AZE | RUS | ENG |

UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olunub

UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olunub
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək.
Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar növbəti iclas keçirildi. Toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak edirdi.
Ə.Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Təşkilat komitəsinin sədri vurğuladı ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir. Komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: "Bütün dünyanı əhatə edən İrs Komitəsi üzvlərinin ölkəmizə səfəri mədəniyyət, turizm və ümumiyyətlə, Təşkilat komitəsində təmsil olunan qurumların qarşısında böyük vəzifələr qoyur. Bakıya gələcək 3000 nəfərdən çox qonaq şəhərimizi gəzəcək, muzeyləri, qoruqları, restoranları və tarixi abidələri ziyarət edəcək. Bu ziyarətçilər dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur və müzakirə edilir. Bu səbəbdən də bütün teatr və konsert müəssisələri, muzeylərimiz, qoruq və tarixi məkanlarımız öz işini dünya tələblərinə uyğun quraraq bu günlərdə daha məsuliyyətlə fəaliyyət göstərməlidirlər. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir”.

Qeyd olundu ki, hotellər qonaqları qarşılamağa tam hazır olmalıdırlar. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.
Vurğulandı ki, sessiyanın açılış mərasimi Qoşa Qala qapısında açıq havada reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq: "Sessiya çərçivəsində "Gənc peşəkarların forumu” və "Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda da bu sessiyaya hazırlıq işləri yekunlaşdırılmalıdır. Bölgələrdə fəaliyyət göstərən muzey və qoruqlar, mədəni məkanlar qonaqlara yüksək səviyyədə xidmət göstərməlidir. Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır”.
Ə.Qarayev sessiya günlərində xüsusi tamaşa və etnoqrafik filmlərin nümayişi ilə yanaşı, ölkəmizin təbliği məqsədilə nəşrlərin hazırlanması barədə də tapşırıqlarını verib.
Sonra iclas qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933