AZE | RUS | ENG |

Təhsildə sosial-psixoloji xidmətin əsaslı şəkildə qurulması

Təhsildə sosial-psixoloji xidmətin əsaslı şəkildə qurulması
Ekspertlər hesab edirlər ki, ali məktəblərdə psixologiya fənninin tədrisini müasir tələblər səviyyəsində qurmaq vacibdir

"Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramlarına yenidən baxılmalıdır” Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: "Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, guya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir”.

Deputat hesab edir ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət gücləndirilməlidir.

Təhsil eksperti Nadir İsrafilovsöylədi ki, bu gün bir çox ali məktəblərdə psixologiya dərsləri tədris olunur. Bu mənada kadr çatışmazlığı kimi bir problem olmayacaq: "90-cı illərdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı. Məktəbdə peşəkar psixoloqlar yox dərəcəsində idi. Buna görə də ayrı-ayrı fənn müəllimlərini müvafiq kurslara göndərərək, psixoloq kimi fəaliyyət göstərməsinə şərait yaratdılar. İndi ayrı-ayrı universitetlərdə psixologiya ixtisası tədris edilir. Bu mənada kadr çatışmazlığı ciddi problem deyil. Uzun illər ərzində bu məsələ haqqında müxtəlif müzakirələr aparıldı. Məktəbdəki psixoloqların əmək haqlarının aşağı olması, psixoloji xidmətin zəif olması kimi məsələlər zaman-zaman gündəmə gəlir. İndi təhsil haqqında qanuna bu məqam əlavə olunub və müvafiq qaydalar hazırlanır. Məktəblərdə psixoloq ştatı cəmi bir yerdir. Məktəbdəki şagirdlərin sayından asılı olmayaraq, bütün məktəblərdə bir psixoloq olur. Amma psixoloq hər bir uşağa fərdi yanaşmalıdır. Böyük məktəblərdə isə bu, bir qədər çətindir. 36 min şagirdin oxuduğu məktəbdə psixoloq fəaliyyətinin hansı keyfiyyətindən danışmaq olar? Psixoloq təkcə şagirdlərlə deyil, eyni zamanda valideynlər və müəllimlərlə işləməlidir. Ona görə də, bu sahədə yeni yanaşmalara ehtiyac var. İstənilən halda məsələnin gündəmə gəlməsi yaxşı haldır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılması, məktəbdə psixoloji işin təşkilinin daha yaxşı qurulmasına müsbət təsir edə bilər”. 

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir: "Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Psixoloqlar əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlər həllini tapmadığından, aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər, uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məncə, məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir. Hesab edirəm ki, əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək”.

Ekspert bildirdi ki, problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar təşkil olunmalıdır: "Əgər ali təhsil müəssisəsində çalışan müəllim, köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda, məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun şəkildə qura biləcək. Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini düşünmürəm. Çətin və uzun müddətli olmasına baxmayaraq, problemin sistemli həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi görürəm. Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək. Bundan başqa, məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək, məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır Təklif edirəm ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olsun. İbtidai siniflər üçün də. Onsuz da psixoloqlar ibtidai siniflərlə də iş aparırlar”.

Şəbnəm Mehdizadə
 
 
 

 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873