• çərşənbə axşamı, 19 mart, 06:22
  • Baku Bakı 8°C

Təkrar istifadədən sonra daha təhlükəli olan qablar

15.08.19 10:00 8035
Təkrar istifadədən sonra daha təhlükəli olan qablar
Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır.
Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından, ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub. Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir.
Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur. İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. "Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır. Alimlərin sözlərinə görə, plastik qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər.
Maraqlıdır, plastik tullantılardan istifadənin azaldılması sahəsində hansı işlər görülür? Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, onların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır. Region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülüb. Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilərə və ya istehlakçılara pulsuz verilməsi qadağan olunub. Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışı qadağan edilib, istehsalçılara istehsal etdikləri torbaların üzərinə şirkətin işarəsini və adını qeyd etmək tələbi qoyulub. Çində isə 2008-ci ilin iyunun 1-dən qalınlığı 0,025 millimetrdən az olan polietilen torbaların istehsalı, satışı və istifadəsi qadağan edilib.
Ölkəmizdə görülən işlərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova danışdı. Şöbə müdiri "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində maarifləndirmə işləri həyata keçirildiyini bildirdi: "İctimaiyyəti məlumatlandırmaq məqsədilə polietilen torbalar, onların ətraf mühitə mənfi təsirləri, polietilen torbalardan istifadənin məhdudlaşdırılması, dünya ölkələrinin bu sahədə təcrübələri, eyni zamanda polietilen torbaların alternativləri barədə maarifləndirmə və təbliğat işləri davam etdirilir, eyni zamanda sosial şəbəkələrdə, nazirliyin "facebook” və "instagram” səhifələrində də bu istiqamətdə işlər görülür. Plastik məhsullar, onların ətraf mühitə mənfi təsirləri və nazirlik tərəfindən bu sahədə görülən işlərlə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Kooperasiya Universitetlərinin tələbələri ilə görüşlər keçirilib. Daşgil palçıq vulkanı ərazisində, Buzovna, Novxanı ərazilərində İDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, "Azərbaijan Youth Foundation”, "Təmiz Şəhər” ilə birlikdə iməciliklər keçirilərək ərazilər tullantılardan təmizlənib. Həmçinin "Plastik tullantılara yox deyək” adlı videorolik çəkilib və televiziya kanallarında, sosial şəbəkələrdə yayımlanmaqdadır. Plastik butulkaların xüsusi konteynerə atılmasını təbliğ edən "Qumla şou” roliki hazırlanıb və sosial şəbəkələrdə paylaşılır. Bundan əlavə, çirklənmiş torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə nazirliyin müvafiq yerli qurumları tərəfindən "Şəhər və rayon ərazilərində məişət tullantılarının idarə olunması, görülən işlər, problemlər, vəzifələr”, "Tullantıların idarə edilməsi” mövzularında əhali arasında maarifləndirici tədbirlər təşkil edilib”.

Günel Azadə
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb

banner

Oxşar Xəbərlər