Tarix İnstitutunda BDU-nun və Tarix fakültəsinin 100 illiyi qeyd olundu

Tarix İnstitutunda BDU-nun və Tarix fakültəsinin 100 illiyi qeyd olundu

Cəmiyyət
22 Noyabr 2019, 18:41 270
Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib.
Tarix İnstitutundan verilən məlumata görə, konfrans Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.
Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O, deyib ki, BDU müsəlman Şərqində ilk Avropa tipli ali məktəbdir. Universitet 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib. Tarix fakültəsi BDU-nun yaşıdıdır.
Yaqub Mahmudov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunudur: "Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.
Bildirilib ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Dekan olarkən Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.
Daha sonra Tarix fakültəsinin müəllimləri Anar İsgəndərov, Səidə Əliqızı, Səidə Quliyeva, Sevinc Ruintən və başqaları çıxışlarında deyiblər ki, BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 100 il ərzində universitet Azərbaycan xalqına müxtəlif sahələrdə xidmətlər edib. Universitet yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar  yetişdirib.
Sonda BDU-nun tələbələrinə və konfransda iştirak edən müəllimlərinə Tarix İnstitutunun nəşrləri təqdim olunub.