Sumqayıt Kimya Sənaye Parkında şüşə lövhələr zavodu tikiləcək
Sumqayıt Kimya Sənaye
Parkında (SKSP) sənaye parkının rezidenti olan "AzerFloat” QSC və Almaniyanın "HORN
Glass Industries AG” şirkəti arasında Saziş imzalanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, sənədə əsasən, şüşə əritmə
texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın "HORN
Glass Industries AG” şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq
şüşə lövhələri istehsalı müəssisəsinin layihələndirilməsini həyata keçirəcək,
müəssisəni müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək.
"AzerFloat” QSC şirkəti
Sumqayıt Kimya Sənaye Parkında "Float” texnologiyası (isti vannada yayma) əsasında
şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 mln kv.m
müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə
İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.
Ümumi investisiya
dəyəri 89 mln. avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi
nəzərdə tutulur.
Qeyd edək ki,
hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin
olunur. "AzerFloat” QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə
yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.