• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

Təhsilin inkişafına təkan verən təmayülləşmə

04.09.19 10:00 1402
Təhsilin inkişafına təkan verən təmayülləşmə
2019-2020–ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Bu barədəTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib. Onun sözlərinə görə, Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün onlara lazımi şəraitin yaradılmasıdır. Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E. Allahverdiyev küçəsi 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi 16) Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 1) və Quba rayonunda (Quba şəhəri 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər. Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.
Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq. Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək. Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.
Lisey tipli siniflərin yaradılmasının hansı zərurətdən irəli gəldiyini, növbəti mərhələdə təhsil sahəsində hansı effektiv nəticələr verəcəyini öyrənməyə çalışdıq.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, liseylər ixtisaslaşmış təhsil müəssisəsi sayılır, istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi, onların səmərəli təhsil almaları üçün lazımı şərait yaradılır: "İlk növbədə qeyd edim ki, liseylər digər kateqoriyalı orta məktəblərdən fərqlənirlər. Belə ki, liseylərdə hazırlanmış tədris proqramı müasir təhsil və təlim metodları əsasında tədris olunur. Beynəlxalq təhsil proqramının tələb və təcrübələrinə uyğun olaraq şagirdlər peşəkar və qayğıkeş Müəllimlərin İşə Qəbulu və Diaqnostik Qiymətləndirmə imtahanlarında yüksək nəticə göstərən müəllim heyəti tərəfindən milli şüur aşılanaraq təlim və təhsil alırlar. Şagirdlər liseylərdə bilik əldə etməklə yanaşı, biliyi əldə etmənin və istifadənin yollarını da öyrənirlər. Liseylərdə məqsəd şagirdləri milli dəyərlərə sahib, texniki inkişafı təqib və tətbiq edən, yeniliklərə asanlıqla adaptasiya ola bilən, nəticəyə yönəlik çalışan, yaradıcı və tənqidi təfəkkürə malik, hədəfi və amalı olan yeni nəslin nümayəndələri olaraq yetişdirməkdir. Liseylər eyni zamanda ixtisaslaşmış təhsil müəssisəsi olur ki, istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi, onların səmərəli təhsil almaları üçün lazımi şərait yaradılır. Yəni, şagirdlər fənlər üzrə özlərinin marağı olduğu istiqamətlərə daha çox yönələcəklər”.
Ekspert qeyd edir ki, liseylərdə ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasına imkan verəcək: "Hesab edirəm ki, rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin maraqlarına əsasən lisey sinifləri təşkil olunmalıdır. Maddi texniki və kadr potensialı tələblərə cavab verməyən yerlərdə bunu təşkil etmək effektiv olmayacaq. Lisey siniflərinin yaradılması təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək və bu siniflərdə təhsil alanların buraxılış və qəbul imtahanlarının nəticələri digərləri ilə müqayisədə yüksək olacaq. Çünki lisey siniflərində məktəbin istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunur ki, bu da şagirdlərə daha çox öz istiqamətləri üzrə təhsilə vaxt ayırmağa imkan verir”.
Təhsil məsələləri üzrə mütəxəssis Hümeyir Əhmədov qeyd edilən sistemin beynəlxalq təcrübədə də istifadə edilir və müsbət nəticələrin olduğunu deyir: "Təxminən 30 il əvvəl mən də tədqiqatlarımda yazmışdım ki, təhsildə differensiallaşma getməlidir. İndi həmin ifadəni dəyişib təmayülləşmə etdilər. Bütün məktəbi təmayül etmək bir az çətin məsələdir, amma ayrı-ayrı sinifləri etmək mümkündür. Təbii ki, regiondan və yaradılan şəraitdən də çox şey asılıdır. Bu prosesi daha çox məktəbin imkanlarına uyğun şəkildə həyata keçirmək lazımdır. Əsasən də texniki fənn təmayüllü siniflərin yaradılmasında daha çox maraqlıyıq. Çünki günümüzdə robottexnika sahəsinə daha çox üstünlük verilir. Uşaqların texniki sahədə biliklərinin inkişafına böyük ehtiyac var. Bunun üçün ciddi kadr ehtiyatı və uşaqların istəyi olmalıdır. Qeyd edilən sistem beynəlxalq təcrübədə də istifadə edilir və müsbət nəticələri var. Düşünürəm ki, biz də yaxşı nəticələr əldə olunacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər