“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu”

“Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu”

Mədəniyyət
18 Oktyabr 2019, 15:52 832
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə 20-21 oktyabr 2019-cu il tarixdə İstanbul Universitetində "Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda Simpozium keçiriləcək.
Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.
Simpoziumun açılış mərasimində İstanbul Universitetinin rektoru, professor Mahmut Ak; Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov; Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev; millət vəkilləri Qənirə Paşayeva və Fazil Mustafa; Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri Fətəli Xan Xoyskinin nəvəsi Kərim Məhəmmədzadə; İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı; Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram və digər qonaqlar iştirak edəcəklər.
Simpoziumun məruzəçiləri arasında türkiyəli alimlərlə yanaşı, Azərbaycanın tanınmış alimləri də yer alıb. Belə ki, tədbirdə professorlar Solmaz Rüstəmova-Tohidi, Nəsib Nəsibli, Mübariz Süleymanlı, Vaqif Sultanlı; dosentlər Firdovsiyyə Əhmədova, Lalə Hacıyeva, Fərhad Cabbarov; tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev Azərbaycan ictimai fikir tarixində dərin iz buraxmış mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında rolu, "Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, həmçinin İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsini və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, sözügedən Simpozium 19-20 sentyabr 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda eyni mövzuda keçirilmiş elmi konfransın davamıdır. Konfransda məruzə ilə çıxış edən 20-dən çox alimin "Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.
Xatırladaq ki, Aİİ öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.