Tikinti materiallarının istehsalında sıçrayışlı artım

Tikinti materiallarının istehsalında sıçrayışlı artım

İqtisadiyyat
22 Oktyabr 2019, 18:19 1464
Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur. Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb: "Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir”.
N.Səfərov əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılır və tikinti sektorunun inkişafı üçün dövlət səviyyəsində ciddi səylər göstərilir.
Qeyd edək ki, məsələyə ölkə başçısı da ciddi diqqət ayırır. Belə ki, bir müddət əvvəl prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini deyib. Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlət başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirib: "Bu baxımdan, bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər. Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb”.
Maraqlıdır, qeyd edilən artımın ölkə iqtisadiyyatı üçün əhəmiyyəti nədən ibarətdir? Tikinti materiallarının istehsalının artımı əmlak bazarındakı qiymətlərə necə təsir edir?
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə əsas məsələ sektorla əlaqəli xaricə valyuta axını azaltmaqdır: "Tikinti materiallarının istehsalı dedikdə az çeşidli, çox primitiv materiallardan söhbət gedir. Xüsusilə də emal olunmuş məhsulların çeşidi çox azdır. Amma hazır ki vəziyyəti qiymətləndirmiş olsaq, nəzərə almaq lazımdır ki, Strateji Yol xəritələrində bu sahədə idxaldan asılılığın azaldılması əsas hədəflərdən biri kimi qeyd edilib. Eyni zamanda, manatın devalvasiyası yerli məhsulların bazarda rəqabət aparma imkanlarını nisbətən artırıb və xaricdən idxal edilən məhsullar daha baha gəlir. Bu da yerli məhsulları tələbatı artırır. Bu isə təbii ki, istehsalçıları məhsul çeşidini və xidmət səviyyəsini qaldırmağa sövq edir. İndiki vəziyyətdə əsas məsələ sektorla əlaqəli xaricə valyuta axını azaltmaqdır. Bu isə əmlak bazarında qiymətlərin nisbətən sabitləşməsinə gətirib çıxarda bilər. Bu sahədə istehsalın artması eyni zamanda məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tikinti sahəsi ilə əmlak bazarının qarşılıqlı şəkildə inkişaf etdiyini bildirir: "Tikinti sahəsi qeyri-neft sektorunda ölkə iqtisadiyyatına fayda verən ən gəlirli sahədir. Tikinti zamanı istifadə edilən materialların demək olar ki, əksəriyyəti ölkəmizdə istehsal olunur. Tikintinin artması istehsal sahəsinin də genişlənməsinə müsbət təsir edir. Yəni, bu iki sahə qarşılıqlı şəkildə inkişaf edir. Mənzillərin ilkin tikinti, daha sonra təmir prosesində bu materiallardan istifadə edilir. Düşünün, ölkədə nə qədər çoxmərtəbəli bina var. Onların da hərəsində 100-dən çox mənzil olur. Bunlar hamısı tikinti sektorunun genişlənməsinə təsir edir. Binaların sayının çoxalması tikinki materialı istehsalı sahəsinin inkişafını stimullaşdırır. Biz artıq yerli istehsalla bu tikintiləri həyata keçirməyə başlayırıq”.
Ekspert əmlak bazarındakı qiymətlə bağlı da danışdı: "Bazarda tikinti materiallarının qiymətlərinə baxsaq, yerli istehsal ilə idxal edilən material arasında elə də ciddi qiymət fərqinin olmadığını görürük. Ona görə də yeni durum əmlak bazarındakı qiymətlərə təsir etmir. Əgər idxal edilən materiallar yerli istehsal arasında böyük qiymət fərqi olsa, bu zaman evlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər”.
 
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edilən rəqəmin bir o qədər də inandırıcı olmadığını bildirir: "Düzdür, son illərdə yerli istehsalda artım müşahidə edilir. Amma konkret 70% olduğunu demək mümkün deyil. Əgər elə olsaydı, o zaman idxalın həcmi 20%-ə düşməli, yəni, bazar üzrə göstərici 80/20 yerli istehsalın xeyrinə olmalı idi. Amma belə deyil. Bir daha qeyd edirəm, artım var. Lakin 70% deyil. Araşdırmalar göstərir ki, hazırda bazara təklif edilən yerli istehsalla idxal məhsullarının nisbəti təqribən 60/40 səviyyəsindədir. Bu rəqəm hər il dəyişir. Son illərdə yerli istehsal artsa da, bu, idxalın məhdudlaşmasına səbəb olmayıb. Bundan başqa, bir çox tikinti materialları var ki, onların istehsalı həyata keçirilsə də, rəqabət qabiliyyətliliyi çox aşağıdır. Amma bəzi tikinti materiallarının istehsalı üçün ölkəmizdə kifayət qədər xammal yataqları mövcuddur. Bəli, etiraf etmək gərəkir ki, son 5 ili nəzərdən keçirsək, Azərbaycanda yerli istehsalın idxalı üstələdiyini görərik. Çox təəssüf ki, yerli məhsulların istehsalının artması tikinti materialları bazarında nəticə etibarı ilə qiymət azalmasına gətirib çıxarmır. Sahibkarlar, yerli istehsal məhsullarına idxal olunanlara adekvat olaraq qiymət siyasəti tətbiq edirlər. Düşünürəm ki, tikinti materialları sahəsində, hətta yüz faiz təminetmə olsa belə, bu, indiki şəraitdə daşınmaz əmlak bazarına əhəmiyyətli təsir göstərməyəcək”.
 
Günel Azadə