Ötən il Azərbaycanda kənd təsərrüfatı 2,6 faiz artıb
Kənd təsərrüfatı insan fəaliyyətinin ən başlıca və
qədim sahəsidir. Dünyada elə bir ölkə yoxdur ki, orada kənd təsərrüfatı və ona
yaxın olan meşə təsərrüfatı, ovçuluq, balıqçılıqla məşğul olmasınlar. Dünya əhalisinin
1 milyard nəfəri, yəni iqtisadi fəal əhalinin yarıya qədəri bu sahələrdə
çalışır. Lakin bu göstəriciyə görə ölkələr arasında böyük fərqlər mövcuddur. Məsələn,
Qərbi Avropa ölkələrinin kənd təsərrüfatında orta hesabla iqtisadi fəal əhalinin
9,Şimali Amerikada 6 faizi çalışır. İnkişaf Etməkdə Olan Ölkələrin bəzilərində
bu göstərici 70-80 faizə çatır.
Aydın məsələdir ki, belə fərq kənd təsərrüfatı işlərinin
mexanikləşdirilmə səviyyəsindən, həmçinin kənd təsərrüfatının
ixtisaslaşdırılmasından, təbii şəraitdən, iqtisadi inkişafdan və digər amillərdən
asılıdır. Azərbaycan üçün də bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın
neftdən asılılığını maksimum aradan qaldırmaq, iqtisadi inkişafın kənd yerlərinə
daha da çox yayılmasını təmin etməkdir. Çünki Azərbaycan iqtisadiyyatında kənd
təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş
yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd
yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir.
Ona görə də ümummilli lider Heydər Əliyevin böyük
uzaqgörənliyi ilə 1995-ci ildə Azərbaycanda uğurlu aqrar islahatlar həyata
keçirilib. Bu islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin
qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsinə, aqrar bölmənin
sahə strukturunun təkmilləşməsinə, sahibkarlığın formalaşmasına, kəndin
simasınının dəyişdirilməsinə ciddi təsir göstərib. Kənd təsərrüfatının sosial və
sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. İri təsərrüfat formalarının əvəzində
müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılıb. Genişmiqyaslı
özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri,
mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində
dövlət mülkiyyət forması fərdi mülkiyyətlə əvəz edilib. Bu
da ümumilikdə kənd təsərrüfatının inkişafına hərtərəfli təsir göstərib.
Kənd təsərrüfatı sahəsində vaxilə ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan islahatlar, onun rəhbərliyi altında həyata
keçirilən mühüm tədbirlər prezident İlham Əliyev tərəfindən indi də davam
etdirilməkdədir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə də Azərbaycanda iqtisadi
sahədə önəmli addımlar atılıb, ötən il dərin iqtisadi islahatlar ili kimi tarixə
düşüb. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham
Əliyev bir daha bu mövzuya diqqət çəkərək bildirib ki, ötən il kənd təsərrüfatının
inkişafında uğurlu il olub. Dövlət başçısının sözlərinə görə, yola saldığımız
ildə ilk növbədə Azərbaycanda uzun müddət tənəzzülə uğrayan sahələr, o cümlədən
pambıqçılıq bərpa edilib: "Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi
18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min
hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük
olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün
bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət
İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə
də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı
120 min hektarda pambıq əkilməlidir. Yəni bu, real rəqəmdir, bir qədər az, bir
qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında
qurmalıyıq... Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra
ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz
subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və
məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq
inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü
gözləyirik”.
Prezident İlham Əliyev hazırda 37 rayonda
baramaçılığın inkişaf etdiyinə diqqət çəkərək, 2019-cu ildə 1300 ton barama istehsalının
gözləndiyini, bundan irəli gələrək, Şəki ipək kombinatının tam gücü ilə işləməsinin
təmin olunacağını da qeyd edib. Dövlət başçısı kənd təsərrüfatı məhsulları
arasında fındıqçılığın və xurma bağlarından əldə edilən məhsulun ixracının da
ölkəmizə ən çox valyuta gətirdiyini vurğulayıb. O, 2016-cı ildən başlayaraq bir
neçə il ərzində 40 min hektarda fındıq bağlarının salınacağını söyləyib. Deyib
ki, fındıqçılığın coğrafiyası genişləndirilib və hazırda 13 rayonda bu sahədə
işlər gedir. Azərbaycan prezidenti ölkədə badamçılığın, zeytunçuluğun, tütünçülüyün,
üzümçülüyün, şərabçılığın, çayçılığın daha da inkişaf etdirilməsi, nar, xurma
bağlarının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən də söhbət açıb.
Bildirib ki, Azərbaycanda məhsullar yerli xammal əsasında yüksək səviyyədə istehsal
olunmalı və ixrac edilməlidir: "Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi
diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət
ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır. Biz
ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına...
Biz realist olmalıyıq... Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real
sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən
böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı
şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı
məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə
yaşayanlara isə əlavə vəsait gətirəcək”.
Sonda qeyd edək ki, ölkə başçısı İlham Əliyev tərəfindən
imzalanmış sərəncamlar, onun rəhbərliyi ilə qəbul edilmiş qərarlar, qanunlar ötən
il iqtisadi islahatları dərinləşdirib. Bu isə imkan verib ki, gələcəkdə
qeyri-neft sektorunun hesabına daha da inkişaf edək. Fərəhlə deyə bilərik ki, qəbul
edilmiş qərarlar artıq öz nəticəsini də verməkdədir. Təkcə kənd təsərrüfatında görülmüş
operativ tədbirlər nəticəsində ötən il inkişaf təmin edilib və kənd təsərrüfatı
Azərbaycanda 2,6 faiz artıb. Əminliklə demək olar ki, bu nəticələr 2017-ci il və
bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.
Rufik İSMAYILOV