• cümə, 19 Aprel, 04:39
  • Baku Bakı 18°C

Teatrların “həkim”ə ehtiyacı var

15.01.20 09:30 2318
Teatrların “həkim”ə ehtiyacı var
Teatrşünasların obyektiv təhlil yazıları həm tamaşaların səviyyəsini qaldırar, həm də tamaşaçıların sayını artırar


Teatra bəzən məbəd də deyirlər. Onu məbəd edən isə həm də haqqında yazan qələmlərdir. Yəni teatrın sevilməsində təqdimatın rolu böyükdür. Di gəl ki, onu necə və hansı üsulla təqdim edirsən. Bu gün teatr cameəsi teatrşünasların bu məbəddən uzaq düşdüyünü deyərək, giley edir. Bəzən də keçmişdəki teatrşünasları indikilərlə müqayisə edib, çıxış yolu axtarmağa çalışırlar.

"Teatrşünas teatrın həkimidir”

Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov bu gün təhlil yazılara çox az rast gəldiyini bildirdi: "Əvvəlki dövrlə müqayisədə indi tamaşalar haqqında təhlil yazıları ilə çox az rastlaşırıq. Oxunaqlı, tamaşanın yaxşı təhlili aparılan yazılar çox azdır. Teatrşünas teatrın həkimi, bilicisidir. Aktyorlar, rejissorlar tamaşanın bədii keyfiyyəti və həlli, bir-birilərində nəyin çatıb, nəyin çatmaması haqqında təhlil yazılarından anlayırlar. İndi başqa dövrdür, teatrşünaslar tamaşaları izləyir və onlar haqqında öz şəxsi səhifələrində qısa informasiya verməklə kifayətlənirlər. Teatr haqqında daha çox jurnalistlər yazırlar, onlarınsa nə qədər teatr bilicisi olması sual altındadır. Jurnalist tamaşanı təhlil etmir, jurnalistika tamam fərqli sahədir. Teatrşünas isə teatrın əsas komponentlərindən biridir”.
H.Məmmədov əvvəllər teatrşünasların yazdığı resenziyaların doğurduğu maraqdan danışdı: "Biz tələbə ikən tamaşa haqqında yazılan təhlil yazılarını hər kəs səbirsizliklə gözləyirdi. O dövr tamaşalar haqqında yazılan resenziyalar böyük rezonans doğururdu. Həmin təhlil yazılarında obraza elmi cəhətdən yanaşılırdı, daha qeyd olunmurdu ki, aktyor bu tamaşanı pis oynadı. Aktyorun bu səhnəni nə üçün pis oynadığı elmi əsaslarla göstərilirdi. Bu da aktyora böyük ruh yüksəkliyi verirdi. İndi isə yazılan təhlil yazılarında müəyyən qərəzlər özünü büruzə verir. Bu da təbii ki, birmənalı qarşılanmır. Təhqiri yox, tənqidi qəbul etməyi bacarmaq lazımdır. Bunun özü bir bacarıqdır. Bu sahədə yazan, təhlil etməyi bacaran çox gözəl teatrşünaslarımız var. Onlar da konkret olaraq tamaşaya düşmənçilik nöqteyi-nəzərindən yanaşmırlar və ixtisaslarına uyğun olaraq əsər, tamaşa haqqında rəy yazırlar. Ümumiyyətlə onu qeyd edim ki, heç bir teatrın qapısı teatrşünasın üzünə bağlı deyil. İstənilər teatrşünas gəlib istədiyi tamaşaya baxa bilər. Onları da anlamaq olar, bəzən olur ki, yazdıqları təhlil yaradıcı adamın xoşuna gəlmir və teatrşünasdan incik düşürlər. Münasibət korlanmasın deyə, üzdən gedirlər, səthi yanaşırlar. Ancaq ortada bir iş varsa, o, müzakirə edilməli və nəyin nə olduğu bilinməlidir. Zərin qədrini zərgər bilər. Tamaşada nəyin çatışmadığını teatrşünaslar elmi əsaslarla aça bilərlər. Teatrşünasları teatrda görmək xoşdur. Bu gün teatr haqqında hər yerindən duran yazmamalıdır. Misal üçün, bu gün mən dəyərli sənətkarlarımız haqqında yazı hazırlayıramsa, onun sənət dünyasını dərk etməliyəm. Həsən Turabov haqqında yazmaq istəyirəmsə, onun bütün yaradıcılığına bələd olmalıyam. Bu baxımdan istər əvvəlki, istər indiki dövrdə bizim çox istedadlı, savadlı teatrşünaslarımız olub və var. Məryəm Əlizadən, İlham Rəhimli, İnqilab Kərimov, Aydın Talıbzadəni, indiki dövr teatrşünaslardan Elçin Cəfərov, Könül Cəfərova, Dağlar Yusif və başqalarını misal göstərə bilərəm. Biz istedad sahəsində heç zaman korluq çəkməmişik. Ancaq istedad cilalananda, çox gözəl olur”.

"Gənc teatrşünaslar peyda olmur”
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyir ki, jurnalistlər bəzən teatr haqqında düzgün resenziya yazmırlar: "Onlar tamaşanın annotasiyasını yazmaqla işlərini bitmiş hesab edirlər. Teatrşünasın özünün tamaşaya yanaşma tərzi olmalıdır. Əgər teatrşünas tamaşaya baxıb, səhnənin ardıcıllığını yazırsa, bunu hər kəs edə bilər. Sovetlər
dövründə teatrşünasların yazdığı resenziya o teatrın tamaşaçısının sayının çoxalmasına, ya da o tamaşanın bağlanmasına gətirib çıxarırdı. Bu gün də bizim qocaman teatrşünasların yazdıqları resenziyalar aktuallığını qoruyub saxlayır. Problem ondadır ki, bu gün gənc teatrşünaslar peyda olmur. Gənclərin də öz fikirləri var, ancaq biz onlara hələ ki rast gəlmirik. Teatrşünasların işi teatra getməkdən ibarətdir. Bu gün teatrşünaslar teatra getmirlər. Teatrşünasın işinin adı tamaşalara gedib, onun haqqında rəy yazmaqdır. Əgər o, tamaşalara getmirsə, hansısa bir jurnalistin materialını götürüb, düzəliş edib yazı yazırsa, bu, teatrşünaslıq deyil. Bizim gənclik illərimizdə tanınmış teatrşünaslar Məryəm Əlizadənin, İnqilab Kərimovun, İlham Rəhimlinin yazdığı yazıları oxuyandan sonra məndə həmin tamaşalara maraq oyanırdı. Tamaşada aktyor yanaşması mənə maraqlı gəlirdi və həmin tamaşanı izləyirdim”.

"Sanki onlar teatrı rejissordan, aktyordan daha çox bilirlər”
Rejissor, aktyor, əməkdar artist Nicat Kazımov tamaşalar haqqında daha çox təhlil yazılarının yazılmasını istədiyini dedi: "Mənim tamaşalarım haqqında teatrşünas alim İsrafil İsrafilov yazıb. Onun yazdıqları mənə qəbul idi. O tənqiddən nəticə çıxarmağa çalışdım. Daha sonra teatrşünas Vidadi Qafarov bir neçə dəfə mənim tamaşam haqqında resenziyalar yazıb. Ancaq bu gün daha çox jurnalistlər bəzi hallarda özlərini teatrşünas kimi aparırlar. Yazanda bir az qərəzsiz yanaşsınlar. Normal teatrşünas fikrinə, əlbəttə ki, tamaşadan sonra ehtiyac duyulur. Tamaşa haqqında jurnalist yazanda, ancaq subyektiv fikri yazmalıdır. Bəzi hallarda jurnalistlər elə yazırlar ki, sanki onlar teatrı rejissordan, aktyordan daha çox bilirlər. Axı teatr o qədər də asan deyil. Onu öyrənmək üçün illər lazımdır. 30 ilə yaxındır səhnədəyəm, hələ də öyrənirəm. Teatr ömür boyu öyrənməyi tələb edir. Bu gün teatrşünaslar teatrın təbliğatında çox az rol oynaya bilirlər”.

"Bəzi teatrşünaslar başqa "şünaslıq”la məşğuldur”
Teatr yazarı Həmidə Rüstəmova bu sahədə 17 ildən artıqdır ki, fəaliyyət göstərir və o, teatrdan yazanların daha çox jurnalistlər olduğunu vurğulayır: "Bir gün Mövlana Cəlaləddin Rumiyə deyirlər ki, sən bu qədər kitab oxuyursan, ancaq biliyin artdıqca, bir o qədər də susqunlaşırsan. Rumi isə deyir ki, mənim kitablardan öyrəndiyim yeganə şey həddimi bilməkdir. Təbii ki, mən də teatr barədə danışanda, həmin o həddi qoruyub saxlamağa çalışacam. Əvvəla ondan başlayım ki, Azərbaycanda teatr təəssübkeşliyi, teatrlara sevgi ilk növbədə teatrşünas ixtisası ilə məşğul olanlardan başlamalıdır. Tamaşalarda, premyeralarda, ictimai baxışlarda, teatrla bağlı konfranslarda, festivallarda nədənsə jurnalistlərlə bəzi teatrşünasların say nisbətinə nəzər yetirdikdə, jurnalistlərin teatra sevgisi, təəssübkeşliyinin teatrşünaslardan bir pillə öndə olduğunu görürük. Teatrşünaslarımız teatrı sevməyə, onun təəssübünü çəkməyə borcludur. Əgər bu işlə məşğul olmaq istəmirlərsə, bu yöndə əziyyət çəkib, ali təhsil ocaqlarında illərini hədər yerə itirməsinlər. Danılmaz faktdır ki, biz jurnalistlər zaman-zaman teatrın müdafiəsinə bəzi teatrşünaslardan daha çox qalxırıq. Ona görə yox ki, teatrın müdafiəyə ehtiyacı var, ona görə ki, Azərbaycanda kütləvi tamaşaçı üçün teatr aktual olmur. Arzu edərdim ki, onun aktual olmasında teatrşünaslar da rol oynasınlar, teatrlara gəlsinlər, tamaşaları izləyib təhlil etsinlər, yeri gələndə tənqid etsinlər. Bəzi teatrşünaslardan nə üçün təhlil yazıları hazırlamadığını soruşduqda, "yaxşı tamaşadan yazıram, pis tamaşadan yazmıram” kimi fikirlər səsləndirirlər. Ona görə yazmırlar ki, bu, teatrın direktorunun, rejissorun xoşuna gəlməyə bilər. "Dramaturq mənim dostumdur”, "filan aktyorla yaxşı münasibətim var” kimi yanaşmalar teatrşünasları gec-gec resenziya yazmağa vadar edir. Teatrşünas tamaşaya "nəyisə tənqid edim” deyə getməməlidir. Hər bir məsələdə ilk növbədə işıqlı tərəfləri görmək lazımdır. Ümumilikdə, böyük bir heyətin məhsulu olan tamaşaya sırf yaradıcı məhsul kimi baxmaq, ona sevgi, zəhmət, əziyyət çəkən insanların əməyini dəyərləndirmək lazımdır. Təbii ki, dəyərləndirərkən də tamaşanın mənfi və müsbət tərəflərini qeyd etmək vacibdir. Teatrşünaslarımızın bir qisminin, xüsusilə də sözü, statusu olanların teatr prosesi ilə bağlı susqunluğunu anlamaqda çətinlik çəkirəm. Bilirsiniz ki, hər rüb teatrlarda
müxtəlif tamaşalar səhnələşdirilir. O tamaşalar barədə bitkin, silsilə reportajlar, təhlillər gözə görünən səviyyədə deyil. Arzu edərdim ki, teatrşünaslarımız teatrı sevib, onu təbliğ etsinlər. Çünki onlar teatrı sevməsələr, sevdirə də bilməzlər. Bu gün bəzi teatrşünaslar başqa "şünaslıq”la, məsələn, ədəbiyyatşünaslıq, kinoşünaslıq və s. ilə məşğuldur”.
H.Rüstəmova hər kəsin istəyinin teatrın kütləviləşməsi, tamaşaçıların teatra getməsi olduğunu vurğuladı: "Teatrşünasların teatr prosesində aktiv iştirak etməsi teatrların da məsuliyyətini artırmış olar. Teatrşünaslar peşəkar hesab etmədikləri tamaşalar haqqında obyektiv yazsalar, işinin məsuliyyətini dərk etməyən rejissorlar, rəssamlar da tələblərə, teatrın standartlarına, estetikasına uyğun tamaşalar hazırlayarlar. Əlbəttə ki, tamaşaya baxmağa gələn jurnalist ümumi mövzunu yazır, ancaq teatrşünas təhlilinin olmamasından arxayın olan rejissorlar, dramaturqlar, bəstəkarlar hesab edirlər ki, peşəkar rəyi olmayacaqsa, mən də ürəyim istəyəni edə bilərəm. Əgər teatrşünas gəlib tamaşaya baxıb, düzü-düz, əyrini-əyri kimi qeyd etsə, bu həm teatrın xeyrinə olar, həm də teatrşünasları teatrdan uzaqlaşdıran qeyri-sağlam meyarlar aradan qalxmış olar”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər