Ulduz almaq günün tələbi olacaqsa...
"Azərbaycanda hotellərin
ulduz alması prosesi könüllüdür, onun məcburi olması hazırda gündəmdə deyil”. BunuDövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan
Quluzadə deyib. Onun sözlərinə görə, hotellərin təsnifatlaşdırılması prosesi
könüllü olsa da, ulduz almaq günün tələbi olacaq: "Ulduzu olmayan bir hotelin
müştərisi də az olacaq. Turist hoteldən yer sifariş edəndə ulduza fikir verir”.
Şöbə rəhbəri qeyd edib ki,
Azərbaycanda bu gün hotellərə ulduzların verilməsini şərtləndirən mexanizm
yoxdur. Ona görə də, Azərbaycan Hotellər Assosiasiyası yaradılıb və bu prosesin
həyata keçirilməsi həmin qurum tərəfindən reallaşdırılacaq.
O həmçinin bildirib ki,
Dövlət Turizm Agentliyi hotellərin təsnifatlaşdırılması prosesində tərəf kimi
iştirak etməyəcək. Agentlik bu prosesə yalnız dəstək verəcək: "Agentlik olaraq,
biz bu sistemin ictimai qurum tərəfindən həyata keçirilməsini istəyirik.
Azərbaycan Hotellər Assosiasiyası Avropa Hotellər Assosiasiyasının üzvü olacaq.
Təsnifatlaşdırmanı da avropalı mütəxəssislər aparacaqlar ki, heç kimin
tərəfkeşliyə şübhəsi qalmasın. Proses şəffaf olacaq”.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Hotel
Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlamın sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq.
Buna görə də, ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək. AHA rəsmisi
əlavə edbi ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək
və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi
müəyyənləşəcək. G. Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel
sahiblərinə əvvəlcədən məlumatlar veriləcək: "Bununla bağlı internet saytda
məlumatlar yerləşdirəcəyik. Otelçilər sayta daxil olaraq, təsnifatlaşdırma
zamanı hansı kriteriyalara diqqət yetiriləcəyini oxuyub, prosesə daha yaxşı
hazırlaşa biləcəklər. Ona görə də, məncə, otellər üçün bu proses çətin
olmayacaq".
Assosiasiyanın
baş icraçı direktoru bildirib ki, hotellər köhnə sistemlə aldıqları ulduzları
dəyişməlidirlər. O, ulduz təsnifatlaşdırma sisteminin gələn ilin
sentyabr-dekabr aylarından başlanacağını da söyləyib: "Biz milli ulduz sistemini
yaradırıq. Bununla bağlı Avropa təcrübəsini əsas götürmüşük". G. Sağlam
əlavə edib ki, ulduz təsnifatlaşdırılmasından keçməyən hotellərə bu prosesdən
təkrar keçmək üçün vaxt veriləcək: "Bizim əsas işimiz hotelləri qorxutmaq
deyil, onlara dəstək verməkdir. Marketinq məqsədilə həyata keçirilən ulduzalma
prosesi hotellərin regional, dünya miqyasında tanınmasına xidmət
edəcək".
Yeni təsnifatlaşma sisteminin
hotellərin fəaliyyətinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
"Ramada Plaza Gəncə” otelinin
baş meneceri Emin Həsənov otellərlə bağlı belə addımın çoxdan atılmalı
olduğunu qeyd etdi: "Bu, çox vacib
məsələdir. Çünki hazırda bir çox otellər sahib olduqları ulduzlardan daha aşağı
xidmət göstərirlər. Misal üçün, 3 ulduzlu xidmət səviyyəsi olan otel 4 ulduz
alır. Ona görə ki, bu ulduzalma prosesində hər hansı təsnifatlaşma mexanizmi
yox idi. Var idisə də, tətbiq edilmirdi. Amma bundan sonra fərqli olacaq. AHA
bu təsnifatlaşdırma işini həyata keçirəcək. Düşünürəm ki, bu təqdirəlayiq
haldır. Mən hazırda 5 ulduzlu otelin meneceriyəm və xidmət səviyyəmiz
ulduzumuza layiqdir. Amma servisdə bizdən aşağı olan başqa otellə eyni ulduza
sahib olmaq "niyə?” sualları doğururdu. Təsnifatlaşma zamanı konkret şərtlər
olacaq. Məsələn, qeydiyyat şöbəsinin 24 saat işləməsi, fitnes və SPA
mərkəzinin, internetin olması, otaqların genişliyi, gecə xidməti ulduzun
verilməsinə təsir edən amillərdir. Əgər həyata keçirilən tədbirlər obyektiv
olsa, hər şey öz yerini tapacaq. Təsnifatlaşmanın Avropa standartlarına uyğun
aparılması müəyyən çərçivələrin tətbiq ediləcəyini və bazarda yalnız həmin
çərçivələrə uyğun otellərin qalacağını göstərir. Otellər də bundan sonra xidmət
səviyyələrinə uyğun ulduz alacaqlar. Əslində, burada narahat olunacaq bir məqam
yoxdur. Şəxsən bizim üçün bu, qeyri-adi bir addım deyil. Biz bunu çox müsbət
qiymətləndiririk. Çünki artıq uzun müddətdir ki, bu sahədə fəaliyyət göstəririk
və xidmətimiz də ulduzumuza tam uyğundur. Məncə, təsnifatlaşma zamanı bu sahədə
qeyri-peşəkarlar problem yaşayacaqlar”.
Həmsöhbətimiz
bu addımın otellərin işinə mane olmaq üçün yox, əksinə onlara kömək etmək üçün
atıldığını deyir: "Düşünmürəm ki, bu, otellərin işinə mane olacaq, əksinə,
onların xidmətinin yüksəlməsinə, keyfiyyətli iş görməsinə kömək olacaq. İş
prosesində olan bəzi səhvlərin aradan qalxmasına şərait yaradacaq”.
Dünya Sağlamlıq Turizm Təşkilatının prezidenti
Ruslan Quliyev qeyd etdi ki, bu addım hotellərin daha
professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir edəcək: "Bu,
bütün dünyada aktual olan və turizm sənayesini düşündürən bir məsələdir.
Xüsusilə də xidmətin keyfiyyət səviyyəsini artırmaq üçün nəzərdə tutulub.
Turizm sektorunda hotel olduqca vacib nüanslardan biridir. Təbii ki, hər bir hotel
göstərdiyi xidmətin keyfiyyət səviyyəsinə uyğun ulduz almalıdır. Bu, birdəfəlik
medal deyil. Bir neçə ildən bir keçirilən akkreditasiya nəticəsində bəzi
mehmanxanaların ulduzlarının sayı artırıla və ya azaldıla bilər. Avropa
təcrübəsinin də tətbiq olunması təqdirəlayiqdir. Çünki bir neçə ildir ki,
Bakıda və regionlarda hotellərin sayı artıb. Həmin hotellər heç nəyə
əsaslanmadan, heç bir müqavilə öhdəliyi olmadan ulduz qoyurlar. Düşünürəm ki,
təsnifatlaşma bu sahədə olan problemlərin aradan qalxmasına, hotellərin daha
professional müstəvidə xidmət göstərməsinə əhəmiyyətli təsir
edəcək”.
Turizm üzrə ekspert Müzəffər
Ağakərimovvurğuladı ki, təsnifatlaşma işində bəzi
suallar ortaya çıxır: "Lisenziya vermək məsələsi ləğv edildikdən sonra
hotellərin sayında ciddi artım oldu. Hotellərin sayında kəmiyyət baxımdan artım
var, amma həmin artım keyfiyyətdə yoxdur. Təbii ki, bunlara nəzarət edəcək bir
qurum, mexanizm olmalıdır. Burada qaranlıq qalan bir məqam da var. Hotellərə
ulduzların verilməsi ödənişli olacaq, yoxsa, heç bir maddi vəsait ödəmədən
həmin ulduzları əldə edəcəklər? Həmçinin ulduzların verilməsi hansı meyarlara
görə olacaq? Tutaq ki, hansısa bir hotelə xidmət səviyyəsinə görə 4 ulduz
verilir. Yəni həmin xidmətin 4 ulduza uyğun olduğunu nəyə əsasən müəyyən edəcəklər?”
Ekspert
bu kimi işlərin məcburi olmamağının tərəfdarıdır: "Lisenziya ləğv edildiyi
üçün heç bir hotel sahibini bu cür təsnifatlaşmaya qoşulmağa məcbur etmək
olmaz. Bu iş tam könüllü olmalıdır. Ən başlıcası isə turizm sahəsində hər hansı
qərarı qəbul etdikdə, bunu müxtəlif turizm qurumları ilə məsləhətləşərək etmək
lazımdır. Geniş müzakirələr keçirməklə, fərqli insanların fikirləri alınaraq
bir nəticəyə gəlinməlidir”.
Günel
Azadə