• cümə, 26 Aprel, 06:42
  • Baku Bakı 12°C

“Türk axını” axmaya bilər

30.05.15 12:28 1385
“Türk axını” axmaya bilər
“Türk axını” layihəsinin həyata keçirilməsində problemlər yaranıb. Belə ki, dünən Makedoniya tərəfi ölkədən qaz xəttinin çəkilməsinin Rusiya ilə Avropa İttifaqının (Aİ) razılaşmasından sonra mümkün olacağını bildirib. Qaz xəttinin Makedoniya hissəsini Brüsseldən asılı vəziyyətə salmaq niyyəti barədə “Kurir” nəşrinə müsahibəsində makedoniyalı baş nazir Nikola Qruyevskiy bildirib. Qaz kəməri Makedoniyadan məcburən keçməli olduğundan xəttin Türkiyədə bitməsi variantına baxıla bilər. Milli Energetika Təhlükəsizliyi Fondundan (METF) Aleksey Qrivaç Rusiyanın nəzəri olaraq Makedoniyasız keçinə biləcəyini bildirib. Xəttin Yunanıstandan birbaşa İtaliyanın cənubu ilə birləşdirilməsi mümkündür. Formal olaraq bu xətt Aİ-nin sanksiyalarının təsiri altına düşməsə də, icazənin alınması uzun müddət çəkəcək. Buna baxmayaraq, Ukraynadan keçən tranzit xəttindən Rusiyanın 2020-ci ilə qədər imtina etməsi mümkündür. Qara dənizlə iki xətt inşa edilməklə 32 mlrd. kubmetr qaz Türkiyəyə ötürülə bilər və bunun yarısı Türkiyə, digər yarısı isə Yunanıstan və Bolqarıstana verilə bilər. Bu layihədə minimum əlavə infrastruktur tələbi irəli sürülə bilər. Qeyd edək ki, bir qədər əvvəl Bolqarıstan öz ərazisindən “Cənub axını” layihəsinin keçməsinə etiraz etmişdi. Səbəb isə yenə də Rusiya ilə Aİ arasındakı fikir ayrılıqları olub. Nəticədə “Qazprom” şirkəti “Cənub axını” layihəsindən imtina edib.
Belə bir vaxtda qəfildən Serbiya da Rusiyadan enerji asılılığını azaltmaq niyyətində olduğunu bəyan edib. Bu barədə Serbiyanın baş naziri Aleksandr Vuçiç söyləyib. O bildirib ki, Serbiya Azərbaycanın iri qaz kəməri layihəsini dəstəkləyir. A.Vuçiç ABŞ hakimiyyətinin ölkəyə qaz nəqlinin diversifikasiyası haqqında çağırışlarını dəstəklədiyini söyləyib. “Biz Serbiyaya qaz nəqlini diversifikasiya etməyə hazırıq. Bu, bizim tərəfdaşımız olan ABŞ üçün son dərəcə əhəmiyyətlidir” - deyə baş nazir vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl ABŞ Balkan ölkələrini “Türk axını”ndan Azərbaycan qaz kəməri layihəsinin xeyrinə imtina etməyə çağırıb. Bundan öncə isə bildirilirdi ki, Makedoniya “Türk axını” layihəsinin taleyini həll edə bilər. Lakin Rusiya nəşrləri yazır ki, artıq Azərbaycan qazı İtaliya, Yunanıstan və Bolqarıstan arasında bölünüb. Ekspertlərin qənaətincə, əgər serblər “Türk axını” ilə bağlı mövqelərini müəyyən edə bilməsələr, onda onlar, ümumiyyətlə, qazsız qala bilərlər. Qeyd edilir ki, Birləşmiş Ştatlar Balkan ölkələrini TAP-ın xeyrinə Rusiya layihəsindən imtina etməyə dəvət ediB. ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Emos Hokştayn Yunanıstana səfəri zamanı bəyan edib ki, enerji daşıyıcılarının diversifikasiyası onların təhlükəsizliyinin təmin olunması baxımından ən yaxşı vasitədir. O, əlavə edib ki, ən yaxşı seçim Rusiya qazına alternativ qaz mənbələrinə üstünlük verilməsidir. Maraqlıdır ki, Serbiyanın qazla təminatının 75 faizi Rusiya tərəfindən həyata keçirilir. Məsələn, ötən il serblər 1,36 mlrd. kubmetr Rusiya qazı alıb. 2012-ci ildə imzalanan razılaşmaya görə, 2021-ci ilə qədər il ərzində qazın həcminin 5 mlrd. kubmetr artırılması nəzərdə tutulub. Serbiya “Türk axını” ilə bağlı bir neçə dəfə bəyanat səsləndirib və hər dəfə də onlar bir-birindən fərqlənib. Belə ki, dekabr ayında Demokratik Partiyanın vitse-prezidenti Milan Lapçeviç bəyan edib ki, Serbiya layihəni dəstəkləyir və “Türk axını” vasitəsilə Rusiya qazını almağa ümidvardır. “Bu, Serbiyanı qaz nəqliyyat sisteminin başlıca hissəsinə çevirməyə imkan verə bilər. Eləcə də ölkə layihənin reallaşmasından iqtisadi və enerji mənfəəti əldə edə bilər” –deyə o bəyan edib. Lakin mayın əvvəlində Serbiya prezidenti Tomislav Nikoliç bəyan edib ki, ölkə “Türk axını”nın öz ərazisindən inşasını istəmir. Hətta başqası inşa etsə belə, kəmərin öz ərazisindən keçib getməsinə qarşıdır. “Layihənin Serbiya ərazisindən keçməklə reallaşması mümkün deyil. Nəzərə alaq ki, biz qaz almayacağıq” - deyə prezident vurğulayıb. Az sonra T.Nikoliç bir qədər dəqiqləşdirmə apararaq, bəyan edib ki, Serbiya Rusiya qazına münasibətini müəyyənləşdirməyib və Aİ-nin qərarını gözləyir. T. Nikoliçin bəyanatından sonra mayın 15-də Serbiyanın xarici işlər naziri İviç Daçiç rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra bəyan edib ki, Serbiya “Türk axını” layihəsində maraqlıdır. Serbiyalı nazir əlavə edib ki, hazırda ölkəsi Rusiya qazını yalnız Ukrayna vasitəsilə alır, bu marşrutu isə “Qazprom” bağlamaq niyyətindədir. Rusiya 2019-cu ildə bu ölkə vasitəsilə nəql etdiyi qazı dayandırmaq istəyir. Maraqlıdır ki, “Serbiyaqaz” da “Türk axını”nın reallaşmasında maraqlıdır. Şirkətin rəhbəri Duşan Bayatoviç Avropa İşgüzar Konqresinin illik toplantısında bəyan edib ki, Aİ Rusiyaya olan etimadsızlığı səbəbindən qaz kəmərinin inşasına qarşı çıxmalı deyil. O, əlavə edib ki, infrastruktur olmadığından Cənub-Şərqi Avropaya qazın nəqli ciddi problemlərlə üzləşib. “Ümidvaram ki, Aİ rəhbərliyi bu barədə düşünəcək” –deyə D.Bayatoviç bəyan edib.
Bəzi ekspertlər də bu qənaətdədirlər ki, serblər qeyri-müəyyənliklə ciddi problemlərlə üzləşə bilərlər. Milli enerji təhlükəsizliyi Fondunun direktor müavini Aleksey Qrivaç izah edir ki, Azərbaycandan nəql ediləcək qazın böyük bir qismi bölünüb. Böyük bir hissə- 8 mlrd. kubmetri İtaliya, 1 mlrd. kubmetri isə Yunanıstan və Bolqarıstan alacaq. Lakin Serbiyanın Rusiyadan inciməyə haqqı da var. Belə ki, ötən ilin noyabrında “Qazprom” Serbiyaya nəql etdiyi qazın həcmini 28 faiz azaldıb. Buna səbəb serb tərəfinin yığılıb qalan 224 mln. dollar borcudur. Bəziləri isə bu qənaətdədir ki, “Türk axını”na konkret cavab verməyən və Rusiya, Aİ və ABŞ arasında manevrlər edən Serbiya Rusiya qazının nəqlində daha əlverişli şərtlər əldə etməyə çalışır. Elə dünən də Serbiya bəyan edib ki, qazın nəqlində güzəştlər və daha əlverişli şərtlər əldə etməsinə çalışacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər