdı. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına
çox bağlı idi. Hər gün danışırdı, hal-əhval tuturdu. Artıq müharibənin qızğın
vaxtında, əlbəttə ki, hər gün danışmaq mümkün deyildi. Çox narahat olurdular.
Sonuncu gün düz otuz dəfə zəng vurdular, nömrəsinə zəng çatmadı. Elə ümidli idilər
ki, zənglərdən birində şəbəkə tutar, danışarlar. İndi yanımdadırlar. Ataları ilə fəxr edirlər.
Çalışırıq ki, başlarını nə iləsə qataq, imkan verməyək ki, çox darıxsınlar. Nə
etmək olar? Kamil şəhidlik üçün seçilmişdi. Öz də elə bu yolu seçmişdi.
Birinci Qarabağ müharibəsi dövründə 12-13 yaşı vardı. Müdafiə Nazirliyi səfərbərlik elan etmişdi, o zaman. Kamil də sinif yoldaşı ilə birlikdə evdə demədən çıxıb getmişdi Bakıya. Orda onları qəbul etməyiblər ki, uşaqsız, yaşınız çox azdır. Kamil deyib ki, heç olmasa əsgərlərə silah danışmağa, güllə daşımağa kömək edərik, onu ki bacararıq. Aparmamışdılar. Biz də burda narahat olmuşduq ki, bu uşaqlar hardadır. Bir də baxdıq ki, Bakıdan qayıdıblar. Kamil o qədər məyus olmuşdu ki. Torpaq onun üçün müqəddəs idi, uca idi. Kitab oxumağı çox sevirdi, xüsusən də, tarixi və hərbi mövzuda olan kitabları oxuyurdu. Üç uşaq idilər, tez-tez dava-dava oynayırdılar. Həmin uşaqlardan ikisi böyüdü, hərbçi oldu. O birilər ortaboyludur. Amma Kamil ucaboylu idi. Həmişə qardaşları zarafatla deyirdi ki, Kamilə xüsusi qulluq edibsən, ona ayrı yeməklər veribsən ki, ucaboydur. Deməli, balamın boyu kimi, özü də ucalığa – şəhidlik zirvəsinə qalxmalı imiş.
Böyüklə böyük, kiçiklə kiçik...
Yoldaşlıqda,
dostluqda da çox etibarlı, sədaqətli olub. Hamının dərdinə qalıb, hamının
hayına yetib. O bir söz var e, deyirlər ki, böyüklə böyük olub, kiçiklə kiçik,
bax, Kamil də elə insan idi. Orda – hərbi
hissədə xidmət zamanı da yaşca o birilərindən
böyük olduğundan, həmişə özünü qabağa verib. Yoldaşları danışır ki, hamı ilə bir-bir
maraqlanırdı. Hamının halını soruşurdu. Çox həssas idi, diqqətli idi.
Sonuncu dəfə məzuniyyətə
gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Çıx gəl daha.
Böyüyürlər, səni istəyirlər, burda ol, yanlarında ol. Gözlərimə baxdı, dedi ki,
məni sən belə tərbiyə edibsən. Oğlumu da
mənim kimi vətənpərvər böyürdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və
getdi.
O, qəribə uşaq
idi. Onunla danışanda mən həmişə rahatlıq tapırdım. Səsi, danışığı, təmkini mənə
xüsusi bir sakitlik verirdi. Onunla danışan kimi, elə bilirdim ki, vəssalam, hər
şey yaxşı olacaq. Onun elə gözəl yaxşı energetikası vardı, adama ruh yüksəkliyi
ötürürdü. Sonuncu dəfə
onunla görüşə gedəndə oğlunu da aparmışdıq. Uşaq baxdı-baxdı ona, dedi ki, ata,
mən də hərbi forma istəyirəm. Atam kimi olmaq istəyirəm. O da elə Beyləqanda
onun üçün hərbi geyim sifariş etdi. Özünə qismət olmadı, təəssüf ki. Gətirib
geyindirə bilmədi, görə bilmədi balasını həmin o formada. Dostları sağ olsun,
götürüb gətirdilər, uşağa geyindirdilər.
Əminəm ki, o gördü, o hiss etdi bunu, ruhu şaddır.
Müharibə başlayanda
Bakıda gözümdən əməliyyat olunmuşdum. Çox da tez-tez zəng vurmurdum. Gecə vaxtı
telefonda o biri oğlum Mehmanla danışanda eşitdim ki, deyir anam bilməsin. Düzü,
içimə bir narahatlıq gəldi, amma heç nə soruşmadım. Səhər xəbərlərdə eşitdim ki, müharibə başlayıb. Başa düşdüm
ki, elə bunu deyirlərmiş. Əməliyyatdan çıxmışam deyə, oğlum fikir eləməyimi istəməyib. Düzü, gözlərim doldu, kövrəldim. Oğlum da
dedi ki, ana, ağlama, hər şey yaxşı olacaq. Özümü birtəhər ələ aldım. Fikirləşdim
ki, hərbçidir də, hərbçi olan, müharibədə də olmalıdır. Həmin gün də yığışıb şəkil
çəkdiriblər və gediblər Cəbrayıla. Aradabir danışırdıq, heç vaxt heç nədən
şikayət etmirdi. Deyirdi, hər şey yaxşıdır, irəliləyirik. Mən ondan nigaran
idim, yeməyini-içməyini soruşurdum, o isə "burda hər şey çox yaxşıdır –
yeməyimiz də var, içməyimiz də, sən özündən muğayat ol, özünü soyuğa vermə"
deyirdi. Yəni o vurhavurda da məni, ailəsini düşünürdü. Döyüşlər gedən müddətdə
bir dəfə də olsun çətinlikdən, sıxıntıdan danışmadı. Elə hey deyirdi ki, hər
şey yaxşıdır. Qələbəyə, torpaqlarımızın işğaldan azad olunacağına inamı sonsuz
idi. Deyirdi ki, az qalıb, tezliklə qələbə qazanacağıq. Heyf, özü bu günləri
görmədi.
Bir də o çox təmizkar
idi, səliqə-sahman sevərdi. Orda da – o topun-tüfəngin altında da təmizliyə,
sahmana riayət edirdi. Bizə danışdılar
ki, öz işilə yanaşı, yaralıları da daşımağa kömək edib deyə, üst-başı da qanlı
olurdu. Sonuncu gün də Beyləqanda çimib-yuyunub, yeni hərbi geyim geyinib,
gedib ön cəbhəyə. Elə həmin geyimdə də şəhid olub. Dediyim kimi, təmizliyə çox
fikir verirdi. Bir dəfə zəng vurdu ki, yağışlar yağır, üst geyimim yaş olur,
narahat oluram. Yuyub-qurutmağa da vaxt tapmırıq. İslanmayan, plaş materialında
üst geyimi istədi. Hələ bunu da vurğuladı ki, təkcə özüm üçün istəmirəm ha,
yoldaşlarım üçün də istəyirəm. Qardaşı
da burda aldı, hamı üçün apardı. O elə idi, heç vaxt təkcə özünü fikirləşməzdi.
O, çox ehtiyatlı, çox diqqətli idi. Mən inanmazdım ki, ona bir şey olar. Mina təmizləmə
əməliyyatlarında bir dəfə də olsun, əlində mina partlamamışdı. Qismət... yanına
mərmi düşüb, şəhid oldu balam..."
Biz getdik...
Qardaşı - ehtiyatda olan polkovnik-leytenant
Şixmuradov Mehman Şixəmməd
oğlu deyir ki, hərbi xidmətə getməyinin səbəbkarı mən olmuşam. Bizə qardaşı ilə bağlı xatirələrini, Kamilin şəhidlik
zirvəsinə aparan hərbi yolundan danışdı: "2014-cü ildə Beyləqanda xidmət
edirdim. Həmin il MAXE-lərin orduya kütləvi qəbulu başladı. Cənab Prezidentin
göstərişi ilə ordunu professional səviyyəyə çatdırmaq üçün belə bir işə
başlanıldı və elan olundu. Həmin dövrdə də mən nizami hissədə çalışırdım. Kamil
və iki dayım oğlu komissarlığa müraciət etdilər və hərbi xidmətə başladılar. Elə
oldu ki, apreldə onlar gəldi, may ayının 19-da mən təyinatla Bakıda - Silahlı
Qüvvələrin Baş Qərargahında xidmətimi davam etdirməli oldum. Amma orda mənimlə
çiyin-çiyinə xidmət göstərən zabitlərlə əlaqə saxlayır, Kamili soruşurdum. O, mənə
həmişə başucalığı gətirdi. Heç bir dəfə də olmadı ki, adımdan, rütbəmdən
istifadə etsin, hardasa özünü gözə soxsun, ya arxada gizlənsin. Əksinə, o,
sanki mənə görə daha da məsuliyyətlə yanaşırdı bu işə. Mən onunla fəxr edirdim.
Hər dəfə xoş xəbərini, xoş sədasını eşidəndə ürəyim dağa dönürdü. Komandirləri
heç vaxt ondan şikayətçi olmadı. Mən ondan ötrü bir dəfə də olsun heç kimə ağız
açmadım, heç kimdən heç nə xahiş etmədim. İstəmirdim ona mənə görə hörmət
etsinlər. Hörməti özü qazanmışdı orda. Çox məsuliyyətli olduğundan, ən ağır, ən
çətin işlərə təyin olunurdu. Özü də elə buna can atırdı. Yuxarı qərargahda
çalışan bir adam kimi həmişə onunla fəxr etmişəm. Onun yüksək xidmətinə görə mənə
təşəkkür edəndə, deyirdim ki, onun işidir, onun vətənə borcudur.
Sentyabrın
26-da, axşamüstü mənə şəkillər göndərdi, yazdı ki, qardaş, biz getdik... Mən
başa düşdüm ki, bunlar döyüşə gedir. Gündüzlər zəng vurmurdum, gərgin işləyirdilər.
İmkan olanda danışırdıq. Füzuli rayonunun Alxanlı kəndində idi ermənilərlə təmas
xətti. Elə ordan başlamışdılar. Mühəndis-istehkam qoşun növü elə bir qoşun
növüdür ki, onlar olmadan nə xüsusi təyinatlılar, nə kəşfiyyatçılar hücuma keçə bilər. Birinci bunlar ərazini
minalardan təmizləyib keçid açmalıdırlar ki, qabağa getmək mümkün olsun. Kamil
xidmət etibarı ilə ən ağır xidmət keçib, ən ağır döyüşlərdə iştirak edib.
Çünki aprel döyüşlərindən sonra ermənilər
istehkamlarını daha da möhkəmləndirmişdilər. Beton sədlərdən öncə torpaq sədlər
qaldırılmışdı. Bunu bizim tankların, texnikaların önə keçə bilməməsindən ötrü
etmişdilər. Kamilgilin dəstəsi həmin ərazini minalardan zərərsizləşdirəndən
sonra ilk keçid açılıb. Füzuli alınandan sonra Cəbrayıla gediblər. Hərdən
danışırdıq, hər şeyin yaxşı olacağını deyirdi, qələbəyə inanırdı. Noyabrın 1-də
Qubadlıda Həkəri çayının sahilində, Sarıyataq kəndində idi. Laçına doğru
qoşunlarımızın içəriyə keçə bilməsi üçün alternativ yol açırdılar.
Su götürmək üçün bir
az aralanıb və...
Noyabrın 6-da
Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına
sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra ara bir az sakitləşib.
Kamil suzuyub. Olduğu yerdən su götürmək üçün bir az aralanıb. Və həmin vaxt məruz
qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır xəsarətlərdən
döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən Bakıda idim, zəng vurdular. Sanki xəbəri bilib-bilmədiymi
yoxlamaq istəyiblər. Amma deməyə ürək etməyiblər. Zabitlərdən biri, axır ki, özündə cəsarət
tapıb zəng vurdu, amma onun da deməyə dili gəlmədi. Səsindən, danışığından başa düşdüm ki, Kamili
itirmişik. O 40 gün ərzində mən də artıq psixoloji olaraq hər şeyə hazır idim.
Özüm də hərbçiyəm, bilirdim ki, hər şey ola bilər. O biri qardaşım – Rafael
rayonda hazırlıq gördü, evdəkilərə də bu xəbəri çatdırmaq onun boynuna düşdü. Mən
isə qaynımla Füzuli diaqnostika mərkəzinə getdim. Kamili özümüz tanıdıq. Beyləqanda
"Peyğəmbər" məscidində yuyulub, kəfənləndi. Noyabr 7-də Xaçmaz
rayonunun Fərzəlioba kənd qəbiristanlığında sonuncu yolçuluğuna uğurlandı. Mən fəxr edirəm ki, qardaşım hərbi xidmətini
layiqincə, kişi kimi başa vurub. Vətənə borcunu Şərəflə, vicdanla yerinə
yetirib".
Qeyd etmək istəyirəm
ki, şəhid Şixmuradov Kamil Şixəmməd oğlu ölümündən sonra "Azərbaycan bayrağı”
ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə də təltif
olunub.
Xanım Aydın