• şənbə, 27 Aprel, 03:27
  • Baku Bakı 14°C

Türkiyəli qonaqlar SKSP-də olublar

03.12.14 20:16 1121
Türkiyəli qonaqlar SKSP-də olublar
Bakıda keçirilən "BakuTel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşığın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-də Sumqayıtda bir sıra istehsal müəssisələrində olub. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, qonaqlar əvvəlcə “Gilan” Tekstil Parkında olublar. Onlara məlumat verilib ki, Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. "Gilan" Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.
Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı Türkiyəli qonaqlara məlumat verilib ki, parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Qonaqlar üçün parkın fəaliyyətinə dair 3D formatında film nümayiş olunub. Diqqətə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin polad boru zavodu burada fəaliyyət göstərir. Eyni zamanda, daha iki zavodun inşasına başlanılıb. SKSP-nin digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən istehsal avadanlıqlarının gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır. Bunlarla yanaşı, hazırda Sumqayıt Kimya Sənaye Parkının sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın inşası davam etdirilir, yaxın vaxtlarda isə Peşə Tədris Mərkəzinin və 3 emalatxananın tikintisinə başlanılacaqdır.
Türkiyə nümayəndə heyəti həmçinin, Sumqayıt Texnologiyalar Parkında (STP) olub. 2009-cu ildən fəaliyyət göstərən STP Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Burada müəssisələrin sayının 30-a çatdırılması nəzərdə tutulur. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilmiş, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.
Sənaye parklarında görülən işlər və burada investorlar üçün yaradılmış əlverişli şərait türkiyəli qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər