• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

Sözlər çox, düşüncə asudə Müsahibə

25.05.13 09:16 2134
Sözlər çox, düşüncə asudə Müsahibə
Azərbaycan yazıçısı, jurnalist, ictimai xadim Elmira Axundova kimi parlaq, maraqlı insanı əlamətdar günü münasibətilə təbrik edərkən elə özü kimi sıradankənar ibarələr seçmək heç də təsadüfi deyil. Elmira xanımdan və onun gördüyü işlərdən bir-iki kəlmə ilə, müxtəsərcə danışmaq çox çətindir, bəlkə də imkan xaricindədir.
Çoxdandır fikir vermişəm, Elmira gələndə ətrafdakıların baxışı durulur, yumşalır. Çünki onu ölkə həyatında, ayrı-ayrı insanların taleyində iz qoyan hadisələrin fəal iştirakçısı kimi tanıyır və dəyərləndirirlər. İctimaiyyəti narahat edən məsələlər haqqında kəskin yazıları, bədii əsərləri, “Heydər Əliyev: şəxsiyyət və dövr” kimi irimiqyaslı layihəni böyük məsuliyyətlə həyata keçirməsi, Milli Məclisdəki çıxışları, habelə mehribanlığı, zəhmətkeşliyi ona qarşı hamıda rəğbət oyadır, onu yaxşı mənada məşhur, istedadlı ictimai xadim kimi tanıdır.
Geniş qəlbli bu insana qarşı təkcə dost-tanış yox, hətta şəxsən üz-üzə gəlməsə belə, zəkasının işığını, qayğısını, qəlbinin hərarətini, yaxşılıq etmək həvəsini öz üzərində hiss edən, köməyini əsirgəmədiyi hər kəs daim minnətdarlıq duyur, hörmətlə anır. Bu da irsiyyətdən çox iti zəkaya malik bu qıza təəssübkeşliyi, başqasının ağrı-acısını özünə götürüb özünküləşdirməyi, özünə qarşı daha tələbkar olmağı, yalnız öz zəhmətinin, qarşıya məqsəd qoyub onu izləməyin bəhrəsinə qane olmağı öyrətmiş mürəkkəb həyat yolunun nəticəsidir.
Artıq məktəbli yaşında cəsarətli, natamamlıq hissindən uzaq olan Elmira uşaqları ardınca aparar, Azərbaycan Dövlət Universitetində tələbəlik illərində isə komsomol rəhbəri olub, yeknəsəq gündəlik yaşayışın fövqünə qalxmaq, peşə və vətəndaşlıq baxımdan irəli getmək istəyənləri onun ardınca dərnəklərə, yaradıcılıq birliklərinə yazılmağa ruhlandırıb.
Elmira daima irəli, yüksəklərə can atıb, seçdiyi sahə ilə birgə böyüyüb, hər zaman yeniliyi kəşf etmək əzmindədir. Həmişə ətrafdakılara nümunə olsa da, nəinki qısqanclığa tuş gəlməyib, əksinə, yeni-yeni ardıcıllar, silahdaşlar qazanıb. Bütün bunlar sayəsində hələ gənc yaşlarında nüfuzlu mətbu orqanlarının nəzər-diqqətini çəkməsi də çox təbiidir. O vaxtlar SSRİ-nin mərkəzi qəzetləri bu istedadlı, savadlı, zəhmətsevər və məsuliyyətli gənc jurnalistlə əməkdaşlığa böyük maraq göstərirdi. Hələ Azərbaycanın ən taleyüklü dövründə 10 il ərzində böyük müvəffəqiyyətlə, şərəflə “Azadlıq” radosu ilə əməkdaşlıq etməsi yeni gerçəklikləri daha əhatəli dərk etmək, mühüm ictimai siyasi məsələlərə dair fikir yürütmək qabiliyyətini daha da artırdı.
İctimai əhəmiyyət kəsb edən məsələlərə dair aydın, hərtərəfli düşünüb-daşındığı fikirlərini səlis izah etmək, ürəkdən qətiyyətlə rədd etdiyi məqamları iti qələmilə əsaslı şəkildə tənqid etmək bacarığı sayəsində Elmira Axundovanın taleyinə jurnalist olmaq yazıldı.
Yubileyi ərəfəsində qısa müsahibəsində Elmira xanım özü haqqında, peşədə püxtələşdiyi və eyni zamanda əzab-əziyyətlərlə yadda qalan ötən illərin onun üçün daşıdığı məna, dəyər haqqında söhbət açdı.
- Bu gün ötüb keçənlərə nəzər salanda yolumun heç vaxt hamar olmadığını daha aydın hiss edirəm. Necə deyərlər, hazıra nazir olmamışam. Atam və anam istedadlı insanlar olsalar da, peşə seçimi, işə düzəlməklə bağlı mənə erkən yaşımdan sərbəstlik veriblər, yəni qolumdan yapışıb harasa aparanım olmayıb. Böyük mətbuata da gec gəlmişəm. Yazıçılar İttifaqında, sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda bir neçə il çalışıb 31 yaşımda dissertasiya müdafiə etmişdim, ciddi şəkildə tərcümə işilə məşğul olmuşdum. Bütün bunlar elmi axtarışlarda ciddi, sözə, fakta qarşı məsuliyyətli olmağı öyrətmişdi mənə.
- 80-ci illərin axırında ağır günlər yaşayan Azərbaycanda həqiqətlərin dünyaya olduğu kimi çatdırılmasına, haqq səsimizin duyurulmasına kəskin ehtiyac vardı.
- Bəli, elə həmin vaxtlar ölkəmizdə, Dağlıq Qarabaq ətrafında baş verənləri dünyaya tanıtmaq, başa salmaq üçün yazılar yazmağa başladım. Rusiyanın nüfuzlu nəşrləri, o cümlədən “Literaturnaya qazeta”, “Delovoi mir”, “Obshaya qazeta” vs. mənə yazılar sifariş edir və məmnuniyyətlə dərc edirdilər.
- O vaxt “Azadlıq” radiosuna müxbirliyə dəvət almağınızı çoxları vətəndaşlıq və siyasi yetkinliyinizin bariz sübutu kimi qəbul etmişdilər.
- Orada işləmək həm məsuliyyətli, həm də əyləncəli idi.
- Elə o vaxtlar da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sizi görüb oz komandasına dəvət etmişdi, eləmi?
- Komandasına dəvət etdi və sonradan başa düşdüyüm kimi, verdiyim yox cavabına da hörmətlə yanaşdı. Buna baxmayaraq, xarici səfərlərə gedərkən yanındakı nümayəndə heyətinə məni də salmağı unutmazdı.
- Yəqin həmin günlər həyatınızın ən əlamətdar anları olub...
- O görkəmli şəxsiyyətə qarşı get-gedə daha çox hörmət və ehtiram hiss edərək doğrudan da ölkəmizin taleyində çox çətin dönüşə imza atmaq qismətinə yazılmış bu insan haqqında bütün dünyaya bəhs etmək həvəsi məni çulğamışdı.
- O vaxtdan ölkəmizin də, Sizin də həyatınızda çox şey dəyişib. 2005-ci ildən millət vəkilisiniz.
- Bəli, üçüncü və dördüncü çağırış Milli Məclisin üzvüyəm, Sosial Siyasət Komitəsində çalışıram.
- O vaxt Azərbaycan prezidenti yanında Əfv Komissiyasının da üzvü oldunuz.
- Həmin komissiyada indiyədək qalıram.
- Millət vəkilliyi jurnalistikadakı insanpərvər qayəsinin davamı sayıla bilərmi?
- Əslində... Amma burada məsuliyyət dairəsi də, məsələləri çözmək üsulu da çox fərqlidir.
- Milli Məclis hakimiyyətin qanunyaradan qolunu təmsil edən ciddi qurum olsa da, sıravi adamlar buraya çox vaxt məişət problemlərini həll etmək üçün üz tuturlar.
- Burada heç bir ziddiyyət yoxdur, onlar doğru yerə gəlirlər. Belə ki, hər bir qanun layihəsi hazırlandığı vaxt müzakirəsinin, qəbulunun məqsədəuyğunluğundan tutmuş bütün məqamlar ətraflı araşdırılmalıdır. Vətəndaşların müraciətləri də bu suallara cavab tapmağa, yəni dövlətin və hər bir vətəndaşın həyatını tənzimləyəcək sənədin ayrı-ayrı müddəalarını lazımi səviyyədə hazırlamağa çox kömək edir.
- Bu, çox böyük etimaddır.
- Əlbəttə.
- Amma bütün bunlar üçün Milli Məclisdə təmsil etdiyiniz bölgədə də xeyli vaxt keçirməlisiniz.
- Elə keçirirəm də. Cavanlıqda müxbir vaxtlarımda tez-tez ezamiyyətə gedərdim, uşaqlar üçün narahat olardım ki, analarını az görürlər. O vaxt televiziyada çalışan yoldaşım sağ olsun, onlara muğayat olurdu. Mənəvi cəhətdən bütöv insan olan yoldaşım həmişə uşaqlara da, mənə də dəstək verməyi, inam aşılamağı bacarıb. Bu da işimin gərginliyi nəzər alınsa çox əhəmiyyətli məsələdir. Uşaqlar ailədə həmişə sağlam ab-hava, bərəkət görsələr də, arxayınlaşmayıblar. Qızımız BDU-nun beynəlxalq münasibətlər fakültəsini qırmızı diplomla, sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, hətta Moskvada Ali Ssenarist Kursunu bitirib. Oğlumuz da sahibkar kimi uğur qazanıb, iki övlad atasıdır. Odur ki, işimlə bağlı yaranan çoxlu qayğılara, səfərə çıxmaq məcburiyyətinə daha təmkinli baxıram. Artıq həmvətənlərin problemlərini daha çox diqqət ayıra bilirəm.
- Razılıq hissiniz varmı?
- Niyə olmasın ki! Mənim göndərdiyim sorğular və müxtəlif müraciətlər nəticəsində 71 nömrəli Masallı seçki dairəsində yaşayan bir çox kənd sakininin problemləri həll olunub, Milli Məclisdə müvafiq sənədlər hazırlanarkən bizim əsaslı siqnallarımız nəzərə alınıb.
- Mən də eşitmişəm ki, ölkənin ali qanunyaratma qurumunda seçicilərin mənafeyini layiqincə müdafiə etrdiyinizə görə ən fəal millət vəkillərindən biri olaraq dəyərləndirilmişdiniz.
- Olub. Məsələn, təqaüdlərin artırılmasına dair qanun layihəsi üzərində iş gedəndə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları belə bir fikir söyləmişdilər.
- Yəqin söhbət ölkədə təqaüd islahatının həyata keçirilməsi üçün millət vəkillərinin təməl sənəd hazırlamalarından gedir?
- Özü də elə bayaq toxunduğumuz, ilk nəzərdə xırda, əhəmiyyətsiz görünən vətəndaş müraciətləri araşdırırkən ortaya çıxan fikirlər əsasında.
- Bunlar ümumi məcraya toplanmalıdır.
- Təbii ki. Hərçənd vətəndaşlardan gələn siqnalları ümumiləşdirib millət vəkillərinin müzakirəsinə təqdim etmək üçün heç də onların müraciətini gözləmək lazım gəlmir. Bölgənin problemlərini müvafiq qurumların rəhbərləri də danışırlar, elə millət vəkilinin özü də aradan qaldırılacaq problemlərdən xəbərdar olub onları ən yüksək səviyyədə müzakirəyə çıxarır.
- Bəs nəticə?
- Ölkə prezidentinin qayğısı nəticəsində bir çox sanballı qərarlar verilir, büdcədən ayrılan vəsaitlə mövcud nöqsanları aradan qaldırmaq, irəli getmək imkanı yaranır. Məsələn, bizim Masallı dairəsində son səkkiz il ərzində bir çox qəsəbə və kəndlər abadlaşdırıldı, 15 kənd məktəbi tikildi və ya təmir olundu, əvvəlki dövrdə isə bu rəqəm sıfırdır.
- Amma tikinti və abadlıq yerli icra orqanlarının vəzifəsidir...
- Həyat isə göstərir ki, bu cür ciddi məsələlər necə deyərlər, elliklə həll olunur. Odur ki, ayrı-ayrı günahkarları axtarmaqdansa, səyləri birləşdirmək daha səmərəlidir ki, biz də bunu edirik. Hər halda bunun bəhrəsi hər yerdə görünür. Fikir verin, regionların sosial iqtisadi inkişafına dair dövlər proqramının yerinə yetirilməsi ilə Azərbaycanın az qala bütün şəhərlərində gözəl parklar salınıb, meydanlar, küçələr abadlaşdırılıb. Məktəblər, xəstəxanalar, idman qurğuları, sənaye və kənd təsərrüfatı müəssisələri yaşayış keyfiyyətini artırmaq, məşğulluğu, rifah halını yüksəltmək imkanı deməkdir. Əksər yaşayış yerlərinə yenidən təbii qaz verilib, Lerik və Yardımlı kimi bir çox ucqar bölgələrə müasir yollar çəkilib, nəticədə həm ümumi gediş-gəliş yaxşılaşıb, həm də əvvəllər hərəkət etmək qorxulu olan yerlərə rahat gedib çıxmaq olar. Həmçinin ən ucqar bölgələrə içməli su çatdırılmasına, genişmiqyaslı tullantı sular şəbəkəsi tikintisinə dair layihələr həyata keçirilir.
- Doğrudan da adətən mənəvi dünyamızı qidalandıran qələm adamının iqtisadi siyasətdən, sosial məsələlərin həllindən belə baş çıxartdığını görmək çox xoşdur. Bəs ədəbiyyat?
- Ədəbiyyat həyatımın bir parçasıdır, ədəbiyyat qayğıları daim mənimlədir. İstəsən də, istəməsən də adamın düşüncəsi şüuraltında dolaşaraq müşahidələri, məntiqi bağlantıları götür-qoy edir...
- Yəqin 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və dövr” nəhəng layihəsindən sonra bir müddət istirahətə çəkilərsiniz?
- Xeyr. Belə ki, axırıncı cildlər Azərbaycan dilinə tərcümə edilərkən bəzi əksikləri aradan qaldırmaq lazım gəlir. Həmçinin müxtəsər variantı hazırlamaq da böyük zəhmətlə başa gələcək. Belə ki, bir çox MDB ölkələrindən öz dillərində nəşr etdirmək üçün iki-üç cildlik hazırlayıb onlara göndərmək barədə bizə müraciət ediblər.
- Bu iş xeyli vaxt aparacaq.
- Bilirəm. Eyni zamanda bu cür müraciətlər çox sevindiricidir. Həmçinin bəzi çoxdankı planlarımı gerçəkləşdirmək, o cümlədən məsələn, Azərbaycan ziyalılarının tarixinə dair bədii xatirə əsəri yazmaq niyyətimi də hələ kənara qoymuram.
- İndiki gənclərdə mütaliəyə marağın səngiməsi Sizi məyus etmirmi?
- Xeyr. Hər dövrün öz öxucuları, müəllifləri, öz mövzuları, öz ünsiyyət qaydaları var. Oxumurlarsa, deməli, düzgün yazmırıq, düzgün mövzu seçmirik. Yəni müştəri həmişə haqlı olduğu kimi, oxucu da həmişə haqlıdır.
- 1991-1998-ci illərdə Rusiyanın nüfuzlu mətbu orqanı “Literaturnaya qazeta”nın rəhbəri olmuş həmkarınız Aleksandr Udalsov yubileyiniz mübasibətilə Sizi təbrik edərək o vaxtlar hörmət bəslənən xidmətlərinizdən söz açır.
- Elə bilirəm ki, öz prinsiplərimdən dönməmişəm.
- O, çox haqlı olaraq yazır: “Məncə, Rusiyanın və vaxtilə SSRİ-yə daxil olmuş bütün ölkələrin xalqları o vaxtlar respublikanızda baş verənləri başa düşsünlər deyə çox zəhmət çəkmisən və bunu heç kəs inkar edə bilməz. Xüsusi müxbirimiz kimi işlədiyin Bakıdan səmimiyyətlə, istedadla yazdığın məqalələr, reportajlar, xəbərlər qəzet oxucuları tərəfindən həmişə böyük maraqla qarşılanırdı. Xüsusilə Azərbaycan rəhbərlərilə, respublikanın görkəmli yazıçıları, ictimai xadimlərilə müsahibələrin həm Moskvada, həm də bütün MDB-də geniş əks-səda doğururdu”.
- Bu cür təbriklər həmişə qiymətlidir, xüsusilə də yubiley ərəfəsində.
- Biz də Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Qalina Mikeladze
banner

Oxşar Xəbərlər