AZE | RUS | ENG |

Tikək ki, həm izimiz olsun, həm də gəlirimiz

Tikək ki, həm izimiz olsun, həm də gəlirimiz
Ekspertlər hesab edir ki, tikinti məhsullarının ixracı üçün resurs imkanlarımız kifayət qədər genişdir

Azərbaycanın tikinti şirkətləri bir neçə ölkəyə məhsul ixrac edəcək. Belə ki,  Qazaxıstanda keçirilən sərgidə ziyarətçilərin böyük marağına səbəb olan Azərbaycan məhsulları "Ən yaxşı debüt” mükafatına layiq görülüb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "Kazbuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsullarının yüksək zövq və peşəkarlıqla hazırlanmış stenddə təqdimatına görə, AZPROMO sertifikatla mükafatlandırılıb.
Sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın "FƏXRƏDDİN - K" MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda məhsulların Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib.

Sərgidə Azərbaycanın "NB Group” şirkətinin məhsullarına Qazaxıstanın "OBİ Hipermarket” şəbəkəsi tərəfindən ciddi maraq göstərilib və məhsulların bu marketlərdə satışına dair müzakirələr aparılıb. Bundan başqa, Azərbaycanın "Semsan” şirkəti Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən tikinti şirkətləri ilə, həmçinin Polşadan və Özbəkistandan olan topdansatış şirkətləri ilə ixraca dair müzakirələr aparıb. Sərgi çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə Qırğızıstan, Tacikistan və Qazaxıstandan olan 4 şirkət arasında ixraca dair ilkin razılıq əldə olunub. Həmçinin Azərbaycanın "Caspi Marine Technologies” şirkəti ilə Qazaxıstan şirkəti arasında gəmi boyası və döşəmə örtüyü üçün 300 min ABŞ dolları dəyərində sifariş alınıb. Bu məhsulların ixracı oktyabr ayında həyata keçiriləcək.
Qeyd edək ki, "Kazbuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının "Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir.
Azərbaycanın tikinti məhsullarımızın ixrac potensialı yetərlidirmi? Ümumiyyətlə, məhsullarımızı hansı bazarlara çıxara bilərik?  
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, tikinti məhsullarının ixracı ilə məşğul olmaq istəyiriksə, ilk növbədə ölkədə rəqabətli biznes mühiti formalaşdırılmalıdır: "Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti hazırda bir sıra göstəricilərinə görə, dünya standartlarından geri qalır. Rəqabətli məhsul istehsalı olmadığı təqdirdə, dövlət tərəfindən göstərilən dəstək və stimullaşdırma da nəticə vermir. Hesab edirəm ki, bu istiqamətdə liberal mühitin yaradılması çox vacibdir. Həmçinin prosesə xarici investisiya da cəlb edilməlidir. Çünki xarici investisiya ölkəyə müasir təcrübənin idxalı deməkdir. Bu isə öz növbəsində keyfiyyətin yüksəldilməsi və tikinti sektoru məhsullarının dünya bazarına ixrac potensialının güclənməsinə gətirib çıxaracaq. Bu mənada sözügedən istiqamətdə atılan addımlar təqdirəlayiq haldır. Amma istehsal prosesi də bu addımları dəstəkləməlidir. Keyfiyyətli istehsalın təmin edilməsi burada böyük əhəmiyyət daşıyır. Azərbaycanda ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının ixracının artması valyuta asılılığımızı aradan qaldırır. Çünki nəzərə almaq lazımdır ki, rəqabətli məhsul ixracı həm də ölkənin idxaldan asılılığının da qarşısını alır. Tikinti sektoru Azərbaycanda ən çox inkişaf edən sektorlardan biridir. Bu sahədə geniş perspektivlər var. Tikinti məhsullarının ixracı üçün resurs imkanlarımız kifayət qədər genişdir. Bütövlükdə götürdükdə, Azərbaycan öz istehsalı hesabına daxili tələbatını ödəməklə yanaşı, idxaldan asılılığını aradan qaldıra bilər. Çünki tikinti sektoru perspektivli sahələrdə hesab olunur. Bu sahəyə hər zaman tələbat var. Bu sahənin inkişafının təmin edilməsi üçün Azərbaycanın müqayisəli üstünlüyü var. Atılan addımlar liberallaşdırılmanın təmin edilməsi və rəqabət qabiliyyətli istehsalın qurulmasına gətirib çıxaracaq”.
 
Ekspert bildirdi ki, tikinti məhsullarına tələbatın artdığı ölkələrdən biri də Rusiyadır: "Türkiyə hazırda Rusiyanın tikinti sektorunda investisiya baxımından önəmli yerlərdən birini tutur. Azərbaycanla Rusiya arasındakı mövcud əlaqələr nəzərə alınarsa, yerli məhsullarımızın Rusiya bazarlarında qısa müddət ərzində öz payını artırmaq imkanları genişdir. Digər tərəfdən, biz Orta Asiya bazarlarına tikinti məhsullarımızı ixrac edə bilərik. Çünki bu bazarlar da işləməyən bazarlardır. Qeyd edim ki, növbəti dövrlər üçün Orta Asiya bazarlarında böyümə gözlənilir. Azərbaycan bu bazarda öz payını genişləndirməyi bacarmalıdır. Bundan başqa Azərbaycan məhsulları daha keyfiyyətli formada İran bazarlarına çıxarıla bilər. Həmçinin, Gürcüstan, Yaxın Şərq ölkələri Azərbaycanın tikinti sənayesinin məhsulları üçün bazar rolunu oynaya bilər”.
 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Azər Badamov qeyd etdi ki, son illər ərzində dövlət başçısının nəzarəti altında iqtisadiyyatın diverfisikasiyası həyata keçirilir: "Qeyri-neft sektorunun inkişafı istiqamətində böyük addımlar atılıb. Bu addımların bir hissəsi olaraq isə tikinti sektorunun inkişafı nəzərdə tutulub. Hazırda Azərbaycan tikinti məhsulları daxili bazarı tam şəkildə təmin etməyə qadirdir. Ölkədə tikinti materiallarının böyük hissəsi istehsal olunur. Daxili tələbatın ödənilməsi ilə yanaşı, xarici ölkələrə məhsul ixrac edə bilərik. Bu mənada Azərbaycanın ixrac potensialı çox genişdir. Bu gün Azərbaycanın bir sıra tikinti materialları xarici ölkələrə ixrac olunsa da, hələlik bu sahədəki vəziyyət istənilən səviyyədə deyil. Hesab edirəm ki, bu istiqamətdə geniş layihələr icra edilməlidir. Gələcəkdə tikinti məhsullarının ixrac potensialı daha da genişləndirilməlidir. Bu, ölkəyə qısa müddət ərzində böyük gəlirlər vəd edən sahədir. Ona görə də öz imkanlarımızdan maksimum şəkildə istifadə etməliyik”.
Şəbnəm Mehdizadə
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000