AZE | RUS | ENG |

Strasburqda azərbaycanlı girovlardan bəhs edən tədbir keçirilib

Strasburqda azərbaycanlı girovlardan bəhs edən tədbir keçirilib
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) cari yay yarım-sessiyası çərçivəsində 2019-cu il iyunun 25-də "İki nəfər azərbaycanlı mülki şəxsin humanitar işi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin dəstəyi ilə baş tutmuş bu tədbirdə AŞ PA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Trend-in məlumatına görə, giriş sözü ilə çıxış etmiş Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanlı girovların məsələsini ötən 5 il ərzində istər AŞ PA-da, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində qaldırdıqları barədə məlumat verib. O, əlaqədar təşkilatların doğru yanaşma sərgiləmədiklərini və ikili standartlardan çıxış etdiklərini qeyd edib. Səməd Seyidov AŞ PA çərçivəsində yazılı bəyanat yayacaqlarını bildirərək, insan hüquqları və demokratik dəyərlərə hörmətlə yanaşan hər bir deputatı bu yazılı bəyanata qoşulmağa dəvət edib.
Tədbirə moderatorluq edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva tədbir və onun təşkil edilməsində əsas məqsəd barədə söz açaraq, işğal edilmiş Azərbaycan torpaqlarında valideyn və qohumlarının qəbirlərini ziyarət edərkən, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin acı taleyinə diqqət çəkib və humanist məqsədlərlə onların pozulmuş hüquqlarının bərpasına nail olmağın vacibliyini bildirib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasiqəsinin acı nəticələri, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb. Bu qrup insanların sosial vəziyyəti və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş geniş miqyaslı işlər barədə məlumat verib. O, Azərbaycanlı köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaq arzusunu vurğulamaqla, beynəlxalq ictimaiyyəti, o cümlədən AŞ PA-nı soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində təsirli addımlar atmağa çağırıb.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək, azərbaycanlı mülki şəxslərin İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan bütün hüquqlarının pozulduğunu bəyan edib. Girovluqdan öncə və sonra çəkilmiş şəkillərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qoyulduqlarını açıqlığı ilə göstərdiyini qeyd edən Ç.Əsgərov müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası institularının adekvat reaksiya verməməsinin dərin narahatlıq doğurduğunu ifadə edib. O həmçinin Azərbaycan tərəfinin "hamının hamıya" prinsipi əsasında bütün girovların dəyişdirilməsi təklifinin Ermənistan tərəfindən qəbul edilməməsini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Dialoq və İnkişaf Alyansının (IDDA) rəhbəri Nüşabə Məmmədova təmsil etdiyi qurum, xüsusilə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı görülmüş işlər barədə məlumat verib. O, bu günahsız insanların səhhətində ciddi problemlər yarandığına diqqət çəkərək, beynəlxalq ictimaiyyəti onların acı taleyinə biganə qalmamağa çağırıb.

Tədbirdə həmçinin Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çıxış edib. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanladıqları, lakin prosesin artıq bir neçə ildir uzandığını bildirib. K.Əsgərov atasının səhhətində girovluqda olduğu müddətdə yaranmış kəskin problemlərin onun ailəsində ciddi narahatlıq doğurduğunu qeyd edərək, Avropa Məhkəməsini təcili şəkildə ədalətli qərar çıxarmağa çağırıb. O, eyni zamanda atasından artıq 1 il 8 aydır xəbər almadıqlarını açıqlayaraq, beynəlxalq ictiamiyyəti atasının azad edilməsi üçün təcili tədbirlər görməyə səsləyib.

Tədbirdə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələrindən bəhs edən video-çarx nümayiş etdirilib və iştirakçılarla fikir mübadiləsi aparılıb.

Toplantıya yekun vuran Səməd Seyidov təşkilatın təsis edilməsinin 70 illiyinin qeyd edildiyi bir vaxtda Avropa Şurası məkanında girov götürmüş mülki şəxslərin vəziyyətindən danışmağın təəssüf doğurduğunu bildirib. O, Azərbaycanlı girovların azad olunması üçün bütün səylərin səfərbər olunmasına dair çağırış edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002