“Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır!”
19.11.19 17:18
2545
BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili”nə həsr
olunmuş geniş tədbir keçirilib
Noyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın
böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi
ili”nə həsr olunmuş "Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun
dövranıdır!” adlı geniş tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov,təhsil nazirinin müavini Firudin
Qurbanov, "Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona
Vəliyeva, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri,
Xalq artisti Rasim Balayev, təhsil
eksperti, professor Şahlar Əsgərov, media strukturlarının rəhbərləri iştirak
ediblər.
Tədbirdən
əvvəl iştirakçılar universitetin foyesində "Tusi” Tərtibat və Dizayn Mərkəzi tərəfindən
təşkil edilmiş "Nəsimi-650”
adlı sərgi ilə tanış olublar.
Tədbiri
giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, Prezident
İlham Əliyev 2018-ci il noyabr ayının 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Sərəncam
imzalayıb. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş
etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri
üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana
gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində
olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli
ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı
tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri
sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti
və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist
ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində
unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan
almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün
dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra
xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsimi
irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin
70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə
münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə
bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri
siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin
dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin
daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin
yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan
ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində
şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə
YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və
2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat
festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin
ehtiramın ifadəsi hesab oluna bilər. İmadəddin Nəsiminin adı həqiqət naminə,
fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq
xalqlarının yaddaşında yaşamaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev bu il
yanvar ayının 11-də Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan
edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan xalqının çoxəsrlik ənənələrə
malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin
zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə
malikdir. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer
tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi
Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin
əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri dövlət
başçımızın "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi
tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. Bizim bu gün
BSU-da keçirdiyimiz bu tədbir də yuxarıda qeyd etdiyim sərəncamlara uyğun
olaraq keçirilir. BSU-da bugünədək Nəsimi ilə bağlı müxtəlif tədbirlər
keçirilib və biz bu tədbirlərin keçirilməsini öz müqəddəs mənəvi və vətəndaşlıq
borcumuz hesab edirik. İmadəddin Nəsimi həm Azərbaycan ədəbiyyatının, həm də
dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yaradıcılığı, irəli sürdüyü
mütərəqqi ideyalar həmişə aktualdır, müasir dövrümüzlə səsləşir.
Tədbirdə
çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin
baş elmi işçisi, professor Rəhim Əliyev tədbirin yüksək səviyyədə təşkil edilməsinə
görə BSU-nun rəhbərliyinə minnətdarlıq edib. Professor R.Əliyev öz maraqlı və məzmunlu
çıxışında qüdrətli söz ustadı, böyük mütəfəkkir Nəsiminin həyat və
yaradıcılığı, eləcə də hürufilik fəlsəfi təliminin mahiyyəti haqqında ətraflı məlumat
verib. Onun çıxışında şairin zəngin bədii-fəlsəfi irsi ətraflı təhlil edilib,
ümumbəşəri səciyyə daşıdığı xüsusi vurğulanıb.
Filologiya
üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışında azadlıq ideyalarının Nəsimi
yaradıcılığında öz geniş əksini tapdığını qeyd edib.
Xalq
artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin
keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin
kollektivinə uğurlar arzulayıb.
Sonra tədbir
bədii-musiqili hissə ilə davam edib. Azərbaycan əsilli
tanınmış musiqiçiSami
Yusifin İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırladığı musiqili kompozisiyasının videosu təqdim edilib. "Dərviş
qrupu”nun solisti Zeynal Əhmədovun ifasında "Bayatı-Şiraz”
müğamı səslənib. Ümid Abbaszadənin rejissorluğu ilə BSU-nun tələbələrinin hazırladıqları
"Nəsimi və bəşəriyyət” adlı bədii kompozisiya nümayiş olunub. BSU-nun xoreoqrafı
Əli Natiqoğlunun hazırladığı Nəsimiyə həsr olunmuş pantomim rəqsi "Arzu” rəqs
ansamblı və "Dərviş qrupu” tərəfindən ifa edilib.