AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tarixin çətin dönəmlərində dəyişən incəsənət

Tarixin çətin dönəmlərində dəyişən incəsənət

Mədəniyyət
24 İyun 2020, 09:00 2264
Və ya bəşəri problemləri özündə əks etdirən sənət lazımdır?
 
Tarixin ən çətin dönəmlərində - İkinci Dünya müharibəsindən, planetdə yayılan pandemiyalardan sonra kinoda, dramaturgiyada yeni bir dalğa başlayıb. Yaradıcı insanlar bu xüsusda bəşəri mövzuları özündə əks etdirən yaradıcı işlər təqdim edərək yenilik etməyə cəhd ediblər. Qlobal problemləri özündə əks etdirən filmlər isə tarixi film kimi kino yaddaşına çevrilməyi bacarıb. Bundan başqa, tarixə nəzər salsaq, elə teatr aləmində də eyni proseslərin baş verdiyini görmüş olarıq. Misal üçün, Azərbaycan Dövlət Pantomima və Yuğ Teatrı Azərbaycan üçün ən çətin illərdə yaranıb. Hansı ki, bu gün o teatrlar dövlət statusu alaraq Azərbaycanda ilklərdən biri olmağı bacardı. Bundan başqa, hazırda sevərək izlədiyimiz o köhnə filmlər məhz həmin çətin dönəmlərdə lentə alındı. İndi isə dünyanı öz cənginə alan və ən azı müharibədəki itkilər qədər zərərin vurulduğu pandemiya dönəminin yaradıcı aləmdə də öz əksini tapması gözlənilirmi?  Yeni bəşəri problemləri özündə əks etdirən filmlərin və dram əsərlərin, tamaşaların yaranmasına ehtiyac varmı? 

Teatr və kino rejissoru Namiq Ağayev məsələyə fərqli yanaşma tərzi sərgilədi: "Hələ XVI əsrdə Uilyam Şekspirin vaxtında o, "Hamlet” əsərində deyirdi ki, zamanın ipləri qırılmışdır. Demək ki, bu iplər bəşəri problemləri hər zaman özündə əks etdirib.  Konstantin Stanislavski teatrı eraların dəyişdiyi bir dönəmdə meydana gəldi. Hansı ki, bu gün dünya teatrları onun sistemindən istifadə edir. Və ən ekstremal hallarda, tarixin keşməkeşli anlarında sənətin əsas toxumlarının qoyulduğunun şahidi oluruq. Məsələn, Azərbaycanda 90-cı ilin əvvəllərində Pantomima və Yuğ Teatrları yarandı. Hansı ki, bu gün o teatrların öz spesifik xüsusiyyətləri var.  Şərt deyil ki, müharibə olsun, tarixi hadisələr dövran etsin ki, yeni nələrsə yaransın. Amma nədənsə, fakt budur və statistika bunu göstərir. Yaradıcı insan oturub gözləməməlidir ki, nəsə baş versin, o da ilhamlanıb yeni nələrsə yaratsın. Əsil yaradıcı insan oturub küçəyə baxanda belə, adi bir şeydən ilhamlanıb nələrsə yarada bilər.  Ekstremal hal olanda kinonun, teatrın rolu daha şiddətlə özünü göstərməyə başlayır. Misal üçün, biz hazırda müharibə şəraitində yaşayırıq,  belə məqamda şadlıq edib, şənlənsək, yüngüllük etsək, əyləncənin balansı şitləşməyə doğru gedər”.

N.Ağayev qeyd edir ki,  əslində teatr, hadisələrin önündə getməlidir, ancaq nədənsə, hər zaman geridə qalır: "Hollivud  filmləri hər zaman ideya baxımdan zamandan öndə gedir. Onlar araşdırmaçı qismində çıxış edirlər.  Filmlərində hadisələri elmi cəhətdən düşünüb 30 il öncədən göstərirlər. Belə ki, dünyanı belə bir virus zəbt edə bilər, belə bir təbii fəlakət ola bilər və sair. Alimlərlə birlikdə düşünüb, elmi kəşfləri öncədən proqnozlaşdırırlar.  Elə sirlər açırlar ki, zaman gəlir, biz onların iştirakçısına çevrilirik. Müharibə isə elədir ki, orada ekstremal şəraitdə vacib olan, öndə gedən sənət göstərilir. Biz səngərdə çıxıb güllə atan əsgəri görəndə ona səviyyəsiz, trenddə olan mahnıları həsr etməyəcəyik.  Ekstremal hallarda yaxşı sənətə daha çox ehtiyac duyulur ki, insanda ruh yüksəkliyi yarada bilsin. Kimə ki, "duşovka” lazımdır o insanlar internetdə oturub, istədikləri səviyyəsiz mahnılara, filmlərə  baxa bilərlər. Filmin elə böyük təsir qüvvəsi var ki... Adi bir filmlə insanlara ruh yüksəkliyi aşılamaq mümkündür ki, o insan filmə baxdıqdan sonra qalxıb müharibəyə getsin. Bir film insanların mənəvi halını dəyişmək gücünə malikdir. Ona görə, belə tarixi anlarda beyinləri oyadan, insanları baş verənlərdən agah edən, ruh yüksəkliyi yaradan filmlər çəkilir. Onlar da tarixə çevrilir. Bizdə isə vəziyyət başqa cürdür. Artıq XXI əsrin ortasıdır, indi dərk edirik ki, Azərbaycan kinosuna ssenari lazımdır. Bu qədər problemi, dərdi, 20 faiz torpağı işğal altında olan bir ölkədə mövzu tapılmadı ki, biz ssenari axtarırıq? İndi səfərbər olublar ki, vətənpərvərlikdən bəhs edən film çəksinlər.  İndi duyublar ki, sən demə, bizim belə filmlərə ehtiyacımız var imiş. Hollivud filmləri planetin qeyrətini çəkir, nəinki ölkəsinin. Biz Qarabağla bağlı normal bir film çəkə bilmirik. Biz nəyin qeyrətini çəkirik? Bu gün "bəh-bəh”lə təqdim etdiyimiz filmlərimizdə heç nə baş vermir. Ağır-ağır görüntülərlə nəyisə göstərməyə çalışsaq da, bunu bacarmırıq.  Azərbaycan filmi görüntülüklə məşğuldur. Bəzən isə rejissorluq sənətini operatorluqla səhv salırıq. Filmlərimizdə görüntü zövqü itib. Rejissorlar kadr qurmaqla məşğuldurlar. Hazırda rejissorlar dünya kinosuna çatmaq üçün kinoda lazım olan minlərlə parametrlərə bir-bir sahiblənməyə çalışırlar.  Kinoda 3 parametr daha çox önəm daşıyır ki, onlardan  görüntü, dramaturgiya, aktyor faktoru əsas amillərdəndir. Bizimkilər hələ də görüntüdə ilişib qalıb. Operator sənəti ilə rejissor sənətini birləşdiriblər. Doğru kastinq, doğru kino deməkdir. Bizdə isə XXI əsrdə  hələ də qaynana-gəlin məsələləri ilə bağlı filmlər çəkilir. Heç belə məqamda da virus yadımıza düşmür. Bundan sonra da  "ekstremal hal” deyib kino çəksək, məişətdən o tərəfə  çıxa bilməyəcəyik. Misal üçün, ekstremal hallarda insanların sevgi hissi şiddətlənir. Çox hisslər var ki, onlar məhz filmlərdə daha təsirli nəticə verir. Ancaq biz o hissi necə, verə bilirikmi? Deyirik ki, indi koronovirus dünyanı cənginə alıb, həyat sıfırlanır. Bu günlərdə  həyatın mənasına, məğzinə vardıq. İndi bilirik ki, həyatda insan üçün nə daha önəmlidir. Kinoda da onun kimi, əgər bizə kino lazımdısa, insana vacib olanlar faktorlar çəkilməlidir. Lazımsıza, onsuz da heç kim baxmayacaq”.
 
Ölkəmizə gəlincə isə rejissor qeyd edir ki, bütün dövrlərdə Azərbaycanda teatr və kino cəmiyyətdən çox geridə qalıb: "Halbuki teatr və kino ən gözəl təbliğat vasitəsidir. Fövqəladə hadisələr baş verən zaman zəif teatrlar məhv olur. Belə məqamlarda şou əsas plana keçir. Hətta yadımdadır ki, bir zamanlar Ələkbər əmi ilə bizi ələ salırdılar "boş-boş işlərlə məşğulsunuz” deyirdilər. Biz onda avanqard tamaşalar hazırlayırdıq. Demirlər ki, avanqard sözü öndə deməkdir. Onunla ən kütləvi tamaşalar yaratmışdıq”.  
 
Kinorejissor Tahir Tahiroviç deyir ki, Birinci və İkinci Dünya müharibəsi dönəmində döyüşlərdə iştirak edən dövlətlər var ki, onlar mütəmadi olaraq belə mövzulara müraciət ediblər: "Məsələn, Serbiya kinosunun inkişafı məhz Yuqoslaviya hadisələrindən sonra başladı. Təkcə müharibə deyil də, Xirosima hadisələri, vəba xəstəliyinin yayılması və bu kimi xəstəliklərin dünyanı cənginə alması məsələləri filmlərdə öz əksini tapır.  Beqmanın vəba xəstəliyindən baş verən hadisələri özündə əks etdirən "Yeddinci möhür” filmi var. Əsasən də Amerika kinematoqrafçıları belə hadisələrə öz yaradıcılıqlarında daha çox yer ayırırlar. Onların müraciət etdiyi bəşəri mövzularda təkcə müharibələr deyil, eyni zamanda təbii fəlakətlər də öz əksini tapır. Belə ki,  sunami, zəlzələ, qasırğa kimi təbiət hadisələrinə müraciət edirlər. Azərbaycan kinosuna gəldikdə isə Qarabağ hadisələri, milli Azadlıq hərəkatı,  SSRİ-nin dağılması kimi ictimai-siyasi hadisələr filmlərimizdə öz əksini tapmadı. 1918-1920-ci illərdə baş verən  hadisələrin heç birinə kinoda doğru-dürüst müraciət olunmayıb. Ona görə də, koronovirusun yayılması və canlar alması ilə bağlı gələcəkdə nəsə bir film çəkiləcəyinə ümidim azdır”.
 
Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev bildirir ki, müharibələrdən sonra, xüsusən də 60-70-ci illərdəki intibah dövründə bu kimi hallarla daha çox rastlaşdıq: "Böyük miqyaslı müharibələrdə, insanların daha çox tələf olduğu bəşəri hadisələrdə yaradıcılıq sahəsində yeni filmlər, mövzular özünü göstərir. Hesab edirəm ki, dünyanı zəbt edən və kifayət qədər insan tələfatına səbəb olan koronovirus kinomuzda, tamaşalarımızda deyil, daha çox romanlarda, povestlərdə, şeirlərdə öz əksini tapacaq. Pandemiya yeni yarandığı ərəfələrdə deyirdilər ki, koronovirus bitəndən sonra dünyada yeni həyat başlanacaq. Həqiqətən də, hazırda dünya sıfırlanır və yaşadığımız hadisələrdən sonra yeni əsərlərin yazılmasına, bu ümumbəşəri problemə dair filmlərin çəkilməsinə ehtiyac yaranacaq. Yaranacaq dedikdə isə elə indi də çəkmək və işə başlamaq mümkündür. Yetər ki, istək olsun. Məlum məsələdir ki, teatrlar indi iş rejimində deyil. Ancaq indi çəkilən serialların ssenarisində, yüngül də olsa bu məsələyə toxunmaq mümkündür. Türkiyədə çəkilən bir neçə serialda tamaşaçıları maarifləndirmək üçün maskadan istifadə edilir və bu, kifayət qədər ciddi bir hadisə kimi qeyd edilir. Bizdə bunu etmək mümkün deyil? Hazırda gündəmdə olan mövzu ilə bağlı  seriala əlavə bir qol salsalar, həmin serialın tamaşaçıları üçün də bu, bir növ təbliğat vasitəsi rolunu oynayar. İnsanlar, bəlkə sevdikləri seriallara baxarkən maariflənərlər. Bu serillardan çətin dönəmdə təbliğat vasitəsi kimi də yararlanmaq olar. Daha sonra isə şedevr əsərlər yaranacaq. Mən buna inanıram.  Bu gün bəşəri problem olan koronovirusa insanları inandırmaq çətindir.  Bizim tamaşaçılar isə onu özləri yaşamasalar, o dəhşəti  görməsələr inanmırlar. Sevdikləri, əzizləri bu virusa yoluxmayana qədər inanmayacaqlar da.  Yazırlar ki, belə hadisələri yazaraq koronovirusu reklam edirsiniz. Tanınmış adamları bizə göstərərək bildirirlər ki, niyə məşhur simalarımızdan bu virusdan öləni yoxdur? İnsanlar deyir ki,  tanınmışlar ölsün ki, biz də inanaq, görməsələr inanmırlar. Buna görə də, bundan sonra yaradıcı məsələlərdə o qədər həssas olmalısan ki, tamaşaçılar inansın. Bunun üçün tamaşanı nə qədər real hadisələr əsnasında hazırlasaq da, mütləq ora ölüm salmalıyıq. İstəyirlər ki, səhnədə həqiqətən, ölüm olsun. Ümumiyyətlə, nəinki teatrda, elə ədəbiyyatda da, kinoda da  yenilik olmalıdır. Bu gün müraciət edilən əsərlərə baxanda, görürük ki, nəinki bəşəri problemlər özünü göstərir, əksinə, getdikcə çılpaqlaşma gedir. Gənclər daha çox çılpaqlaşmağı sevirlər, nəinki qapanmanı. Buna görə də, dünyəvi problemlərə diqqət edən yoxdur”. 
 
Xəyalə Rəis