• cümə, 29 Mart, 15:26
  • Baku Bakı 14°C

Tədris mərkəzindən araşdırma mərkəzinə keçid

25.09.19 09:00 978
Tədris mərkəzindən araşdırma mərkəzinə keçid
"Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcək. Müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçülə bilən nəticələr verə bilər”. Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayessin Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransın (IAEA 2019) iştirakçılarına müraciətində söylədiyi bu fikirlər, əslində bir neçə ildir ki ölkəmizin elm və təhsil sferasında müzakirə olunmaqdadır.
Son dövrlərə qədər "Tədqiqat universiteti” (araşdırma mərkəzləri) statusunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları həyata keçirib. Amma ali məktəblərin hər birinin tədqiqat mərkəzlərinə çevriləcəyi ilə bağlı səslənən təkliflərdən və Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra bu sahədə dəyişiklik yaranmasa da, müəyyən canlanmalar müşahidə olundu. Belə ki, keçən il Nazirlər Kabineti "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”i təsdiqlədi. Təhsildə islahatların yer alacağının xəbərçisi olan bu qərara əsasən, "Tədqiqat universiteti” statusu fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu; son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web ofScience, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi tələblərini yerinə yetirən ali məktəblərə şamil edildi. Bundan əlavə, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması; dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi; magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası; ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi; yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınması tələblərinə uyğun gələn ali təhsil müəssisələrinə bu statusun verilməsi qeyd edildi.
"Tədqiqat universiteti” statusunun verilməsi Azərbaycan üçün yenilik olsa da, dünyada bu təcrübə çoxdan həyat keçirilir. Məsələn, araşdırmalara görə, dünyada ixtiraların çox faizi universitet alimlərinin üzərinə düşür. Yəni universitet alimləri tədris ilə yanaşı, həm də araşdırma işi aparır, ixtiralar edirlər. Digər tərəfdən, aparılan tədqiqatların istehsalatda təcrübəsinin həyata keçirilməsi vacibdir. Universitetlərin tələbə kontingenti bu təcrübələri həyata keçirməyə daha çox imkan verir.
Yeniliyin bizdə də gerçəkləşməsi üçün tələb olunan şərtlər - universitetlərimizin maddi-texniki və kadr bazası "Tədqiqat universiteti” statusu verilməsi üçün tələblərə cavab verirmi?
Ekspertlər tədqiqat universitetlərinin yaradılmasını Azərbaycanda tədqiqat sahəsinə, bu tip işlərinin aparılmasına yeni bir stimul verəcəyini hesab edirlər. Belə ki, real şərait yaradılacağı təqdirdə, tələbələr həm oxuyur, həm də elmi-tədqiqat işləri ilə məşğul olarlar. Eyni ali məktəbdə nəzəriyə ilə təcrübənin birləşməsi ölkə iqtisadiyyatına böyük xeyir verə bilər. Sözügedən sistemin tətbiq olunması təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, ali məktəbdə təhsil alan tələbənin, gələcəyin tədqiqatçısı kimi yetişməsinə kömək edər, elmin inkişafında nailiyyətə çevrilər.
"Bizim təxminən 20 minə yaxın fəlsəfə doktorumuz, 10 mindən çox elmlər doktorumuz var və onların arasında yaşaya-yaşaya düzgün elmi nəticəyə gələ bilməmişik” deyən professor Şahlar Ələsgərov Kolumbiya Universitetinin professorunun fikirlərini düzgün yanaşma adlandırır: "Həqiqətən də belədir. Bizim universitetlər sovet dövlətinin məntiqinə uyğun qurulmuşdu. O zaman bütün elmi işlər Akademiyada, bütün təhsil işləri isə Təhsil Nazirliyində həyata keçirilirdi. Düzdür, universitetlərə də elmi tədqiqat aparmaq qadağan olunmamışdı. Amma bizim elmi mərkəzlər Elmlər Akademiyası idi, universitetlər deyildi. Xarici ölkələrdə isə fərqlidir. Akademiyalar ictimai qurumdur, bütün tədqiqat mərkəzləri universitetlərdədir. Ona görə, bizdə elmi sahədə proseslərin əksinə getməsi, kənardan göründüyü kimi deyil». Professor hesab edir ki, elmi-tədqiqat mərkəzi kimi AMEA sovet quruluşunun məntiqinə uyğun olaraq, özünü reallaşdıra bilməyib: "Bu gün də, həmin quruluşda necə hərəkət etmişdisə, o cür fəaliyyət göstərir. Postsovet ölkələrinin çoxunda akademiyalar böyük dəyişikliklərə məruz qalıb. Universitetlərlə akademiyalar bir-birinə inteqrasiya edir. Yəni universitetlər elmi daha çox analiz edir. Bu inteqrasiyaya getməmək böyük problemlər yaradır. Professor-müəllim (biliyi yayan) – professor-tədqiqatçı (bilik istehsal edən) müxtəlif insanlardır. Onlar eyni maaş alsalar da, gördükləri iş müxtəlifdir. Professor-müəllim mühazirəsini deyib gedir. Amma tədqiqatçı-professor bu il apardığı tədqiqatı gələn il yeniləməli, yeni nəticələr almalıdır”.
Ş.Əsgərovun fikrincə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNES) bu sahədə böyük uğur qazanıb: "Bu problem yüksək səviyyədə həll olunmalı, inteqrasiya getməlidir. AMEA bilik istehsal etməlidir, ancaq bu qurum elə bir vəziyyətə düşüb ki, bilik istehsal edə bilmir, magistratura açır, indi də lisey açmaq istəyir. Yəni biliyin ötürülməsi ilə məşğuldur”. Professor hesab edir ki, universitetlərin tədqiqat mərkəzinə çevrilməsi üçün kifayət qədər kadr potensialımız var. Sadəcə qərarın reallaşması üçün maddi-texniki bazaya ehtiyac var: "Digər tərəfdən, alimlər ingilis dilini və ya başqa dilləri bilməlidirlər. Əgər alim iki-üç xarici dili mükəmməl bilməsə, onun elmi faydasız olacaq. Yəni günün nəbzinə uyğun elmi olmayacaq, köhnəlmiş sayılacaq. Azərbaycan o elm sahəsi ilə məşğul olmalıdır ki, o elm sahəsi yeni texnologiyaya çıxa bilsin. Ümumiyyətlə, iqtisadi inkişaf texnikadan, texnika texnologiyadan, texnologiya elmdən, elm təhsildən asılıdır. Bu zəncirdə elm və iqtisadiyyat zəncirin son halqalarıdır. Təhsil nə qədər güclü olsa, iqtisadiyyat da bir o qədər güclü olacaq. Ona görə, elm texnologiya ilə uzlaşmalıdır ki, texnologiya sənayeyə, sənaye də iqtisadiyyata transfer olsun. Ancaq bu gün elm monoqrafiya şəklində stolların üstündə tozlanır. Bir də kadr məsələsi çox mühümdür. Tərif deyən, şirin söz söyləyən adama akademiyada vəzifə verilir, ancaq elm acı həqiqətdir. Akademiyanın rəhbərliyində mütərəqqi gənclər təmsil olunmalıdır”. Professorun fikrincə, ali məktəblərin tədqiqat mərkəzləri kimi fəaliyyət göstərmələri üçün bu istiqamətdə səyləri daha da artırmaq, imkanları genişləndirmək lazımdır: "Yəni bu yöndə kompleks tədbirlərin görülməsi zamanla öz bəhrəsini verə bilər”.
Ekspertlər hesab edirlər ki, universitetlərin tədqiqat mərkəzi kimi çalışmasına və ya ali məktəblərdə ayrıca tədqiqat institutlarının, araşdırma mərkəzlərinin yaradılmasına şərait olsa, yaxın illərdə bunun müsbət nəticələrini görmək olar. Belə ki, dünyada elmin inkişafına xidmət edən bu kimi vasitələrdən faydalanmaq lazımdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər