Tələbələrin uzun müddətli müalicəyə ehtiyacı olarsa...
Universitetə
qəbul olan şəxslərin qeydiyyat üçün təqdim etməli olduqları sənədlərdən biri də
sağlamlıq haqqında arayışdır. Düzdür, bizdə çox vaxt buna formal olaraq
yanaşılır, qeyri-qanuni yolla, müayinədən keçilməməklə əldə edilir. Bəziləri
buna vaxt ayırmaq istəmirlər, bəziləri də "Təhsili davam etdirmək üçün arayışda
mütləq sağlam olduğu yazılmalıdır” kimi düşünürlər.
Bəs əgər
tələbənin sağlam olmadığı, yaxud hansısa yoluxucu xəstəliyi olduğu məlum
olarsa, bu zaman məsələ necə tənzimlənir? Çünki bəzən bir il müalicə almaq tələb
edən xəstəliklər ola bilir. Bu zaman şəxs universitetdə təhsil almaq hüququnu
itirə bilərmi?
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, tələbə müalicəsi bitənə qədər təhsilinə
fasilə verə bilər: "Tutaq ki universitetə qəbul olan tələbənin ayağı sındı, təbii
ki o cür halda dərsə gedə bilməz, ona görə ayağı sağalana qədər universitetdən
möhlət hüququ olur. Qeyd edilən mövzunun həlli də belədir. Əgər universitetə qəbul
olan tələbədə müayinə zamanı yoluxucu xəstəlik aşkarlanıbsa, o, təhsil hüququnu
itirmir. Universitetə sənədlərini verir, qeydiyyatdan keçir, amma dərsə getmir
və müalicə alır. Müalicə bir semestr, hətta bir il uzana da bilər. Çünki
yoluxucu xəstəliklərin xəstəxana şəraitində müalicə müddəti bəzən çox uzun
olur. Hospitalda qalmalı, müalicə almalıdır. Sonra müalicə olunduğu tibb müəssisəsindən
arayış alıb universitetə verməlidir ki, bu müddətdə xəstəxanada yatıb müalicə
alıb, ona görə dərslərdə iştirak edə bilməyib. Sonra təhsilinə başlaya bilər.
Əks halda universitet kimi qapalı mühitdə digər tələbələr üçün təhlükə yarada
bilər”.
Q.Məhərrəmov
bildirdi ki, sağlamlıq haqqında arayış önəmli məsələdir və təhsil sektorunda
bu, formal xarakter daşımamalıdır: "Bir şəxs işə qəbul olunanda yoluxucu xəstəliyi
varsa, onu işə qəbul etmirlər. Daşıyıcı olmağı problem deyil, ancaq başqasına
keçə biləcək formadadırsa, nəzarət altına götürülür, müalicə prosesindən keçəndən
sonra o, ictimai bir yerdə işləyə bilir. Hovuza yazılanda belə sağlamlıq
haqqında arayış istəyirlər ki, onun dərisində yoluxucu xəstəlik varmı? Çünki xəstəlik
hovuzda üzən başqa adamlara da keçə bilər. Təhsil də elə. Əsas problem odur ki,
bizdə bu arayış formal xarakter daşıyır. Bu formallıq da sonra problem yarada
bilər. Məsələn, heç tələbəni demirəm, bir müəllimi götürək. O, hansısa bir
yoluxucu xəstəlik daşıyıcısıdırsa, bu, artıq böyük təhlükədir. Çünki gündə yüz
dəfə uşaqlara yaxınlaşır. Tələbə də həmçinin, gün ərzində nə qədər insanla
universitetdə, özü də sinifdə qapalı şəraitdə olur. Onun xəstəliyi tənəffüslə
digərlərinə keçə bilir. Digərlərinin həyatını təhlükəyə atmamaq üçün bu
arayışların formal deyil, qaydasında – müayinə edilməklə əldə edilməsinə
çalışmaq lazımdır”.
Təhsil Nazirliyindən bildirdilər ki, qeyd edilən məsələ universitet
və tələbə arasında olan məsələdir. Ali təhsil müəssisəsi öz nizamnaməsinə uyğun
olaraq, həmin tələbəni universitetə qəbul edib-etməməkdə sərbəstdir.
Bəs
universitetlər bu məsələni necə həll edirlər? Ümumiyyətlə, belə hallar
yaşanırmı?
"Qərbi Kaspi” Universitetinin mətbuat katibi Vüsal
Məmmədov deyir
ki, universitetdə indiyə qədər hələ ki belə bir hala rast gəlinməyib, amma olarsa
belə, bu, 2017-ci ildə təsdiq olunan tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa
olunmasına dair qaydalarına əsasən həll edilir: "Həmin qaydalara əsasən, tələbə
hər hansı xəstəliyi səbəbi ilə (eyni zamanda, yoluxucu) təhsilini davam etdirə
bilmirsə, akademik məzuniyyətə çıxa, 15 il ərzində tələbə sırasına bərpa oluna
bilər. Ümumiyyətlə, belə halla rastlaşmamışıq. Bu və ya digər səbəblərdən
akademik məzuniyyət götürən tələbələr, təbii ki, olur. Lakin xəstəlik səbəbindən
qeydiyyatdan keçə bilməyən, təhsilini donduran tələbə olmayıb”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəriBəhruz Nəzərov bildirdi ki, sağlamlığında problem yaranan, uzun
müddət müalicə prosesi keçməli olan şəxslər üçün ilk olaraq bir illik akademik
məzuniyyət verilir: "Əgər universitetə qəbul olan şəxsin sağlamlığında uzun müddət
müalicə tələb edən problem aşkarlanarsa, o, bu zaman yaşadığı ünvan üzrə
poliklinikada həkim-məsləhət komissiyasında müayinə olunmalı, ən azı 3 həkimin
imzası və poliklinikanın rəsmi möhürü ilə arayış gətirməlidir ki, sağlamlığı
hazırda təhsil almağa imkan vermir. Bu zaman ona bir il müddətinə akademik məzuniyyət
verilir. Bir ildən sonra sağalıbsa, yenidən həkim- məsləhət komissiyasından
arayış gəlməlidir ki, artıq tələbə tam sağlamdır və təhsil ala bilər. O halda tələbə
təhsil almağa başlayır. Əgər bir ilin tamamında qayıda bilmirsə, yenə həmin
qaydada arayış gətirir ki, hələ müalicənin davam etdirilməsinə ehtiyac var,
onda növbəti bil il möhlət verilir. İndi dəqiq deyə bilmərəm ki, universitetə
yeni başlayanlar arasında belə hal olub, yoxsa yox. Amma universitetin tarixində
akademik məzuniyyət verilən tələbələr olub. Sağlamlığında problem yaranması,
uşaq dünyaya gətirməklə bağlı akademik məzuniyyət verilib. Dediyim kimi, bunlar
hamısı rəsmi qaydada müraciətlə həll olunur. Və sağlamlığında problem yaranması
tələbənin təhsil almaq hüququnu məhdudlaşdırmır”.
Bakı Dövlət Universitetinin mətbuat kativi Pərvanə
İbrahimovabildirdi ki, belə bir hal olması tələbənin təhsil almaq hüququnu əlindən almır:
"Əgər elə bir hal yaranarsa, tələbənin uzun müddət müalicə olunması gərəkdirsə,
bu zaman ona akademik məzuniyyət verilir. Sağlamlığı bərpa olunandan sonra təhsilinə
davam edə bilər”.
Memarlıq və İnşaat Universitetinin mexanikləşdirmə
və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov da bildirdi ki, həmin tələbəyə akademik məzuniyyət
verilir. Bu məzuniyyətin müddəti isə həkimdən gətirilən arayışa əsasən təyin
edilir: "Yeni qəbul olan tələbə sağlamlığında problem olarsa, həkim müayinəsindən
keçməli, onun nə qədər vaxt müalicə olunacağı ilə bağlı həkim-məsləhət
komissiyasından arayış gətirməlidir. Bu halda universitet ona akademik məzuniyyət
verir. Sağlamlığını bərpa edəndən sonra təhsilinə başlaya bilər. Bir növ təhsilini
dondurur, sağlamlığı bərpa olunanda qayıdıb təhsilini davam etdirir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov təmsil etdiyi universitetdə bu cür hallarda ilk
olaraq tələbələrə bir illik akademik möhlət hüququ verildiyini bildirdi: "Əgər
müalicəsi bitərsə, növbəti tədris ilində gəlib dərslərinə başlaya bilər. Vəziyyətdən
asılı olaraq – yəni müalicə davam edilməsi zəruri olarsa, möhlət müüdətini bir
il də artıra bilər”.
2017-ci
ildə təsdiq olunan "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində,əsas
(baza ali) tibb təhsilindətəhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən tələbə səhhətinə
görə, akademik məzuniyyət götürmək üçün həkim-məsləhət komissiyasının arayışını
universitetə təqdim etməlidir. Akademik məzuniyyətin müddəti də həmin arayışda
qeyd olunmalıdır.
Və qeyd
olunur ki, akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti
semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı
ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil
Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr
sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini
davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin (Tələbələrin köçürülməsi)
müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər
iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil
Nazirliyində baxılır.
Aygün
Asimqızı