Yazıçılar Birliyində gənc şair Fərid Hüseynin yeni
kitablarının təqdimat mərasimi keçirilib
Dünən Yazıçılar Birliyində gənc şair Fərid Hüseynin
"Zərdabi” nəşriyyatında çap olunmuş "Kaspi nəşrləri” seriyasından
"Sevdiyim əsər” (müsahibələr) və "Mücrü” nəşriyyatında çap olunmuş
"Təkrarın tənhalığı” (şeirlər) adlı kitablarının təqdimat mərasimi
keçirildi.Dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçilmiş
söz və fikir adamlarının müsahibələrinin toplandığı "Sevdiyim əsər” kitabı
maraqla qarşılandı. Belə ki, sözügedən toplu Azərbaycan ədiblərinin dünya
ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin
əsərlər əhatəli şəkildə təhlil olunur. Təqdimatda 101 müsahibənin cəm olduğu
kitabda 100-ə qədər əsərdən söhbət getdiyi və hər bir müsahibənin ayrı-ayrılıqda
xüsusi çəkisi olduğu vurğulandı. "Təkrarın tənhalığı” kitabında isə Fərid
Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi, tanınmış
şair Rəşad
Məcid Fərid Hüseyni həm "Artkaspi.az” saytının baş redaktoru,
həm də şair kimi təqdim edərək sözə başladı: "Fəridin gözəl layihələrindən biri
"Sevdiyim əsər” layihəsidir. Ümumiyyətlə, bu kitab gənc ədəbiyyatçılar üçün vacib,
lazımlı bir kitabdır. Fəridin timsalında belə bir kitabın ərsəyə gəlməsi böyük hadisədir.
Burda Fərid Hüseynin zəhmətini qiymətləndirilir. Amma eyni zamanda, şərait yaratdığına
görə "Kaspi” qəzetinin rəhbəri hörmətli Sona xanımın əməyi də xüsusi vurğulanmalıdır.
Çünki o, ədəbiyyata çox böyük diqqət və qayğı göstərir. O ki qaldı gənc şairə,
biz Fəridin poeziyasına bələdik. Mən ona uğurlar arzulayıram. Eyni zamanda Anar
müəllimin adından da təbrik edirəm”.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu poeziyanın
yalnız bizim gördüklərimiz, həyat tərzimiz olmadığını, hər bir insanın bu təcrübəni
qazanmaq üçün çalışmasının labüd olduğunu vurğuladı: "Fəridin qısa yaradıcılıq bioqrafiyasına
baxanda aydın olur ki, o doğrudan da, bizim ənənəvi və vərdiş elədiyimiz mənada
məhsuldar şair deyil, əksinə, o öz ruhunun təcrübəsini yazan, bunu tələsmədən edən,
hər dəfəsində də püxtələşərək bacaran insandır. Həbsxanadakı həyat təcrübəsindən
sonra dərin iztirablı şeirlər yazıb. Ola bilsin ki, fiziki mənada, insani mənada
hansısa vaxtı itirdi, amma şair kimi çox böyük və dərin mətləblərə baxmaq imkanını
qazandı. Sanki Fəridin gözlərinin qabağında hansısa bir pərdə vardı və o pərdə çəkildi.
Əlbəttə, bu o demək deyil ki, şairlər dərin yaralar aldıqdan sonra nələrsə
yazıb-yarada bilər! Bu qətiyyən belə deyil. Amma Fəridin təcrübəsində bu belə olur.
Xatırlayıram ki, Fəridin illər əvvəl kitabında belə bir ön söz vardı: "Zaman
gələcək, öz kitablarının, şeirlərinin ən yaxşı redaktoru olacaqsan”. Doğrudan
da elə oldu. Fərid indi təkcə öz kitablarının deyil, onlarla, bəlkə son beş
ildə yüzə yaxın kitabın redaktoru olub. Bundan başqa, "Artkaspi.az” saytının baş
redaktoru, "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin redaktoru və doğrudan da
həm şair, həm də ədəbi fəhlə kimi özünü doğrultdu. Çünki ədəbiyyat yalnız öz
ovqatına, daxili ruhunu yazmaq deyil, ədəbiyyat naminə işləməkdir. Fərid bu təcrübələri
qazandı”.
Filologiya üzrə
fəlsəfə doktoru, yazıçı Sona
Vəliyeva çıxışında kitabda yer alan hər bir məqalənin onun gözümün
qarşısında hazırlandığını vurğuladı: "Bu kitabda təkcə ədəbiyyat sahəsində olan
insanların deyil, digər sahələrdə də çalışan mütəxəssislərin müsahibələri dərc olunub.
Bu cür kitablar həqiqətən abidə hesab olunur. Ümumiyyətlə hər bir dəyərli kitab
abidədir. Bu kitaba bənzər bizim bir kitabımız da dərc olunacaq. Həmin kitabı 8
Mart qadınlar bayramı münasibəti ilə təqdim etməyi düşünürük. Orda bizim şairlərin,
yazarların xanımlarının müsahibələri dərc olunacaq. Kitab "Hər kəsin bir eşqi” adlanır.
"Kaspi” qəzeti olaraq 20-dən artıq layihə həyata keçirmişik. Müxtəlif mövzulara
həsr olunmuş bu layihələr kitab şəklində işıq üzü görüb. Onların hamısı ayrı-ayrılıqda
bir tarixdir. Onları mütləq abidələşdirmək lazımdır ki, gələcəyimizə bir töhfə olaraq
qalsın”.
Fəridin yaradıcılığına gəldikdə isə, S.Vəliyeva qeyd
etdi ki, gənc bir adam böyük bir enerji ortaya qoya bilirsə, onun yaşı məxsus olduğu
yaş çərçivəsindən çoxdan çıxıb: "Bir az da yüksəlir, ucalır, yaxşı mənada öz yaşıdlarından
bir qədər yaşlı görünür. O, yüksəldikcə başını aşağı salıb öz işini görür. Hər
zaman gənclərə deyirəm ki, işi qarşıya ötürüb, arxasında durun. İş görünməlidir,
insanın özü deyil. Müəllif öz yazısı ilə görünür. Fərid işi ilə, fəaliyyəti ilə
görünənlərdən biridir. İnanıram ki, bu gün təqdimatına yığışdığımız bu kitablar
hər birimizin stolüstü kitabları olacaq. Bu kitabda dünya ədəbiyyatı, rus ədəbiyyatı,
bizim qardaş türk ədəbiyyatı haqqında, klassik əsərlərin yazarları haqqında rəylər
var”.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru,akademik Teymur Kərimli hər bir kitabı hadisə
hesab etdiyini bildirdi: "Bu hadisəni qeyd etmək lazımdır. Kitabdan kitaba da fərq
var. Ən sanballı kitab isə kitab haqqında yazılmış kitabdır. Fəridin bu kitabı isə
çox sanballı kitablardan hesab edilir. İnsan ömrü müvəqqətidir. Əbədi qalan isə
sözdür. Söz insan ömrünü uzadır. Fərid sözünə canını qoydu, əbədiyyət qazandı. Bizim
əbədiyaşar dəyərlərimiz haqqında olduğuna görə, bu kitab hər zaman yaşayacaq və
gənc nəslə ötürüləcək. Hər adam söz deyə bilmir. Hamı söz danışa bilir, amma hər
kəsin qəlbinin incə tellərinə toxunan sözləri deməksə istedadlı insanlara məxsusdur.
O sözü insanlara çatdırmağın iki üsulu var. Ya Tanrı sənə elə istedad verməlidir
ki, sən ağzını açanda öz sözünlə deyil, mələklərin dili ilə danışasan, ya da o qədər
oxumalı, öyrənməlisən ki, zəhmətin hesabına, mütaliənlə, yuxusuz gecələrinlə həmin
anda o sözü demək imkanına sahib olasan. Yaxşı əsər yazmaq üçün çox oxumaq lazımdır.
Dünya ədəbiyyatına, klassiklərə bələd olmalısan”.
T.Kərimli Fəridin kitabında müzakirə edilən hər bir
əsər haqqında yeni qatların açıldığını qeyd etdi: "Hesab edirəm ki, bu hələ hamısı
deyil. Hər bir dahiyanə əsərin o qədər qatları olur ki, onu nə qədər açsan da, yenə
də gizlin tərəfləri qalır. Fərid bu kitabında bizim mənəvi sərvətlərimiz olan bir
çox kitabların qatlarını müsahibə götürdüyü insanların dili ilə, eyni zamanda onlara
yönləndirici suallar verməklə açıb. Bu kitab Azərbaycan xalqına, bizim gənclərə
lazımlı bir kitab olacaq. Müəllif işin, zəhmətin yarısıdırsa, mesenat, ona qayğı
göstərən şəxs digər bir yarısıdır. Mən həm "Kaspi” qəzetinə, həm də Fəridə uğurlar
diləyirəm”.
Folklor
İnstitutunun direktoru, akademikMuxtar İmanov "Ədəbiyyat”
qəzetinin mövcud olmadığı bir dövrdə ədəbiyyatımızın qayğısını "525-ci qəzet”
və "Kaspi” qəzetlərinin çəkdiyini diqqətə gətirməklə sözə başladı: "Belə bir
dönəmdə "Kaspi” qəzeti mütəmadi olaraq ədəbiyyatımızı izlədi, "Ədəbiyyat” əlavəsi
dərc etdi. Təkcə ədəbi-bədii yazılar vermədi, həm də bu gün şahidi olduğumuz ədəbiyyatın
nəbzi ilə bağlı olan müxtəlif mütəxəssislərin elmi, müxtəlif səpkidən yazıları dərc
olundu. Ədəbiyyat elə bir aləmdir ki, cəmiyyəti istər-istəməz müxtəlif yönlərdən
görür. Ədəbiyyat haqqında ən gözəl sözü yazıçılar deyirlər. Ədəbiyyatşünasın təfəkküründə
bir standartlıq ştampı var, amma yazıçılar ədəbiyyat, ayrı-ayrı obrazlar, cərəyanlar
haqqında bəzən elə gözlənilməz məqamları qeyd edirlər ki, bu doğrudan da insanı
düşünməyə vadar edir. Bu kitabda ən çox oxuduğum hissə yazıçılarla bağlıdır. Bu
kitab çox müxtəlif nəsilləri əhatə edib. İstər ədəbiyyatşünaslar olsun, istər yazıçılar.
Çox müxtəlif zövqləri özündə əks etdiri. Misal üçün, Seyran Səxavətlə danışmaq hər
oğulun işi deyil. Burada müxtəlif yönlü, müxtəlif zövqlü, müxtəlif üslub sahibi
olan adamlarla ustalıqla danışmaq ondan xəbər verir ki, bizim gənc istedadlar arasında
ədəbiyyatçı və şairimiz var. Onun həsrətindəyəm ki, bizim yazıçılarımız da ədəbiyyatçı
olsun. Bəzən eşidirəm, gənclər deyir ki, mən zəhmət çəkməmiş şeir yazıram. Allahdan
vergi gəlir, oturub yazıram. Belə ədəbiyyat olmaz, belə ədəbiyyat Biləcəridən o
tərəfə getməz. Ədəbiyyat böyük zəhmət tələb edir. Ancaq Fərid gecələri yatmayıb,
bu əsərləri oxuyub və məhz bu biliklərin nəticəsində alimlə, yazıçıyla, ədəbiyyatşünasla
rahatlıqla danışa bilir. Bu kitab həm orta, həm də ali məktəblər üçün çox gözəl
oxu kitabıdır. Sona xanıma da təşəkkür edirəm ki, belə gəncləri üzə çıxarır, onlara
dayaq olur”.
Yazıçı Seyran Səxavət
Fərid Hüseynin sözə, dünyaya fərqli yöndən yanaşdığını, yanaşdığı
istiqamətdə isə tək olduğunu vurğuladı: "Fərid Azərbaycan ədəbiyyatı üçün həm qənimət,
həm də dəyərdir. O, yaşından tez böyüyüb. O, dəyərli söz adamıdır. İstedadlı gəncdir.
Onun ilk dəfə qəzetlərin birində çıxan şeirini oxudum. Mənim bir adətim var. xoşuma
gələn yazı olanda, mütləq müəllifini tapıb
zəng vururam. Ona da zəng vurub, təşəkkür etdim”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, akademikMöhsün Nağısoylu belə bir kitabın ərsəyə
gəlməsi üçün təkcə şair deyil, eyni zamanda ədəbiyyatçı olmağın vacibliyindən
danışdı: "Fərid mənə müraciət edəndə, təəccübləndim. Çünki daha çox dilçi kimi tanınıram.
Ömrümün 44 ilini əlyazmalara həsr etmişəm. O mənə elə bir əsər dedi ki, bəlkə də
adi oxucular onun haqqında məlumatlı deyildilər - Füzulinin "Hədiqətüs süəda” əsəri.
Mən Fəridin maraq dairəsinə, işə məsuliyyətlə yanaşmasına təəccübləndim. Çünki o
mənlə görüşməmişdən əvvəl Fizulinin "Hədiqətüs süəda” əsərini də, mənim o əsər haqqında
çap olunan kitabımı da oxumuşdu. Həqiqətən də, sualları düşündürücü idi. Bu kitab
həm də ədəbiyyat tariximizin, klassik poeziyamızın tətbiqi, ədəbiyyatımızın tanıdılması
deməkdir. Bunu oxuyan hər bir şəxs görəcək ki, xalqımızın necə gözəl əsərləri var”.
Şair, publisist Əjdər
Ol çıxışında kitabda yer alan 30 əsərin Azərbaycan ədəbiyyatından,
digərlərinin isə xarici ədəbiyyatdan olduğunu vurğuladı: "Buradakı müəlliflər təkcə
bir əsər haqqında fikirlərini yox, ümumiyyətlə ədəbi görüşlərini ortaya qoyurlar.
Sənət haqqında öz fikirlərini bildirirlər. Bir əsər haqqında bir yazar başqa cür,
digər yazar isə tamamilə başqa cür düşünür. Bu əsərlərdə dünya ədəbiyyatından çox
maraqlı müsahibələr yer alıb. Dünyada ədəbiyyatın gücündən hər zaman istifadə ediblər.
Ədəbiyyatdan silah kimi istifadə ediblər. O silah hər zaman kimə yönəldiyini bilməlidir.
Ədəbiyyat nəyi müdafiə edir? Bu mənada Fərid müasir əsərlərin də təhlilinə yer ayırıb.
Burda orta əsr, müasir dövr, rus ədəbiyyatı, digər xalqların ədəbiyyatında olan
əsərlər də müzakirə olunub. Bu kitab yol xəritəsi kimi bir şeydir. Yazarlara bir
istiqamət və yönəltmə rolunu oynayır”.
Akademik Kamran Əliyev
təqdim olunan kitabın lazımlılığını vurğuladı: "Klassik əsərlər haqqında bu günədək
o qədər yazılıb ki, yeni nəsə tapmaq mümkün deyil. Bu gün dünyanın bir yazıçısı
haqqında bir nəfər yazır, özü də bilir ki, o müəllif haqqında internetdə kifayət
qədər material dərc olunub. Əgər mənə lazımdırsa, mən onu internetdə açıb oxuyacam.
Ona görə bu gün bizim ədəbiyyat və elmimizin ən böyük problemi internet resurslarının
nəzərə alınmamasıdır. Bu kitaba daxil edilmiş yazıda mən "Poçt qutusu” haqqında
Fəridin ünvanladığı suallara cavab verdim və onun istedadına, düşüncə tərzinə həqiqətən
heyran oldum. Çünki Fərid çox istedadlı və qabiliyyətli gəncdir. Onun bu layihəsini
dəstəkləyir və uğurlar arzulayıram”.
Professor Cahangir
Məmmədli Fəridin təqdim olunan kitabını dərslik kimi
qiymətləndirdi: "Dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatı haqqında
peşəkarlıqla hazırlanmış bu materialı tələbələrə çatdırmaq olar. Burda mənim
çox sevdiyim yazıçılar dərc olunub. O yazıçılar dünya klassikası haqqında
önəmli bilgilər və məlumatlar söyləyirlər. Sözün əsl mənasında, bu kitab bir
dərslikdir. Eyni zamanda, Sona xanıma təşəkkürümü bildirirəm. Mənim ən çox
oxuduğum qəzetlərdən biri «Kaspi»dir. Mən "Kaspi” qəzetindən maariflənirəm.
Bəzən hesab edirlər ki, ali təhsil aldıqdan sonra insan maarifçi olur. Maarifçi
olmaq üçün bizim klassiklərimizi bilmək, onları yenidən xatırlamaq, ənənələrini
öyrənmək bəlkə də bu gün bizə daha çox lazımdır. «Kaspi» nəşrlər seriyası bizə
o klassikləri yenidən qaytaran və o klassikləri bizim evimizə gətirən bir layihədir”.