AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Terrorçu dövlətin terrorçu ordusu

Terrorçu dövlətin terrorçu ordusu

Cəmiyyət
30 Oktyabr 2020, 18:09 186
Ermənistanın işğalçı qoşunlarının əsasını muzdlular təşkil edir
 

Müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad etmək istiqamətində həyata keçirdiyi əməliyyatlar bir aydan çoxdur ki, davam edir. Bəllidir ki, bu bir ay ərzində Paşinyanın işğalçı ordusu misli görünməmiş dərəcədə texnika, canlı qüvvə sarıdan itkilərlə üz-üzə qalıb. Bu səbəbdən də öz sıralarını doldurmaq üçün resursların cəlb edilməsi zərurəti ortaya çıxıb. Əməliyyatlar başlayandan bəri erməni təbliğatı daim iddia edir ki, Azərbaycan ordusunda muzdlu döyüşçülər, Suriyadan gətirilən terrorçular döyüşür. Və bu iyrənc iddiaya Rusiya və Qərbin ekspert dairələri, mediası da dəstək verir. Lakin prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu çirkin təbliğatın daşıyıcıları indiyə qədər ortaya bir fakt da qoya bilməyiblər. Bu iyrənc, şərəfsiz təbliğat maşını bir dəfə də olsun erməni ordusunda muzdlu terrorçular olduğunu açıb-ağartmır.
 
Tarixi, daim terrorla sıx bağlı olan Ermənistanın son dövrlərdə bu istiqamətdə fəaliyyətini Suriyada yerləşdirilən məhdud kontingent hesabına daha da genişləndirdiyi barədə təkzibolunmaz faktlar var. Ermənistan bir tərəfdən Suriyaya Rusiya qüvvələri tərkibində hərbi yardım etdiyi görüntüsü yaradır, digər tərəfdən isə ölkə ərazisində ermənilərdən ibarət yeni terror dəstəsi formalaşdırır. Əslində erməni ordusunda terrorçulardan geniş şəkildə istifadə edilməsi Birinci Qarabağ savaşına gedib çıxır. Əksəriyyət, erməni quldur dəstələrində vuruşan Monte Melkonyanı və onun terrorçu tərəfdarlarını yaxşı tanıyır.  O zaman Suriya, Livan, Fransa və digər  ölkələrdən xeyli sayda terrorçular Qarabağ savaşında iştirak ediblər. O ki qaldı bu dəfə aparılan təmizləmə əməliyyatlarına - hərbi xunta xarici ölkələrdəki etnik ermənilərin xidmətlərindən geniş istifadə edir. Muzdlular və Qarabağda ətraf yerləri yaxşı tanıyan ermənilər işğalçı qüvvələrin avanqardında gedir.
 
Rusiya nəşri terror dövlətini ifşa edir
 
"Vestnik Kafkaza” yazır ki, erməni ordusunun komandanlığı bununla itkilərini minimuma salmağa çalışır. Bu informasiyalar artıq təsdiqini tapır. Şahidlərin sözlərinə görə, işğaldan azad edilən Azərbaycan torpaqlarında minlərlə erməni leşləri qalıb. Onların arasında Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan, Gürcüstan və s. ölkələrin vətəndaşları var. Bir çoxları da etnik ermənilərdir. Məsələn, "yunan” Aren Osipov, "ispan” Armen Knyazyan, "fransız” Artur Oqanesyan, "kanadalı” Kristofer Artin, "livanlı” Gevork Xadjiyan, "suriyalı” Stepan Keşişyan və s. "Greek City Times” nəşrinin rəhbəri, yunan bloger Pol Antonopulos özünün "tvitter” səhifəsində Yunanıstandan muzdlu döyüşçülərin Azərbaycanın işğal altında olan ərazilərinə göndərilməsini geniş şəkildə işıqlandırıb. Görünür, NATO üzvü olan ölkələrdən olan vətəndaşlar ermənilərin tələsinə düşüblər.  Ermənistan hakimiyyətinin tələsinə düşən bu insanlar anlamırlar ki, Qarabağda onları yalnız və yalnız it kimi gəbərmək gözləyir. Həmin ölkələrin rəhbərləri anlamırlar ki, bunla da beynəlxalq hüquq və normaları da kobud şəkildə pozmuş olurlar. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Ermənistan tərəfində döyüşən muzdlu PKK terrorçularının radio danışıqlarını ələ keçirib. Bu audio səs yazısı "youtube”da yerləşdirilib. Başqa bir videoda isə əsir düşən erməni hərbçisi Albert Mikaelyan etiraf edir ki, Ermənistan ordusunda Azərbaycana qarşı kürd mənşəli terrorçular döyüşür. O, xidmət etdiyi hərbi hissədə xidmət müddəti başa çatanlarla yanaşı, kürd yaraqlıların da olduğunu bildirib. Onların sayı isə 2 minə yaxınlaşır. Onlara ay ərzində 600 dollar ödənilir və öz dillərində danışırlar. Əsir götürülən erməni danışır ki, 10-15 nəfərdən ibarət həmin yaraqlılar ətraf yerlərdə hazırlıq işləri aparır, döyüşlərə hazırlaşırlar.
 
Rusiya nəşri bundan əvvəl VOMA erməni terror təşkilatının dağ şəraitində döyüşlərə hazırlıq təlimləri keçmələri barədə reportajlar və materiallar dərc edib. Özünün "V kontakte” qrupunda VOMA "uğur əsgərlərini” Ermənistana uçmağa çağırır. Məsələn, həmin yazışmalardan birində tərəfdarlarını oktyabrın 25-də Moskvanın Domodedovo aeroportuna yığışmağa çağırış əks olunur. Ardınca bildirilir ki, onların bilet pulu və bütün maliyyə çətinlikləri ödəniləcək. Bundan əlavə, erməni terrorçu Vova Vartanyan (bu şəxs Ermənistanda ilk  təxribat və terror dəstəsinin əsasını qoyanlardandır) da yaraqlıları Ermənistanda döyüşməyə çağırır. Bu şəxs tərəfdarları ilə birlikdə "yaşamaq sənəti” adlı qrup da yaradıb. Ermənistanın Dağlıq Qarabağda döyüşmək üçün muzdlular topladığını "Ura.ru” sayt da təsdiq edir.
"Belə qruplaşmaların nümayəndələri aşıq şəkildə "Novaya qazeta” və BBC-yə bildiriblər ki, döyüş bölgəsinə azərbaycanlılarla döyüşmək üçün gəliblər. Onları başqasının torpağında qanunsuz olub-olmadıqları heç maraqlandırmır da”, -deyə nəşr yazır. Rusiya nəşri yazır ki, belə bir fəaliyyət Rusiyanın özünün maraqlarına ziddir. Axı bu ölkənin özü illər uzunu beynəlxalq terrorçuların fəaliyyətindən ziyan çəkib.
 
Azyaşlılardan ibarət terror düşərgələri
 
Ən dəhşətli olan odur ki, son günlər Qarabağın dağlıq ərazilərində və Ermənistan ərazisində uşaqlardan ibarət erməni terrorçu düşərgələri yaradılır. Orada yeniyetmələr "psixoloji” təlimlərdən keçirilir və sonra döyüşə göndərilir. Uşaqların silahlı qruplaşmalara cəlb edilməsi və yaxud onlardan istifadə beynəlxalq hüquqda hərbi cinayət kimi qəbul edilir. Lakin bu, erməni millətçiləri tərəfindən beynəlxalq hüquqa və Azərbaycana qarşı həyata keçirilən ilk cinayət halı deyil. Azərbaycan rəhbərliyinin siyasəti hər zaman sülhün və əmin-amanlığın möhkəmləndirilməsinə yönəlib. Bunu sübut edən dünya miqyaslı tədbirlər – "Avrovizion”, Birinci Avropa Oyunları, "Formula 1” və s. sübut edir. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, bütün dini icmaların açıq fəaliyyət göstərdiyi bir dövlət kimi tanınır. Burada digər xalqlarla yanaşı, ermənilər də yaşayır. Bu gün şübhə yeri yoxdur ki, azad olunan Qarabağda evlərinə dönən azərbaycanlılarla yanaşı, ermənilər də yaşayacaq. Onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları olacaq.
 
Paşinyanın muzdlu toplamaq planının pərdəarxası məqamları
 
 
Yeri gəlmişkən, bu günlərdə Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunmaqdadır. Bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam - intizam yoxdur və Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil. Diqqətlə təhlil etdikdə aydın olur ki, könüllülərin orduya cəlb olunmasında tək məqsəd, sadəcə ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla, siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş şəxslərdi ki, Sarkisyan da, Koçaryan da bu şəkildə eyni keçmişə malik idilər. Beləliklə, orduda, onun hərbi elitasında onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, bu proses adı altında, yəni könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terroristləri cəlb etmək niyyəti güdür ki, bu da əslində onsuz da terrorçu olan orduya yeni terroristlərin qazandırılması siyasətidir. Əsas məsələlərdən bir digəri isə orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün ixtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada, şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə, əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətə salıbdır.
 
Hərbi xuntanın əsas dayağı - Nübar Ozanyan terror qruplaşması 
 
Ermənistanın istifadə etdiyi terrorçular bir neçə qruplara mənsubdur. Dağlıq Qarabağda döyüşmək üçün Yaxın Şərqdən Ermənistana göndərilən PKK terrorçularına rəhbərliyi Nubar Ozanyan briqadası edir. Bu briqada PKK-nın Suriya qanadı YPG-nin rəhbərliyi altında yaradılıb. Məlumatlara görə, Nubar Ozanyan briqadasının üzvləri Azərbaycana qarşı döyüşmək üçün işğal altındakı Dağlıq Qarabağ ərazisinə gedib. Ermənistan yalnız PKK deyil, digər terror qruplaşmalarının köməyindən də istifadə edir. PKK-nın Suriyadakı qanadı olan YPG, ASALA silahlı erməni qruplaşması, TİKKO kimi terror qruplaşmaları bu sırada dayananlardandır. Bu terror qrupları arasında Nubar Ozanyan briqadasını xüsusi qeyd etmək lazımdır. PKK-nın Suriya qanadı YPG-yə aid olan bu terrorçu briqada ermənilər tərəfindən idarə olunur. Bu briqada 4 aprel 2019-cu ildə YPG terror qruplaşmalarının Rakkada İŞİD terrorçularına qarşı müharibəsi zamanı öldürülən Ozanyanın adına erməni kommunistləri tərəfindən yaradılıb. Briqadanın hazırkı lideri, digər terror təşkilatları ilə intensiv əlaqələrə sahib olduğu deyilən Nubar Melkonyan ölkələrdən xarici üzvlər qəbul etdiyini boynuna alır. "Ermənistandan tabora qoşulan insanlar var. Xüsusilə Hələb, İngiltərə, Fransa və Amerikadan qoşulmaq istəyənlərimiz də var” - deyə Melkonyan müsahibəsi zamanı bildirib. "Qoşunumuzu daha böyük bir briqadaya çevirmək istəyirik" - deyə o, qeyd edib.
 
Azərbaycan təkcə ermənilərlə döyüşmür
 
Beləliklə, Azərbaycan Ordusu, ermənilərlə çiyin-çiyinə PKK terrorçuları və muzdluların da vuruşmasına baxmayaraq sürətlə irəliləyir. Üstəlik, Ermənistanı təhrik edən ölkələr ona silah, maliyyə və diplomatik dəstək də verir. Başqa sözlə, ilk baxışdan görünən odur ki, Azərbaycan hüququ, qanunları tanımayan işğalçı Ermənistanla savaşır. Amma əslində bu, qaranlıq ittifaqlarla, bədnam əməllərlə müharibədir. Şübhəsiz ki, təkbətək qalsaydılar, Azərbaycan işğal edilmiş bütün vətən torpaqlarını artıq azad etmişdi. Ermənistanın yardım və dəstək olmadan işğal altındakı ərazilərdə duruş gətirməsi mümkün deyil. Bunun infrastruktur dəstəyi, təchizatı, sistemi, hava hücumundan müdafiəsi də var. Ermənistan bunları öz pulu ilə əldə etmək gücündə deyil.
 
Azər NURİYEV