Tədrisdə hibrid modeli
Ekspertlər və müəllimlər
hesab edirlər ki, qarışıq təhsil formatı zamanı yaranacaq problemləri həll
etmək mümkün olacaq
Yeni tədris
mövsümünün başlanmasına sayılı günlər qalır. Koronavirus pandemiyasının
gətirdiyi çətinliklər təhsildən də yan
keçmədi. Hazırda müəllimlər və şagirdlər, tələbələr və valideynlər tədrisin
başlanmasını səbirsizliklə gözləyirlər. Qeyd edək ki, pandemiya üzündən hazırkı
tədris ilində ümumi təhsil məktəblərində hibrid (qarışıq) tədris modelinə -
əyani və onlayn tədrisə yer veriləcək. Artıq hökumət təhsil müəssisələrində
yeni dərs ilində hibrid təhsil formasına ( əyani +distant) keçidlə bağlı rəsmi
qərar verib. Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə
2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi
tədris planlarına uyğun təşkil olunacaq. Belə ki, ümumi təhsil müəssisələrində
dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant
(məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani
və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın
15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
Dərslər
epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən
edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil
müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı
formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də, ibtidai
sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə
cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə
biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də
virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.
"Müzakirə”mizdə paytaxt
və rayon məktəblərində tədris prosesinə hazırlıq işlərinin necə həyata keçirilməsi
ilə maraqlandıq.
Müəllimlər və şagirdlər
üçün çətin dövr
Təhsil eksperti Qoşqar
Məhərrəmov belə bir dövrdə təhsilin tədricən açılmasını vacib hesab edir. Bununla
belə, hesab edir ki, müəllimlər və şagirdlər üçün çətin bir dövr olacaq: "Həm əyani, hən onlayn – hibrid
təhsil modelinə müəllimlərin də, şagirdlərin də öyrəşməsi zaman alacaq. Hesab
edirəm ki, bu dövr bir sıra proqramları müəllimlərə məcburi öyrətdiyi kimi, hibrid
modelini də öyrədəcək. Əlbəttə, bu məsələdə valideynlərin üzərinə böyük öhdəlik
düşür. Əks halda, keyfiyyət və effektivlik olmayacaq”. Ekspert hesab edir ki,
müəllimlərin, bəlkə də tədrisin başlanğıcında yoxlanılması və məktəblərin
prosesə bütünlüklə hazırlaşması lazımdır: "Dezinfeksiya işləri görülməli,
dəhlizlərdə dezinfeksiya məhlulları qoyulmalı, hər bir məktəbə məsafədən
hərarətin ölçüldüyü cihazlar verilməlidir. Bu tədbirlər görülməsə, əks halda məktəblərin
yenidən qapadılması ilə nəticələnə bilər”.
Normalara uyğun olmaq üçün
Azərbaycan Pedaqoji
Universitetinin müəllimi Xalidə Həmidova hazırda təhsil ocaqlarını gigiyenik tələblərə daha çox uyğunlaşdırmağa çalışdıqlarını deyir:
"Təbii ki, əvvəlki tədris illəri fərqli idi. İndi pandemiya dövrünün
qaydalarına uyğun tədrisə hazırlaşırıq. "Sağlam təhsil” siniflərinə metodiki
dəstək göstəririk. Həmin siniflərdə dezinfeksiya işlərini həyata keçirmişik,
gigiyenik şərtlərə uyğunlaşdırılmasını, ara məsafələrin düzgün qorunmasını
tənzimləməyə çalışırıq ki, normalara uyğun olsun. Xəstəliyin genişlənməməyi
üçün valideynləri də təlimatlandırırıq. Uşaqların məktəbə necə göndərilməsi ilə
bağlı valideyn qrupları ilə sıx işləyirik. Bəzi valideynlər var ki, uşaqlarını
məktəbə göndərmək istəmirlər. Təbii ki, burda psixoloji məqamlar var: onlar
övladlarının xəstələnməsindən ehtiyat edirlər. Beynəlxalq səhiyyə
təşkilatlarının məlumatlarına əsasən 12 yaşdan aşağı uşaqların yoluxma riskinin
az olduğunu əsas gətirərək, valideynləri psixoloji baxımdan sakitləşdirməyə
çalışırıq. Yəni valideyn bu məsələyə hazır olsun, məsuliyyətsiz yanaşmasın.
Məsələyə fərqli yanaşan valideynlər var.
Onların hər biri ilə fərdi qaydada söhbətlər aparılır. İndi biz
məsələləri daha çox bu yöndə istiqamətləndirməyə
çalışırıq. Müəllim isə öz işinə, həmişəki kimi hazırdır”. X.Həmidova deyir ki,
müəllimlərin onlayn tədrisi ilə bağlı Təhsil Nazirliyi tərəfindən təlimlər
keçirilib ki, onlar hər iki halda – həm distant, həm əyani təhsil zamanı təlimi
düzgün apara bilsinlər: "Bu il artıq bütün zonalar üzrə müəllimlər təlimlərdən
keçdilər və sertifikatlaşdırıldılar. Mənə elə gəlir ki, martdan bəri olan
çətinliklər bu tədris ilində daha az olacaq.
Ən böyük çətinliyimiz bölgələrdə, ucqar dağ rayonlarında internetin
zəifliyi və olmaması ilə bağlı məsələləridir.
Bu baxımdan, ola bilsin ki, bəzi çətinliklər olacaq. Amma şəhərdə belə
bir çətinlik olmayacaq”. Ali məktəblərə gəlincə, X.Həmidova bildirir ki,
birinci kurslarda dərslər offlayn keçiriləcək. Digər kursların isə onlayn
keçirilməsi qərara alınıb: "Hazırda fakültə olaraq bütün dərslərin,
mühazirələrin elektron bazasını yaratmağa çalışdıq. Tələbələrə vəsaitləri
elektron formada, ilin əvvəlindən çatdıraq ki, internetə qoşula bilməyənlərin
də əlində vəsaitlər olsun. Bu şəkildə, hal-hazırda hazırlıqlarımız davam edir”.
Qaydalara əməl etməyimiz
sayəsində...
Masallı rayon 1-ci Yeddioymaq
kənd məktəbinin ibtidai sinif müəllimi Gövhərxanım Mirzəzadə hesab edir
ki, sosial məsafəyə, pandemiya qaydalarına əməl olunarsa, tədrisdə uğur
qazanmaq olar: "Hər gün şagirdlərlə əlaqə saxlayıram. Pandemiyanın qaydalarına
əməl olunması ilə bağlı onlara məlumat veririk. Şagirdlərim də, özüm də dərsə
hazırıq. Bilirsiniz ki, hibrid təhsil modelində həm onlayn, həm də əyani dərs
keçiləcək. Belə ki, rayon yerlərində 3, şəhər məktəblərində 2 gün əyani dərs olacaq,
qalan günlər isə virtual dərslər keçiriləcək. Bu baxımdan, işlərimizi bu modelə
uyğunlaşdırırıq”. G.Mirzəzadə istisna etmir ki, kənd məktəblərində onlayn
dərslərə qoşulmaq üçün şagirdlərin internetə çıxışı ilə bağlı problemlər
olacaq: "Kənd məktəbində hər bir şagirdin internetə tam çıxışı yoxdur. Hansı
şagirdlər ki, dərsdən geridə qalmışdı, çatışmazlıqları təmin edə bilmək üçün
onlarla da əlaqə saxladım. Keçən tədris ilində öz şagirdlərimi, demək olar ki,
dərslərə cəlb edə bildim. İndi də şagirdlər məktəb üçün darıxdıqlarını
deyirlər. Hesab edirəm ki, çalışqanlığımız və qaydalara əməl etməyimiz sayəsində
tədris ilinin çətinliyinin öhdəsindən uğurla gələ biləcəyik”
Layihə əsaslı dərslərə
üstünlük
Şəmkir rayon Morul tam orta
məktəbin coğrafiya müəllimi Aytac İsgəndərli yuxarı siniflərlə bağlı
hazırlıqların davam etdiyini deyir: "Təbii ki, özü-özlüyümdə planlaşdırma
aparıram. İstəyirəm ki, distant təhsil maraqsız alınmasın. Layihə əsaslı
dərslərə daha çox üstünlük verməyi düşünürəm. Yəni distant təhsil olsa belə
şagirdlər onların üzərində daha çox işləsinlər. Tutaq ki, onlara bir mövzu
verdim, onun əsasında təqdimat hazırlamalarını istəyəcəyəm. Ona görə, hər hansı
fənni onlara təqdimat formasında keçməyi planlaşdırıram. Əyani keçəcəyimiz
dərslərdə isə təbii ki, bir az çətinlik olacaq. Ancaq hesab edirəm ki,
öhdəsindən gələcəyik”. A.İsgəndərlinin sözlərinə görə, distant və əyani formadan
asılı olmayaraq, şagirdlərlə əlaqə vacibdir: "Hansı dərslər çətindirsə, əyani
keçəcəyimiz vaxtlar onlarla daha çox məşğul olmalıyıq. Yəni daim şagirdlərlə
işləmək lazımdır. Hibrid təhsildə daim uşaqlara əlaqə yaratmalıyıq. Uşaqların
virtual dərslərdən yayınmasının qarşısını almaqdan ötrü dərsləri daha çox
maraqlı keçmək, tapşırıqları layihə əsaslı verməyi düşünürəm. Yəni uşaqların
diqqətini yönəltmək üçün müxtəlif üsullardan istifadə etmək lazımdır.
A.İsgəndərlinin sözlərinə görə, çalışdığı rayonda şagirdlərin virtual təhsili
üçün mobil cihazlar var: "Rayon mərkəzi olduğu
üçün bu cür problem, demək olar ki, yoxdur. Hansısa uşaq üçün problem
olanda sinif yoldaşlarının, qonşularının köməyi ilə həll edir. Bu baxımdan
tədrisin öhdəsindən gəlirik”.
Pandemiya daimi olmadığı
üçün
Şamaxı rayon Qonaqkənd kənd
məktəbinin tarix müəllimi Elxan Cəbiyev ucqar dağ kəndində çalışır.
Deyir ki, məktəbdə uşaq sayı az olduğuna
görə şagirdlərin hazırlaşmasında elə də problem olmur: "Bölgülərə
ehtiyac qalmır. Yəni sinifdə 2-3, 5-7
nəfər şagird sayı olur”. E.Cəbiyevin fikrincə, pandemiya dövründəki təhsil
göstəriciləri ənənəvi təhsil dövründən zəif olacaq: "Kəndlərdə elə məktəblər var
ki, onlarda internet problemi var. O kəndlərlə əlaqə saxlamaq olmur. Bu
baxımdan distant təhsil onlara uyğun olmayacaq. Ona görə, elə hesab edirəm ki,
bu dövrdə təhsildə xeyli gerilik yaranacaq. Bəlkə bunu şəhər məktəblərinə aid
etmək olmaz. Amma kənd yerlərində internet problemi və ağıllı telefonların
azlığı şagirdlərə təhsili tam formada çatdırmağa imkan verməyəcək. Elə ailələr
var ki, onlarda heç telefon xətti
yoxdur. Ona görə, təhsildə gerilik özünü mütləq şəkildə büruzə verəcək. Amma
pandemiya daimi olmayacağı üçün hesab edirəm ki, çətinliklərin öhdəsindən gələ
biləcəyik”.
Təranə Məhərrəmova