AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Toğrul İsmayıl: “ABŞ Senatının qərarı siyasi xarakterlidir”

Toğrul İsmayıl: “ABŞ Senatının qərarı siyasi xarakterlidir”

Cəmiyyət
13 Dekabr 2019, 19:00 546
Politoloq: "ABŞ itaətkarlıq etməyən Türkiyəni cəzalandırmağa çalışır”
 
"ABŞ Senatının belə bir addım atacağı əvvəldən təxmin edilirdi. Çünki, son illər ABŞ-Türkiyə münasibətləri xeyli kəskinləşmişdi. Düzdür, Trampla Ərdoğan arasında keçirilən görüşdən sonra bu sahədə nisbətə sakitlik hökm sürürdü. Amma nəticə etibarilə hadisələrin səngimədiyini, gərginliyin artdığını müşahidə edirik. ABŞ itaətkarlıq etməyən Türkiyəni cəzalandırmağa çalışır. Bu cəzalandırma növlərindən biri tarixi reallığa, hüquqa əsaslanmayan hadisəni Türkiyənin ayağına yazmaq, onu soyqırımı törətməkdə ittiham etməkdir. Bununla Türkiyəni gözü kölgəli etməyə, bundan öz maraqları naminə yararlanmağa çalışırlar”.
 
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında Türkiyədə yaşayan siyasi şərhçi Toğrul İsmayıl bildirib. O, "erməni soyqırımı” kimi dünya ictimaiyyətinə sırınan hadisənin 1915-ci ildə baş verdiyini, həmin vaxt birinci dünya müharibəsi getdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu müharibənin iştirakçısı Osmanlı dövləti olduğu üçün o dövrdə baş verən hadisənin müasir Türkiyə ilə hər hansı bağlantısı yoxdur.
 
Hansısa dövlətin parlamentinin qəbul etdiyi qərar yalnız o dövlətin özünə aid ola bilər
 
Siyasi şərhçi Türkiyə Cümhuriyyəti qurularkən imzalanan Lozanna müqaviləsinə diqqət çəkib. Bildirib ki, bu müqavilənin imzalanmasında böyük dövlətlər iştirakçı olublar və orada hər hansı soyqırımından söhbət getməyib: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən soyqırımı iddiasının heç bir əsası yoxdur. ABŞ-ın 1948-ci ildə qəbul etdiyi soyqırımı önləmə anlaşmasında Hitler Almaniyasının yəhudilər üzərində törətdiyi soyqırımı gündəmə gətirilib. Nürnberq Beynəlxalq Hərbi Tribunalından sonra da soyqırımı məsələsi gündəmdə saxlanılıb. Dünya ictimaiyyəti bu qərarlara dayanaraq faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımını tanıyıb. Beynəlxalq Məhkəmələrdə soyqırımı törədilməsində rol alan dövlət məmurlarının cəzalandırılması faktına rast gəlinsə də, indiyə qədər hansısa dövlətin, yaxud millətin cəzalandırılması faktı yoxdur. Ümumiyyətlə bu kimi məsələləri beynəlxalq məhkəmələr, tarixçilər araşdırır. Tarixi hadisələrin dəyərləndirilməsi baxımdan bu, vacibdir. Lakin 1948-ci ildə qəbul edilən bir qərarın 1915-ci ildə baş verən hadisələrə şamil edilməsi məntiqsizlikdir, hüquqi əsası, bağlantısı yoxdur. ABŞ-ın və uydurma soyqırımı tanıyan bəzi dövlətlərin davranışında yalnız siyasi çalar özünü biruzə verir. Hansısa dövlətin parlamentinin qəbul etdiyi qərar yalnız o dövlətin özünə aid ola bilər. Məsələyə bu yöndən də baxdıqda, uydurma soyqırımı iddiaları ilə bağlı müxtəlif dövlətlərin parlamentində qəbul edilən qərarların Türkiyə ilə hər hansı bağlantısı ola bilməz”.
 
Münasibətləri tamamilə kəsmək qeyri-mümkündür
 
T.İsmayıl vurğulayıb ki, ABŞ dünyanın super dövlətidir və onun Senatında Türkiyə əleyhinə qəbul edilən qətnamə digər dövlətlərə bu yöndə təsir edə bilər: "Yəni, bu qərar Türkiyəni siyasi ortamda ağır vəziyyətə salacaq. Ən əsası, qəbul edilən qətnamə o qədər açıq siyasi mahiyyət daşıyır ki, burada məqsədi gizlətmək qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, Türkiyə ilə ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri, işbirliyi, müttəfiqlik münasibətləri mövcuddur. Sözügedən qətnamənin qəbulu və bundan irəli gələn addımlar bu münasibətlərə ciddi xələl gətirir. ABŞ nəyin bahasına olursa-olsun, Türkiyəni cəzalandırmağa çalışır. Bu, məkrli, qeyri-obyektiv bir yanaşmadır. Türkiyə Yaxın Şərqdə, bölgədə güclü bir dövlətdir, ABŞ-ın müttəfiqidir, NATO üzvüdür. ABŞ bu bölgədə həyata keçirdiyi hərbi əməliyyatlarda Türkiyənin gücündən yararlanır. Türkiyə gələcəkdə bu dəstəyini azalda bilər. Lakin inanmıram ki, iki ölkə arasında münasibətlər daha gərgin xarakter alsın. Münasibətləri tamamilə kəsmək qeyri-mümkündür. Misal üçün, Rusiyanın parlamentinin alt qanadı, eləcə də bəzi qərb ölkələrinin parlamenti uydurma soyqırımı tanıyıb. Ancaq bu, həmin ölkələrlə münasibətlərin qurulmasına, inkişaf etdirilməsinə əngəl olmayıb”.
 
Alpər TURAN