• cümə, 26 Aprel, 22:14
  • Baku Bakı 22°C

Turizm sahəsini inkişaf etdirmək üçün əsas prioritetlər

04.07.18 13:55 1722
Turizm sahəsini inkişaf etdirmək üçün əsas prioritetlər
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Turizm və Menecment Universitetində məzunlarla görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüş zamanı agentliyin sədri turizmlə bağlı bəzi məqamlara toxunub: "Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir. Müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarə edilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi" haqqında Fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir”.
F.Nağıyev görüşdə həmçinin agentliyin bundan sonrakı mərhələdə hansı sahələrə daha çox diqqət ayıracağını, hansı sahələrin prioritet seçildiyini də açıqlayıb: "Yeni turizm siyasəti formalaşdırılacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq, daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək, turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək, dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək. Turistlərin məmnunluğunu artırmaq, qalma müddətini uzatmaq və mövsümiliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq. Həmçinin Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün turizm bazarlarında daimi turizm nümayəndəlikləri yaradılacaq”.
Agentliyin sədrinin qeyd etdiyi məsələlərin növbəti mərhələdə turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hansı üstünlükləri gətirəcəyini, həmçinin bu sahədə başqa hansı addımların atılmalı olduğu öyrənməyə çalışdıq.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, ilk olaraq savadlı, işini bilən kadrların yetişdirilməsinə, işin keyfiyyət göstəricilərinin yüksəldilməsinə xüsusi diqqət ayırmaq lazımdır: "Ümumiyyətlə, bu sahənin inkişaf etdirilməsi həm turizm üzrə strateji yol xəritəsində, həm də cənab prezident İlham Əliyevin verdiyi sərəncamlarda öz əksini tapıb. Turizm Şurasının yaradılması və bu kimi digər sərəncamların verilməsi turizmin inkişafında böyük rol oynayır. Digər turizm qurumları da bunlara əsasən işini qurur. Turizm sahəsində aparıcı ölkələrdən birinə çevrilmək üçün hələ çox işlər görülməlidir. Bu işlərin bir çoxu isə strateji yol xəritəsində öz əksini tapıb. 2020-2025-ci illər üçün bizim əsas məqsəd və vəzifələrimizdən biri də dünyanın turizm üzrə 20 aparıcı ölkələri siyahısına Azərbaycanın da adını yazdırmaqdır. Bunun üçün də ilk növbədə peşəkar kadra, həmin kadrların ön plana çəkilməsinə ehtiyac var. Çünki hər bir sahədə olduğu kimi, turizmdə də insan amili mühüm rol oynayır. İnsan olmasa, müasir texnikanı kim işlədə bilər? Ona görə, məncə, ilk növbədə savadlı, işini bilən kadrların yetişdirilməsinə, işin keyfiyyət göstəricilərinin yüksəldilməsinə xüsusi diqqət ayırmaq lazımdır. Burada da əsas iş turizm sahəsi üzrə ali və orta təhsil ocaqlarının üzərinə düşür”.
Müsahibimiz turizm sahəsində inkişaf əldə etmək üçün hansı məqamlara xüsusi önəm verilməli olduğunu dedi: "Turizmin yeni növlərini yaratmaq və inkişaf etdirmək üçün mütləq ekspert qrupları yaradılmalıdır. Həmin qrupa da bu sahədə kifayət qədər təcrübəsi olan, savadlı mütəxəssislər cəlb olunmalıdır. Bu ekspert qrupu turizmin gələcək konsepsiyasını, hansı növlərinin ölkəmizdə inkişafının daha münasib olduğunu müəyyən etməlidir. Yəni bu sahənin inkişafında mütəxəssis rəyinə ehtiyac var. Bundan başqa, otellərin və şirkətlərin nəzarət mexanizmi həyata keçirilməlidir. Çünki nəzarət olmasa, bu sahədə xaos yaranar, keyfiyyət göstəriciləri aşağı düşər. Həmçinin yeni açılan otellərdə və turizm şirkətlərində işləyənlərə bu sahə ilə bağlı təlimlər keçilməlidir. Çünki ölkəmizə qonaq gələn turistə yüksək səviyyədə xidmət göstərilməlidir. Əgər o, buradakı xidməti bəyənməzsə, çox güman, bir də ölkəmizə gəlməz. Bir çox otellərdə xidmətlə qiymət üst-üstə düşmür. Xüsusilə də bayram günlərində otellərdə süni qiymət artımı olar. Ona görə də bu kimi halların qarşısını almaq üçün nəzarət mexanizmi vacibdir. Digər tərəfdən, diqqət edilməli məqamlardan biri də tur bələdçiləridir. Tur bələdçilərinin həm dil, həm də ölkəmiz haqqında bilgisi çox yüksək səviyyədə olmalıdır. Çünki onlar turistlə birbaşa əlaqədə olan əsas şəxslərdir”.

Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti Ruslan Quliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin fikirlərini yüksək qiymətləndirdiyini və agentliyin qarşısına qoyduğu prioritet məsələlərin həyata keçirilməsi nəticəsində turizmin kifayət qədər inkişaf edəcəyini bildirdi: "Atılan bütün addımlar turizmin inkişafına xidmət edir. Agentlik də Azərbaycan turizm brendinin daha geniş ərazidə yayılması üçün bu istiqamətdə çox əhəmiyyətli işlər həyata keçirir. Təbii ki, burada strateji yol xəritəsində qeyd edilən məqamlar da əsas götürülür. Agentliyin uğurlu fəaliyyəti nəticəsində bu il turizm haqqında qanununun parlamentdə müzakirəsi tamamlandıqdan sonra təsdiqlənməsi gözlənilir. Bununla paralel olaraq, kadr hazırlığının daha da təkmilləşdirilməsi, turizm sahəsində olan ali və orta təhsil müəssisələrinin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətinin genişləndirilməsi də qarşıya qoyulan məqsədlərdəndir”.
Təşkilatın rəhbərindən dövlətin bu sahədəki özəl biznesə dəstəyini də soruşduq: "Dövlətin təşviq və subsidiya siyasəti, eyni zamanda bölgələrdə turizm yönlü müəssisələrin yaradılması bu istiqamətdə aparılan işlərdəndir. Bu addım turizm sahəsinə yatırım edən yerli sahibkarlar üçün çox əlverişlidir. Təşviq məsələlərinə torpaq və əmlak vergisindən 7 il azad olma, mənfəət vergisində təxminən 50 faiz güzəştlərin tətbiq olunması, eyni zamanda sığorta fondunun yaradılması aiddir.
Düşünürəm ki, bu, çox vacib addımdır. Bu addım qısa müddətdə ölkəmizdə mehmanxanaların sayının artmasına şərait yaradacaq”.
Günel Azadə




banner

Oxşar Xəbərlər