• cümə, 26 Aprel, 23:19
  • Baku Bakı 22°C

Türkiyə ilə Azərbaycan arasında daha bir mühüm anlaşma

03.06.14 10:07 1336
Türkiyə ilə Azərbaycan arasında daha bir mühüm anlaşma
Gündəmdə olan məsələlərdən biri də “Şahdəniz-2” və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrində Türkiyənin payının artırılması ilə bağlı razılaşmadır. Türkiyə və Azərbaycan arasında yeni mərhələnin başlanğıcı hesab edilən razılaşmaya əsasən, Türkiyə “Şahdəniz 2” layihəsində payını 19 faizə, TANAP-da isə 30 faizə yüksəltdi.
Razılaşmanın həm də siyasi dividentlərinin olduğunu deyənlər var. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Türkiyədə keçirilən imzalanma mərasimi zamanı öz çıxışında bildirib ki, Azərbaycan özünün enerji strategiyasını başlayanda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsində Türkiyənin payı cəmi 5 faiz idi: “Lakin ulu öndər Heydər Əliyev o zamanlar Türkiyə ilə dostluğu, qardaşlığı nəzərə alaraq, Azərbaycanın payından 1,75 faizini TPAO-ya verdi”. N.Əliyevin sözlərinə görə, yeni sənədlərin imzalanması Azərbaycan-Türkiyə münasibətləri tarixində vacib hadisədir: “İmzalanmış sənədlər arasında ən vacibləri Türkiyənin “Şahdəniz” layihəsində və Cənubi Qafqaz qaz kəmərində, eləcə də TANAP layihəsində payının artmasıdır.
45 milyard dollar həcmində investisiya tələb edən “Cənub Qaz Dəhlizi” layihəsi və onun tərkib hissəsi olan TANAP Xəzər və Aralıq dənizi regionlarının ən iri enerji layihələridir”.
Nazir qeyd edib ki, tikintisi 2015-ci ilin aprelinə nəzərdə tutulan TANAP minlərlə yeni iş yerinin açılmasına töhfə verəcək, tədarüklər üzrə əməliyyatlar isə Türkiyəyə böyük mənfəət və gəlirlər qazandıracaq.
N.Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropaya karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana da Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə bildirib ki, Türkiyə və Azərbaycan arasında çox önəmli sazişə imza atılıb. Nazir deyib ki, TANAP həm Avropa ölkələri, həm də Türkiyə üçün vazkeçilməz layihədir: “Siyasi qeyri-sabitliklər TANAP-ı daha vacib edib. Bu baxımdan, 2018-ci ilin sonunda “Şahdəniz” qazı Türkiyədə ümumilikdə istifadə olunan qazın 25 faizini təşkil edəcək. Hazırda bu səviyyə 15 faizə yaxındır”. Taner Yıldız qeyd edib ki, Türkiyə “Şahdəniz-2” və TANAP layihələrində payının artırılması qarşılığında 1 milyard 450 milyon dollar ödəyəcək.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində “Şahdəniz-2” və “TransAnadolu” Təbii Qaz Boru Kəməri (TANAP) layihələrində payların artırılması ilə bağlı imzalanan sənədə görə Türkiyə tərəfinin “Şahdəniz 2” layihəsindəki payı 9 faizdən 19 faizə, TANAP layihəsindəki payı isə 20 faizdən 30 faizə qədər artırılıb. Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan “Şahdəniz-2”-dən çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP vasitəsilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır. İllik 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək. 10 mlrd. kubmetr qaz isə “TransAdriatik” Qaz Boru Xətti (TAP) ilə Avropaya daşınacaq.
Türkiyənin mərasimdə çıxış edən baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, razılaşma sənədi TANAP layihəsinin həyata keçirilməsi istiqamətində mühüm bir addımdır. Baş nazir deyib: “Biz TANAP layihəsini sadəcə ticarət, sərmayə kimi dəyərləndirmirik. TANAP-ın Türkiyə və Azərbaycan arasında olduğu qədər, Avropa ölkələri ilə də uzunmüddətli, güclü və sağlam münasibətlər yaradacaq bir layihə olacağına inanırıq. TANAP gələcəyə yönəlmiş bir layihədir. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyəyə satılacaq. Bu yataqdan tədarük olunan təbii qazın 10 milyard kubmetrinin Türkiyə üzərindən TANAP vasitəsilə Avropaya nəqli planlaşdırılır. Sonrakı mərhələlərdə isə Xəzər dənizinin Azərbaycan hissəsində olan digər yataqlardan əldə olunan təbii qaz resurslarının da bu boru xəttinə yönləndirilməsi nəzərdə tutulur”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə bildirib ki, “Şahdəniz”in işlənməsi layihəsi və TANAP layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyəyə böyük gəlirlər gətirəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Bakı Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın layihədəki payını satması onun üçün maddi baxımdan itki sayılmamalıdır. Ekspertin fikrincə, əksinə, ölkə bununla maliyyə risklərinin bölüşdürülməsi baxımından qazanc əldə edib: “Ona görə ki, TANAP həddən artıq kapitalyönümlü bir layihədir. Çünki layihənin ilkin qiyməti təqribən 12 milyard dollara yaxındır. Təbii ki, bu, etap-etap genişləndiriləcək və bütün bunlar maliyyə vəsaiti tələb edir. ARDNŞ əvvəlcədən elan etmişdi ki, öz payının 51 faizədək azalmasında maraqlıdır. Ona görə şirkətlərlə danışıqlar aparırdı. O üzdən hesab edirəm ki, Türkiyənin TANAP-da payını 10 faiz artırması ARDNŞ-nin strategiyasına uyğun idi. Maliyyə risklərinin bölüşdürülməsində bu addımın atılması çox önəmli əhəmiyyətə malikdir. Ona görə də yeni bağlanan sazişi çox normal qarşılayıram”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər