• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

Türkdilli dövlətlərin vahid media məkanı

09.05.19 10:00 1608
Türkdilli dövlətlərin vahid media məkanı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında səslənən təkliflər və müzakirə edilən məsələlər Türk Şurasına üzv ölkələrin çoxdan haqqında danışılan vahid informasiya mərkəzinin yaradılması məsələsini yenidən gündəmə gətirib.Xatırladaq ki, on il bundan əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısı Qazaxıstanın Astana şəhərində keçirilib. Həmin toplantıda üzv dövlətlərin televiziya və informasiya qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə xeyli iş görülüb. Bakıdakı toplantıda da müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi olub.
Bakıda keçirilən toplantıda çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əməkdaşlıq mühitinin Şuranın əldə etdiyi ən böyük nəticə olduğunu qeyd edib: "Televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın”. Prezidentin köməkçisi vahid türkdilli televiziyanın yaradılması təşəbbüsünün dörd ildir ki, müzakirə olunduğunu qeyd edib: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir”.
Ə.Həsənov Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsinin labüd olduğunu vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Ona görə hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir”. Bu gün dünyada islamofobiya meyillərinin gücləndiyini, İslam dininə qarşı çirkin kampaniya aparıldığını qeyd edən Ə.Həsənov bildirib ki, müsəlman ölkələri, xalqları terrorla eyniləşdirilir, onların mövcud multikultural dəyərləri, mədəniyyətləri, gözəl adət-ənənələri mənfi çalarda təqdim edilir: "Biz bu məsələdə də vahid mövqedən çıxış etməliyik”.
Türk coğrafiyasının dünyanın tanımalı olduğu şəxsiyyətləri olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, dünya bu cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə bağlı filmlər türk, rus və ingilis dillərində olmalıdır. Ortaq türk kanalı ilə bağlı danışan Ə.Həsənov TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsinin prezidentlərin qərarından asılı olduğunu deyib və "Euronews” nümunəsini misal çəkərək bu kanalda müxtəlif dövlətlərin səhmləri olduğunu deyib. Türk Şurasına üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirər. Belə ki, Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır: "Forumda təkcə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır. İnformasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyəti böyükdür”.
Türk Şurasının vahid media məkanının yaradılması ideyası, bu sahədə görüləcək işlər ziyalılar arasında müzakirələrə yol açıb.
Türk dünyasındakı yerimiz
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlivahid türkdilli kanalın yaradılmasını son dərəcə vacib və əhəmiyyətli addım kimi dəyərləndirir: «Başımıza gələn hadisələrin, məsələn, Qarabağ hadisələrinin yalnız bizim telekanallarda özümüz üçün yayımlanması o qədər də səmərə vermir. Ancaq vahid kanalın türk dünyası arealında yayımlanması, bu tip hadisələrin geniş ictimaiyyətə çatdırılması yaxşı təşəbbüs və ideyadır. Bir neçə il bundan əvvəl TRT AVAZ kanalı ilə İctimai TV-nin ortaq layihəsinin davam etdiyi müddətdə bizim verilişlərə Orta Asiya ölkələri, Türkiyə tamaşaçıları baxırdı. Orta Asiya ölkələrində – türk dünyasının ciddi bir nöqtəsində Azərbaycana aid verilişlərin yayımlanması çox vacibdir. Türkiyə bizə nə qədər doğmadırsa, bütövlükdə türk dünyası da o qədər doğmadır. Ona görə telekanallarımızın bu areallarda yayımlanması çox əhəmiyyətli olar. Gəlin, etiraf edək ki, Azərbaycan telekanalları peyklə yayılsa belə, dünyadakı telekanal çoxluğunun içərisində ciddi şəkildə seçilmək məsələsi çətindir. Ancaq türk dünyasında bizim yerimiz var, türk dünyası bizim doğma diyarımızdır. Bu baxımdan Türk Şurasının toplantısında səsləndirilən bütün ideyaların tərəfdarıyam».
Ortaq keçmişdən ortaq gələcəyə gedən yol
"Bu mühüm təklifin gec olmayan zaman içində və müvafiq mexanizmlər əsasında gerçəkləşəcəyinə çox inanıram” - deyən Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı hesab edir ki, təklif gerçəkləşəcəyi halda, qardaş ölkələr bir-birinin informasiyasını üçüncü ölkə informasiya resurslarından deyil, birbaşa əldə etmək imkanına malik olacaq: "Bundan başqa, qar­daş ölkə və topluluqlar bir-birinin ictimai həyatı, mədəni irsi, başqa yenilikləri, habelə televiziya işi sahəsində təcrübə mübadiləsi aparmaq, bir sözlə, bü­tün əməli fəaliyyət sahələri üzrə bilgiləri gündəlik və birbaşa əldə etmək imkanına yiyələnəcək. Bu isə ortaq türkcə, ortaq əlifba yolunda, ümumən ortaq keçmişdən ortaq gələcəyə gedən şərəfli və məsuliyyətli yolda daha konkret nəticələrə gətirib çıxara biləcək. Mən öz fəaliyyətimlə əlaqədar qardaş ölkələrdə və topluluqlarda tez-tez səfərlərdə oluram və əlbəttə, tələbə-gənclərlə, yazarlarla, ictimai fikri qidalandıran insanlar və başqaları ilə fikir mübadiləsinə qatılıram. Bu anlamda, Azərbaycan Prezidentinin köməkçisi tərəfindən irəli sürülmüş təklifin nə qədər coşqu və sevgi ilə qarşılanacağını aydın təsəvvür edirəm”.
Ə.Qoşalının fikrincə, ərazi bütövlüyü pozulmuş, elan olunmamış müharibəyə cəlb edilmiş ölkə olaraq, bizim belə bir gündəlik tele-mübadiləyə çox ehtiyacımız var: "Ancaq Türk Şurasının üzvü olan digər ölkələrin də öz həqiqətlərini, problem və uğurlarını yaymaq, turizm axınını gücləndirmək və s. baxımından qazanacaqları az olma­yacaq. Bir də, "niyə”siz, "necə”siz bir yanaşma ilə söyləsək, axı biz canbir, qanbir qardaşlarıq. Qardaş qardaşını başqaları vasitəsi ilə deyil, birbaşa tanımalıdır, özü də yaxşı tanımalıdır, ruhubir olmalıdır. İndiki dövrdə isə bir-birini yaxından tanımaq önəmli dərəcədə televiziyalardan, virtual aləmdən, İKT-dən keçir.Bu mənada ortaq telefilmlərin, sənədli filmlərin çəkilməsi, ümumən kino təsərrüfatımızın bir-birinə qay­nayıb-qarışması ayrı bir hadisə olardı. Çünki filmlərin yaddaşda buraxdığı iz, film qəhrəmanlarının adlarından tutmuş həyat kredolarının, mübarizələrinin yayılmasınadək heç bir şey gözdən kənarda qala bilməz. Belə yayılma bizlər üçün bir neçə mənada önəm kəsb edə bilər. Həm yabançı axınlara qarşı duruşumuzu gücləndirərik, həm ümumtürk immunitetini qüvvət­ləndirərik, həm də ortaq dəyərlərimizi təbliğ edər, universallaşdırarıq”.
Ə.Qoşalı hesab edir ki, belə addımlar müəyyən fikir ayrılıqlarına, anlaşmazlıqlara da izah verər, tarixə və gələcəyə ortaq baxışın formalaşmasına ciddi kömək edər. Belə ki, müstəqillik illərində qazanılmış uğurlarla yanaşı, artıq zamanı çatmış növbəti addımları atmaqla (ortaq proqramlar, dərsliklər, yeni filmlər, davamlı tele-radio yayımları və s.) bu məqsədə nail olmaq olar: "Beləliklə, bir neçə ildən sonra biz bir-birimizi sözün bütün mənalarında daha yaxşı anlaya biləcəyik. Ortaq kanalın yaradılmasına gəldikdə, deməliyəm ki, belə bir addım TRT AVAZ-ın timsalında müəyyən qədər ənənə qazanıb; artıq Türk Şurasına üzv dövlətlərin birgə formalaşdıracağı büdcə ilə - ayrıca qərargahı, studiyaları, xüsusi seçilmiş kollektivi olan kanal yaratmaq ümumi işin xeyrinə olardı. Elə başa düşürəm, belə bir kanal üçün ortaq məkan Bakı ola bilər. Hər türk ölkə və topluluğunda isə nümayəndəliklər açıla bilər”.
"Euronews” nümunəsi
Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi toplantıda səsləndirilən təklifləri yüksək dəyərləndirərək, türk dünyasının ortaq mediasının yaradılmasının vacibliyini bildirir: «Bu gün sosial media, Youtube kimi platformalara, mobil telefonlarına inteqrasiyaya qədər bütün media sahələrini əhatə edən ortaq media yaratmaq, o cümlədən TRT AVAZ-ın da onun içərisində olması lazımdır. Ortaq televiziyanın olması üçün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan və s. ölkələrin media işçilərinin, rejissorların, prodüserlərin iştirakı və onların öz proqramlarını təqdim etməsi önəmlidir. Yəni, tutaq ki, Azərbaycandan və ya Özbəkistandan hazırlanan proqramlar bu kanaldan efirə getsə, daha faydalı olar. Bu həm yayımın izlənməsi, həm aktuallıq baxımından önəmlidir, həm də türk toplularının bir-birini daha yaxından tanınması müstəvisində faydalı olar. Ona görə hər ölkənin iştirak edə biləcəyi ortaq bir yayımın olması lazımdır”.
Müşavirin sözlərinə görə, Azərbaycanın tarixi hadisələri – 28 May Respublika Günü, Xocalı faciəsi, Yanvar hadisələri və s. haqda Türkiyə əhalisi o qədər də məlumatlı deyil. O cümlədən digər türkdilli ölkələrin insanlarının da bu barədə bilgiləri azdır. Bunların bir-birlərinə həm də öz dillərindən çatdırılması lazımdır. Avropanın ortaq televiziyası - "Euronews” nümunəsi şəklində həm aktual, həm daimi xəbər axını olan, də həm fərqli ləhcələri efirə çıxaran, hər kəsə alt yazı ilə anlaşılan televiziyaya ehtiyac var. TRT AVAZ-ı bu şəkildə inkişaf etdirib o səviyyəyə çatdırmaq lazımdır”.
İ.Çiftçi hesab edir ki, bu əlaqələr təkcə televiziya ilə məhdudlaşmamalıdır: "Mətbuat, sosial media ilə birlikdə bir layihə kimi həyata keçirilməlidir. Bəlkə bu layihənin mərkəzi də Azərbaycan olmalıdır. "Euronews”un mərkəzi Lion şəhərində olduğu kimi, bu televiziyanın mərkəzi də mütləq paytaxtda deyil, Azərbaycanın hər hansı bir regionunda ola bilər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər