• çərşənbə axşamı, 19 mart, 08:37
  • Baku Bakı 8°C

Terror, sui-qəsd, iğtişaş, silahlı təxribatlar pislənməlidir

20.08.19 19:15 14626
Terror, sui-qəsd, iğtişaş, silahlı təxribatlar pislənməlidir
Yunis Səfərov ad-soyadlı bir şəxsin 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum etməsi, onu ağır yaralaması, ardınca Gəncə şəhərində ictimai yerdə iki nəfər yüksək rütbəli polis zabitinin radikal şəxslər tərəfindən xəncərlə qətlə yetirilməsi, dövlətin vəzifəli şəxslərinə, qanun keşikçilərinə, ümumən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı törədilən terror aktlarıdır. Bununla bağlı indiyə qədər hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə yetərincə məlumat verilib, istintaq zamanı üzə çıxarılan çoxsaylı təkzibedilməz sübutlar təqdim olunub, təqsirkar şəxslər saxlanılıb, silahlı müqavimət göstərənlər məhv edilib.
"REAL Televiziyası”nın REAL Təhlil və İnformasiya Mərkəzində jurnalist Mir Şahin Ağayevintəqdimatı ilə bu günlərdə yayımlanan süjetdə Gəncə hadisələrində fəallıq göstərən, təqsirkar şəxslər kimi məsuliyyətə cəlb edilən, hazırda məhkəməsi gedən şəxslərin hərəkətləri konkret video görüntülərlə nümayiş etdirilib. Bununla da onların heç də səbəbsiz yerə saxlanılmadığı, heç də təqsirsiz olmadıqları bir daha əyan olub. Məhz bu kimi faktlar əsas götürülərək cəmiyyətimiz tərəfindən bu hadisələrin terror aktı olduğu birmənalı olaraq qəbul edib, terroru planlaşdıranlar, onu icra edənlər lənətlənib.

Bu hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da mediaya açıqlama verərək bildirib ki, 2018-ci il iyulun 3-də törədilən olay Azərbaycan dövlətçiliyinə qarşı qəsddir. Onun sözlərinə görə, ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqləyib ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatıdır. Prezidentin köməkçisi vurğulayıb ki, dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Lakin əfsus ki, özlərini "demokrat”, "siyasi mühacir”, "vicdan məhbusu”, "müxalifətçi” adlandıran, ağa qara deməyi həyat tərzi seçən bəzi şəxslər sosial şəbəkələrdə etdikləri paylaşımlar, yazdıqları statuslarla terrorçulardan "qəhrəman obrazı” yaratmağa çalışır, dolayısı ilə onların əməlinə haqq qazandırırlar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, cinayətkarın cəzasız qaldığı cəmiyyətlərdə xaos və deqradasiya baş verir. O, təəssüflə vurğulayıb ki, Gəncə hadisələri zamanı dövlət məmurunun timsalında dövlətə əl qaldıran şəxslər hazırda sosial şəbəkələrdə bəziləri tərəfindən "günahsız insan” kimi ictimai rəyə təqdim edilir. Millət vəkilinin sözlərinə görə, bu, qətiyyən yol verilməzdir. Politoloq deyib ki, cəzasızlıq mühiti hər bir cinayətin başlanğıcı üçün əsas yaradır: "Mən düşünürəm ki, terror törədən, dövlətə əl qaldıran şəxsin "günahsız insan” kimi təqdim olunması səbəbsiz deyil və düşünülmüş kampaniyadır. Bu işi görənlər Azərbaycanda cəzasızlıq mühiti formalaşdırmaqla, dövləti gözdən salmaqla ölkəmizdə xaos yaratmaq niyyəti güdürlər. Fikrimcə, bununla bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Həqiqət hər kəsin diqqətinə çatdırılmalı, Azərbaycanın hüquq sisteminin gözdən salınmasının qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanlarımızın fəaliyyətinə kimlərinsə kölgə salmasına yol verilməməlidir. Mediamız bu kimi hallarla bağlı ciddi "informasiya müharibəsi” aparmalı, sipər çəkməlidirlər. əks təqdirdə bu, təsəvvür belə etmədiyimiz ciddi fəsadlara yol aça bilər. Cinayətkarı günahsız kimi göstərmək, cinayətə haqq qazandırmaq ədalətə, haqqa qarşı çıxmaqdır”.

Hüquq müdafiəçisi Sahib Məmmədov qəzetimizə açıqlamasında Gəncə hadisələri zamanı təqsirləndirilən şəxslərin məhkəmə prosesinin hazırda davam etdiyini və barələrində məhkəmənin qüvvəyə minmiş hökmünün olmadığını əsas gətirərək onlar haqqında hər hansı fikir bildirməyib. Amma o, Gəncədə hakimiyyət nümayəndəsinə qarşı törədilən sui-qəsdin, ardınca kütləvi iğtişaşa cəhdin, qulluq vəzifələrini yerinə yetirən iki polis zabitinin qətlə yetirilməsinin, bir zabitin isə yaralanmasının fakt olduğunu, bu cinayətlərin baş verdiyini xatırladıb. Deyib ki, məhkəmə prosesi başa çatdıqdan sonra bu cinayətlərdə kimin hansı dərəcədə günah sahibi olduğu daha dəqiq bilinəcək: "Ortada konkret cinayət hadisəsi, terror, iğtişaş var. Buna haqq qazandırmaq nə liberal dəyərlərə, nə də demokratik prinsiplərə uyğun deyil. Adətən terror təşkilatları belə hadisələri törədəndən sonra məsuliyyəti öz üzərinə götürür, terrora hansısa formada haqq qazandırmağa çalışır, onlara simpatiyası olanlar da buna dəstək verirlər. Belə hadisələrə dəstək verən ayrı-ayrı fərdlərə sual ünvanlamaq istərdim ki, terror, sui-qəsd nə zamandan ədalətin bərpası yolu olub? Sui-qəsdin, terrorun qurbanı olan şəxslərin şəxsi keyfiyyətlərinin məsələyə nə dəxli var? Onların yaxşı və ya pis olmasının nə əhəmiyyəti var? Əsas olan baş vermiş hadisədir”.


S.Məmmədov qeyd edib ki, terror, sui-qəsd, iğtişaş, silahlı təxribatlar pislənməlidir. Onun sözlərinə görə, bütün demokratik cəmiyyətlərdə, təsisatlarda buna yanaşma belədir: "Təəssüf doğuran haldır ki, Azərbaycanda ayrı-ayrı fərdlərlə yanaşı, bəzi siyasi təşkilatlar, bu qurumların üzvləri, həmin təşkilatların seçkili orqanlarında olan şəxslər Gəncə hadisələrinə, bu hadisələri törədənlərə açıq simpatiya bəsləyirlər. Bu, təqsirləndirilən şəxslərin müdafiəsi kontekstindən çıxır. Şübhəsiz ki, təqsirləndirilən şəxslərin özünümüdafiə hüququ var. Bu, anlaşılandır. Onlara münasibətdə qeyri-prosessual hərəkətlər, hər hansı pis rəftar halı baş veribsə, ilk növbədə bunu prosessual yollarla sübut etmək lazımdır. Bunu etmədən özündən qərarlar qəbul etmək, hökmlər çıxarmaq yolverilməzdir. Bu, təqsirləndirilən şəxslərin müdafiəsi deyil, baş verən əmələ haqq qazandırmaqdır. Loru dillə desək, onlar sevinirlər ki, nə yaxşı bu sui-qəsd, terror hadisəsi, dövlətə və ya hakimiyyətə qarşı belə cinayət əməli baş verib və sair. Belə çıxışlar dəhşətlidir”.

Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, Gəncədə törədilən cinayət əməllərinə ayrı-ayrı fərdlərin arzuolunmaz yanaşması çox böyük təhlükəli tendensiyadan xəbər verir: "Bu o deməkdir ki, Azərbaycanda formalaşan bəzi siyasi qüvvələr istənilən variantla ölkə daxilində qarışıqlıq yaratmaq istəyirlər. "Facebook” sosial şəbəkəsində aktiv olan ayrı-ayrı şəxslər təmsil olunduqları siyasi təşkilatın liderinin şəklini profil şəkli ediblər və Gəncə hadisələrinə, həmçinin digər məsələlərə münasibətdə qeyd edirlər ki, hakimiyyət dəyişikliyi olan kimi filan məmur asılacaq, filan məmur filan vaxtı bu sözü dediyinə görə güllələnəcək və sair. Yəni bu şəxslər, eləcə də onların "liderləri”, partiya sədrləri bilmirmi ki, Azərbaycanda ölüm hökmü yoxdur? Bilmirlərmi ki, Azərbaycan mülki və siyasi hüquqlara dair beynəlxalq pakta, onun, ölüm hökmünün ləğvinə dair fakültativ protokoluna qoşulmuşuq? Onlar bilmirlərmi ki, Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa konvensiyasının iştirakçısıyıq? Lap tutaq ki, şərh yazanlar bunları başa düşmürlər, bəs onların "liderləri” niyə bu yazılanları, radikal çağırışları təkzib etmir, əksinə "like” edir? Azərbaycandakı bəzi siyasi qüvvələrin spektrinə baxanda insanları dəhşət bürüyür”.

Rufik İSMAYILOV



banner

Oxşar Xəbərlər