TANAP Azərbaycanın xaricdəki dəyərli aktivi və yeni tanıtım nişanı olacaq

TANAP Azərbaycanın xaricdəki dəyərli aktivi və yeni tanıtım nişanı olacaq

İqtisadiyyat
20 Noyabr 2019, 17:42 2879
Ekspertlərin fikrincə, kəmər Azərbaycana gəlir gətirən ən önəmli layihələrdən olacaq
 
Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində növbəti regional layihənin tamamlanmasına nail oldu. Artıq TANAP layihəsi başa çatıb və noyabrın sonunda açılışı gözlənilir. Bu layihənin işə düşməsi ilə Azərbaycan qazı Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq. Onu da qeyd edək ki, TANAP layihə kimi iki yerə bölünüb – Əskişəhərdən İpsalaya qədər və sonrakı mərhələ. Türkiyəyə qazın nəqlini nəzərdə tutan və Əskişəhərə kimi olan layihənin birinci hissəsi ötən il yekunlaşıb. Bu layihənin son mərhələsi TAP-ın açılışında isə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Xatırladaq ki, TANAP boru xətti ilə Türkiyəyə artıq 3 mlrd. kub metrdən çox qaz ixrac olunub. Avropaya qazın nəqli isə artıq gələn ildən - TAP layihəsi başa çatdıqdan sonra başlayacaq. TANAP-ın ilkin qaz buraxma gücü il ərzində 16 mlrd. kubmetr götürülür. Bu həcmin təqribən 6 mlrd. kubmetri Türkiyəyə, yerdə qalanı isə Avropaya nəql ediləcək. Lakin perspektivdə boru xəttinin gücü il ərzində 24, sonra isə 31 mlrd. kubmetrə çatdırıla bilər.  
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir: "Azərbaycan, Gürcüstan və Türkiyədən keçən qaz boru kəməri Avropaya qədər uzanır ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın iqtisadiyyatı, beynəlxalq aləmdə tanınması baxımdan mühüm rol oynayır. Eyni zamanda, bu layihə Azərbaycanın digər ölkələrlə əməkdaşlığının genişləndirəcək. Ən əsası isə bu layihə ölkə vətəndaşının rifah halının yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Çünki bu layihədən küllü miqdarda qazanc əldə olunacaq. Onu qeyd edim ki, beynəlxalq əhəmiyyətli bu cür layihələr Azərbaycanı dünyada tanıdır, ölkəmizin mövqeyini möhkəmləndirir. Əlbəttə ki, bu layihələr olmasaydı, Azərbaycan bu qədər inkişaf edə, dünyada öz sözünü deyə bilməzdi. Məhz BTC, TANAP kimi layihələr Azərbaycanın dünyadakı nüfuzunu yüksəldir. Ölkəmizlə bağlı həqiqətlərin dünyaya yayılmasına kömək edir”.
 
T.Rzayev qeyd etdi ki, TANAP-la bağlı birtərəfli səsləndirilən fikirlər Azərbaycanı istəməyən qüvvələr tərəfindən gündəmə gəlir: "Bütün ölkələr özünün iqtisadi inkişafı üçün daim rəqabətdə olmalıdır. Bizim digər ölkələrlə bu məsələdə rəqabətə girməyimiz və bundan qələbə qazanmağımız uğurumuzdur. Əgər biz beynəlxalq layihələrdə uğur qazana bilməsək, onda Azərbaycan vətəndaşının rifah halı yaxşı olmayacaq, ölkə inkişaf etməyəcək”.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, TANAP olmasaydı Azərbaycan qazının xaricə ixracı mümkün olmayacaqdı: "Çox güman ki, Cənub Qaz Dəhlizi də olmayacaqdı və ya onun reallaşması elə Nabucco kimi hələ bir onillik də danışıqlar predmeti olaraq qalacaqdı. Məsələnin bir balaca tarixinə gedək. Avropanın siyasi və iqtisadi dairələri əslində adı opera tamaşasından götürülmüş Nabucco-nu gerçəkləşdirmək yox, onun vasitəsilə bazara səs salmaq niyyətində idilər. Məqsəd isə Rusiya kimi qaz çəlləyinin imkanlarından XXI əsrdə daha əlverişli şərtlərlə istifadə etmək imkanı əldə etmək idi. Sonrakı dövr göstərdi ki, Qərb maliyyə siyasətində həddən ziyadə zirəngdir və Rusiyanın ona çatması mümkünsüzdür. Çünki kapital ölkəsi deyil, ona malik olmağa can atır, bu isə fərqli kateqoriyalardır.
Məsələ ondadır ki, rəsmi Bakı vaxtında "enerji oyununun nəbzini" duya bildi və 2011-ci ilin sonunda Qərb üçün gözlənilməz bir addım atdı və qardaş Türkiyə ilə birgə infrastruktur tikəcəyini bəyan etdi. Onu da qeyd edim ki, Azərbaycan uğurla irəliləyə bildi. Dünya enerji bazarında 2015-ci ildə qiymətlər dəfələrlə azalanda iş yerləri ixtisarlar olunurdu, kapital xərcləri minimuma endirilirdi. Məhz həmin ildə TANAP-ın fiziki tikinti  işlərinə start verildi. O zaman qonşu Rusiya mətbuatında TANAP əleyhinə nə qədər yazılar gedirdi. Hətta qonşu dövlətlərin rəhbərləri Azərbaycanın adını çəkmədən deyirdi ki, Avropa alternativ mənbədən qaz almaq istəyir, baxaq görək ala biləcəkmi? Niyə belə deyilirdi?
Onu da qeyd edək ki, Rusiya "Türk axını”nı bitirib 2017-ci ilin əvvəlindən bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, "Türk axını” marşrutu isə hələ də tikilir. Və yaxud, Xəzərin o tayında Türkmənistan 2015-ci ildə TAPİ deyilən miqyaslı - buraxıcılıq gücü ildə 33 milyard kubmetr olan qaz infrastrukturunun tikintisinə start verdi və işlər 2018-də başa çatmalı idi. Həmin boru xətti ilə bu ildən başlayaraq Əfqanıstan- Pakistan-Hindistan marşrutu üzrə qaz getməli idi. Amma bu günə qədər heç Türkmənistan ərazisində qaz kəməri tikilib başa çatmayıb”.
 
İ.Şaban vurğuladı ki, Azərbaycanın tərəfdaşları ilə birgə ölkə sərhədlərindən kənarda meqa bir infrastrukturu zamanında reallaşdırması təqdirəlayiq bir hadisədir: "Özü də təkcə ona görə yox ki, layihənin reallaşdırılması zamanı 5 milyard dollar kapital qoyuluşuna qənaət edildi. Əsas qazanc qarşıdadır və ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti xaricdə boru kəmərinin operatoru rolunda çıxış edirdi və TANAP - Azərbaycanın xaricdəki dəyərli aktivi və yeni tanıtım nişanı olacaq. TANAP Azərbaycana gəlir gətirən ən önəmli layihə olacaq. Onun gəlirlərinin Bakı-Tbilisi-Ceyhanın Azərbaycana gətirdiyi dividentlərdən çox olacağı istisna edilmir. Qeyd edim ki, BTC hazırda Azərbaycana illik 100 milyon dollar ətrafında divident gətirir. TANAP-dan götürüləcək gəlirlər isə bundan 6-7 dəfə çox olması planlaşdırılır”.

BƏXTİYAR