• çərşənbə, 08 May, 07:53
  • Baku Bakı 13°C

Təhlükəsiz Bakı

25.09.18 09:30 1144
Təhlükəsiz Bakı
Əziz və mehriban diyarımız, sinəsində boy atıb, bəxtiyar olduğumuz, ilk eşqimizin yadigarı, şərəfimiz, şöhrətimiz, tükənməz dövlətimiz, baxdıqca gözəlliyindən doymadığımız - ecazkar Bakı. Yəqin ki, Rəşid Behbudovun səsi ilə möhür vurduğu, Bakını ən gözəl şəkildə vəsf edən həmin mahnını bilməyən yoxdur. O mahnıya qulaq asdıqca, Bakının həqiqətən də necə gözəl şəhər olduğunu duymamaq qeyri-mümkündür. Bakı tarixin çətin sınaqlarından çıxan, bu günə qədər varlığını qoruyub saxlaya bilən şəhərimizdir. Əbəs yerə deyil ki, bu gün müstəqil Azərbaycan Respublikasının paytaxtı məhz Bakıdır.

Bakı bizim üçün alınmaz qala, tükənməz sərvət, doğma ocaqdır. Texnika və texnologiyanın inkişaf etdiyi bir dövrdə Bakı elmi-mədəni kəşflər mərkəzi hesab olunur. Paytaxtın fiziki-coğrafi, iqlim şəraiti olduqca əlverişlidir. Belə ki, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişmə mərkəzində yerləşməsi onun hərtərəfli inkişafına şərait yaratmışdır. Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Məlumat üçün qeyd edək ki, Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir fironu Menesanın dövründə, "Ölülər Kitabında” qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərindəki əlyazmalar, arxeoloji tapıntılar sübut edir. Bakı hazırda kifayət qədər inkişaf etmiş şəhərlər arasına öz adını yazdırmağı və dünyanın diqqətini cəlb etməyi bacarıb. Belə ki, bir sıra dünyaca məşhur təşkilatlar, ekspertlər araşdırmalarına Bakını da daxil ediblər. Müxtəlif istiqamətlərdə olan araşdırmalarda Bakı seçilən şəhərlər sırasında olur. Həmin araşdırmalardan biri də kriminal vəziyyətlə bağlıdır. Dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti 2018-ci ilin ən təhlükəsiz şəhərlərinin reytinqini dərc edib. Araşdırma 327 şəhər arasında aparılıb. Dünyanın ən məşhur şəhərlərindən olan Sinqapur, Münhen, Doha, Tokio, Bernin yer aldığı siyahıda 26,75 faizlik kriminal düsturu ilə Bakı 42-ci pillədə qərarlaşıb.
Təbii ki, bu göstərici bizim üçün olduqca müsbət haldır. Bu, şəhərimizin müxtəlif sahələrdə inkişafına effektiv təsir göstərir.
Azərbaycan Turizm Asossiasiyasının nümayəndəsi Müzəffər Ağakərimov deyir ki, bir ölkədə turizmin inkişafı bir çox amillərdən asılıdır: "Həmin amillərdən ən önəmlisi ölkədə təhlükəsizliyin yüksək səviyyədə olmasıdır. Bu, həmin ölkəyə, şəhərə daha çox turist cəlb olunmasına səbəb olur. Müasir dövrdə şəhərlərin ən böyük problemlərindən biri də stabilliyin olmamağıdır. Bu da həmin yerlərin turizm sahəsində inkişafına mane olur. Bildiyimiz kimi, Yaxın Şərqdə, Suriyada, Liviyada və digər ərəb ölkələrində kütləvi terrorizm baş alıb gedir. Şükürlər olsun ki, Azərbaycanda bu baxımdan heç bir narahatlıq yoxdur. Bu, ölkəmizdə turizmin genişlənib inkişaf etməsinə müsbət təsir edir. Təkcə Bakıda yox, regionlarda da hökm sürən sabitlik turizm üçün yaşıl işıq yandırıb. Azərbaycanda turizmin inkişafı yüksələn xətlə gedir. Hazırda ölkəmizdə bu cür sabitliyin olması şəxsi təhlükəsizliyə önəm verən xarici vətəndaşların Azərbaycanı seçməsi üçün ən böyük səbəbdir”.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, bu gün Bakı haqqında rəylərin müsbət olması gələcəkdə investisiya axınına səbəb olacaq: "İnvestisiya qoyuluşunun tələb etdiyi ən əsas şərtlərdən biri siyasi sabitlikdir. Çünki sahibkarlar investisiya qoyacaqları yerdə təhlükəsizliyin tam təmin olunmasına xüsusi önəm verirlər. İnvestorlar işə başlayacaqları məkanı əvvəlcədən araşdırır, bütün risklər haqqında məlumat əldə edirlər. Onların investisiya qoyacaqları şəhərdə siyasi sabitliyin hökm sürməsi, kriminal vəziyyətin qənaətbəxş olması böyük əhəmiyyətə malikdir. Çünki heç bir investor istəməz ki, kriminal şəraitdə iş qursun. Hər bir sahibkar iş quracağı şəhərdə özünü tam təhlükəsiz hiss etmək istəyir. Bu həm xarici, həm də yerli investor üçün ən önəmli şərtlərdən biridir. Azərbaycan MDB ölkələri sırasında, o cümlədən Şərqi Avropa ölkələri içərisində siyasi sabitliyinə və kriminal baxımdan təhlükəsiz olmasına görə birincilərdəndir. Bu da əlverişli investisiya mühitini şərtləndirən əsas amildir. Məhz 90-cı illərin əvvəllərində siyasi sabitlik təmin edildikdən sonra neft sektoruna investisiyalar artmağa başladı və bu da ölkəni inkişaf etdirən əsas faktora çevrildi. 2000-ci ildən sonra həmin sabitliyin daha da möhkəmlənməsi, kriminal vəziyyətin qənaətbəxş olması ilə səbəbi ilə digər sahələrdə də xarici investisiya qoyuluşu genişləndi. Hazırda aparılan araşdırmalar nəticəsində dünya ekspertlərinin şəhərimiz haqqında müsbət rəy verməsi gələcəkdə də ölkəmizə xarici valyuta axınını təmin edəcəkdir”.
"Bakının dünyanın ən təhlükəsiz şəhərləri sırasında olması heç şübhəsiz ki, Azərbaycan dövlətinin uzun illərdən bəri apardığı çoxşaxəli siyasətin məntiqi nəticəsidir” deyən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirir ki, bu, gənclərin də təhlükəsiz şəraitdə təhsil almalarına və sağlam şəkildə inkişafına şərait yaradır: "Bakının təhlükəsiz şəhər olması ölkəmiz üçün sözün bütün mənalarında böyük əhəmiyyət kəsb edir. Təhlükəsizliyin yüksək səviyyədə təşkili cəmiyyətin bütün qurumlarının normal şəkildə fəaliyyətini davam etdirməsi üçün olduqca vacibdir. Ölkədə kriminal elementlərin yox səviyyədə olması və cinayətkarlığa qarşı mübarizənin geniş şəkildə aparılması şəhərimizin bütün sakinlərinin, xüsusilə də gənclərin həyatında böyük rol oynayır. Gənclərin bir sıra zərərli vərdişlərdən uzaq durmağında təhlükəsizliyin yüksək səviyyədə təşkil olunması vacib şərtlərdəndir. Digər tərəfdən Bakı gənclərin öz fəaliyyətini təmin etməsi, sağlam şəkildə böyüməsi üçün ideal şəhərlərdən biridir. Biz tez-tez Avropanın müxtəlif şəhərlərində oluruq və həmin şəhərlərin gənclər üçün heç də təhlükəsiz olmadığını görürük. Şükürlər olsun ki, Bakıda kifayət qədər təhlükəsiz mühit var. Həmçinin təhsil müəssisələrində də təhlükəsizliyin təmin edilməsi ilə gənclər tam rahat şəkildə təhsil alırlar. Ölkənin inkişafı üçün prioritet məsələlərdən olan təhlükəsizlik Bakıda və regionlarda yüksək səviyyədə təşkil edilmişdir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər