• şənbə, 27 Aprel, 07:25
  • Baku Bakı 12°C

Valyutadəyişmə məntəqələri bərpa olunur?

17.05.16 11:02 1994
Valyutadəyişmə məntəqələri bərpa olunur?
Bu ilin əvvəlində fəaliyyəti dayandırılan valyutadəyişmə məntəqələrinin yenidən işə başlaması məsələsi gündəmə gəlib. Musavat.com-un məlumatına görə, Bakının müxtəlif yerlərində bağlanan "exchange”lər artıq bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb. Xatırladaq ki, valyutadəyişmə məntəqələri bağlanan zaman onların süni bahalaşma yaratması səbəb olaraq göstərilmişdi.
Ekspertlər isə valyutadəyişmə məntəqələrinin bağlanmasının tərəfdarı olmadıqlarını bildirirdilər. Bu məntəqələrin olmamasının mənfi tərəfləri Novruz bayramı tətilində daha çox hiss olundu. Belə ki, valyuta dəyişmək yalnız banklar tərəfindən icra edilirdi. Banklar isə bayram və istirahət günlərində fəaliyyət göstərmirlər. Buna görə də xarici valyuta ilə ölkəmizə gələn turistlər tətil günlərində valyutalarını dəyişməklə bağlı çətinliklə üzləşdilər.
Bu problemin yaranmasından sonra bəzi banklarda iş saatı uzadılsa da, yenə də yetərli olmadı. Və artıq valyutadəyişmə məntəqələrinin bərpası məsələsi gündəmə gəlib. Bu məntəqələr həqiqətən də bərpa olunacaqmı? Onların bərpa olunması hansı zərurətdən doğur? Bu məntəqələrin bağlanmasını zəruri edən problemlər aradan qalxıbmı? Yoxsa bağlanması daha da çox problemlər yaratdı?
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, 2000-ci illərin əvvəllərində valyutadəyişmə məntəqələrinin banklara bağlılığı yox idi. O zaman sui-istifadə halları olurdu: "Valyutadəyişmə məntəqələri şənbə-bazar günləri də fəaliyyət göstərirdilər. Həmin ərəfədə valyutanın kursuna da öz xeyirlərinə təsir edirdilər. Ona görə də Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin banklara məxsus olması ilə bağlı qərar çıxardı. Bir çoxları bağlandı, bir çoxları isə bankların nəzdinə keçdi. Əvvəl valyutadəyişmə məntəqəsi lisenziya əsasında fəaliyyətdə olan hansısa şəxsə mənsub idisə, artıq banka məxsus oldu. Bank kursa uyğun olaraq məntəqələrdə məzənnəni tənzimləyir”.
R.Ağayev deyir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi həm banklar, həm də müştərilərin xeyrinə idi: "İlin əvvəlində valyuta axınının qarşısını almaq üçün valyutadəyişmə məntəqələrini bağladılar. Bunun isə çətinlikləri də yarandı. Çünki bankların özləri də valyutadəyişmə məntəqələrini işlədirdilər, ordan da gəlir əldə edirdilər. İkincisi isə müştərilərin işi də rahat olurdu. Valyuta dəyişmək üçün banka deyil, daha yaxında olan bir məntəqəyə müraciət edirdilər. Valyutadəyişmə məntəqələri həftə sonları günün müəyyən bir hissəsi işləyirdilər, iş günlərində isə banklardan daha gec saatlaradək fəaliyyət göstərirdilər. Amma bankda saat 17.00-də əməliyyatlar dayandırılır. Bu saatdan sonra valyuta dəyişmək mümkün olmur”.
R.Ağayevin sözlərinə görə, yay aylarında ölkəmizə turist axını olacağı üçün valyutadəyişmə məsələsində olan problem aradan qaldırılmalıdır: "Turistlər valyuta dəyişə bilməsələr, dollarla heç bir çörək də ala bilmirlər. Əgə həftə sonu gəliblərsə, iş gününü gözləməlidirlər ki, valyuta dəyişib istirahət etsinlər. Bu isə arzuolunmaz haldır. Hamısı olmasa da, valyutadəyişmə məntəqələrinin müəyyən bir hissəsinin fəaliyyətinin bərpa olunması lazımdır. Bu, bankın özü üçün yaxşıdır. Həm qazanc gətirir, həm də müştərilərin işini asanlaşdırır”.
İqtisadçı ekspert Samir Əliyev isə bildirdi ki, mətbuatda yanlış olaraq valyutadəyişmə məntəqələrinin ləğv olunmasından sonra bu işin banklara həvalə edilməsi qeyd olunur. Əslində isə banklar həmişə valyutadəyişmə işini həyata keçiriblər: "Əvvəl də bu bankların funksiyasına daxil idi, əvvəl də banklar valyuta satırdı. Sadəcə, insanlar banklara getmirdi. Çünki valyutadəyişmə məntəqələri daha yaxında olurdu, həm də burada faiz vətəndaşlar üçün daha əlverişli olub. Ona görə də bankda valyuta dəyişməyə ancaq hansısa bankla bağlı əməliyyata ehtiyac olanda müraciət edirdilər”.
S.Əliyev deyir ki, valtuyadəyişmə məntəqələrinin bağlanması ilə bağlı Mərkəzi Bankın qərarını çıxılmaz addım kimi qiymətləndirmək olar: "Bu, düzgün addım deyildi. Bunu daha çox çıxılmaz addım kimi dəyərləndirmək olar. Həmin dövrdə güclü kapital axını olduğu üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini bağladı. Valyutadəyişmə məntəqələrində olan pulun heç də hamısı banklara daxil olmurdu. Banklara daxil olmadan böyük həcmdə pullar valyutadəyişmə məntəqələri vasitəsilə çevrilib ölkədən çıxarılır, yaxud yastıq altına yığılırdı və s. Məcburiyyətdən bu addımı atıb bağladılar. Amma bunun vətəndaşlara ziyanı oldu”.
S.Əliyev deyir ki, valyutadəyişmə məntəqələrinin bağlanmasının davamı olaraq "qara bazar”ın yaranması gözlənilən idi və yarandı da: "Amma "qara bazar”ın qarşısı alınmadı. Məlum oldu ki bu gün "qara bazar”dan dollar alıb-satmaq daha sərfəlidir, nəinki bankdan. Çünki məzənnə "qara bazar”da daha sərfəli olur. Ona görə də düşünürəm ki, vayutadəyişmə məntəqələri bərpa edilməlidir. Banklar şənbə-bazar günləri işləmir. Həftənin 5 günü saat 5-6-ya kimi işləyir. Valyutadəyişmə məntəqələri gecə saat 11-12-yə kimi işləyirdi. Düzdür, 3-4 bankın filialları 24 saat fəaliyyət göstərirdi. Amma onu axtarıb tapınca problem yaradırdı. Yaxşı olar ki, onlar bərpa edilsin. Valyutadəyişmə məntəqələrinin bərpa olunması nəzarət etmək imkanını artırır. Çünki "qara bazar”a nəzarət etmək çox çətindir. Bu gün "qara bazar” kifayət qədər üstünlüyü ələ alıb. Bu proseslərin nəzarətdən kənar baş verməsinə gətirib çıxarır. Bu məntəqələrin fəaliyyəti bərpa edilsə də, əvvəllki ilə müqayisədə nəzarət sərtləşdirilməlidir”.
İqtisadçı onu da bildirdi ki, valyutadəyişmə məntəqələrinin müəyyən bir qisminin, yaxud hamısının fəaliyyət göstərməsi o qədər də önəmli məsələ deyil: "Burada say əhəmiyyət daşımır. Valyutadəyişmə məntəqəsi valyutanı alıb-satmaq işini icra edir. Əgər alıb-satanlar olmasa, onlar da fəaliyyət göstərməzlər. Say çoxdursa, deməli, tələbat yüksəkdir. Tələbat olan qədər fəaliyyət göstərə bilər. İnsanların işini rahatladır, rəqabət yaradır. O baxımdan say cəhətdən məhdudiyyətə ehtiyac yoxdur. Əsas odur ki, nəzarət edilsin”.
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının Sədrinin müşaviri Rüfət Abbasov isə bildirdi ki,banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər