• çərşənbə axşamı, 24 dekabr, 04:29
  • Baku Bakı 4°C

Sonuncu mogikan - Fotolar

04.04.17 12:00 4361
Sonuncu mogikan - Fotolar
Nəriman Səttar oğlu Şıxəliyev... Azərbaycan Televiziyasının tarixi və bir neçə nəslinin "tərcümeyi-halı” bu tanınmış kino və televiziya operatorunun adı ilə sıx bağlıdır. Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nəriman müəllim öz dövrünün ifadəçisi, həm də salnaməçisidir. Həmkarlarının hörmətlə "Mirzə” deyə müraciət etdikləri N.Şıxəliyev ömrünün 83 ilinin 50 ilini bədii və sənədli televiziya filmlərinin, müxtəlif verilişlərin çəkilişlərinə həsr etmişdir. O da maraqlıdır ki, operatorun lentə aldıqlarını bir-birinin ardınca düzsək, kilometrlərlə yol qət etmiş olarıq.
1934-cü ildə Səttar həkimin ailəsində oğlan uşağı dünyaya gələndə valideynlərin sevinci yerə-göyə sığmırdı. Onlar uşağın adını Nəriman qoydular, "bu uşaq böyüyüb mənim yolumu davam etdirəcək. O, həkim olacaq” deyə Səttar həkim yaxınlarına bildirdi.
Uşaq böyüdü, orta məktəbdə oxuyarkən birillik fotoqrafiya kursuna yazıldı və fotoqraf-laborant, retuşor ixtisasına yiyələndi. Nəriman atasının istəyini həyata keçirə bilməsə də bacısı, görkəmli musiqiçi, tarzən Bəhram Mansurovun həyat yoldaşı Münəvvər xanım həkim oldu. Nərimanı isə xalası qızı Kübra xanım 1956-cı ildə Bakı kinostudiyasına gətirdi. Rəhbərlik bu cavan oğlanın kinoya, xüsusilə operatorluq sənətinə meyli olduğunu nəzərə alıb, onu xronika şöbəsində operator assistenti vəzifəsinə təyin etdi. Beləliklə, Nəriman həyatında ilk dəfə olaraq, müstəqil əmək fəaliyyətinə başladı. Hətta gənc rejissor Oktay Mir Qasım Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, Bakıya qayıtdıqdan sonra hansısa filmində Nərimanı epizodik bir rola çəkdi.
Nəriman kinostudiyada çalışarkən Muxtar Dadaşov, Cavanşir Məmmədov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov kimi sənətkarların yanında təcrübə keçdi, operatorluq sənətinin əlifbasını öyrəndi, özü də müstəqil olaraq çəkilişlərə getməyə başladı.
Günlərin birində Nəriman kinooperator Vladimir Konyaginlə birgə "Sovet Azərbaycanı” kinojurnalına süjet çəkmək üçün Bakı televiziyasına gəlirlər. Burada çəkiliş vaxtı Nərimanı görən televiziyanın sədr müavini Ənvər Əlibəyli diqqətlə bu gənc oğlanın necə işlədiyinə baxıb deyir:
- Oğlum, sən kinostudiyada hansı vəzifədə işləyirsən?
- Operator assistenti, − deyə Nəriman cavab verir.
- Gəl bizimlə burada, televiziyada işlə.
- Fikirləşərəm...

Nərimanın götür-qoy etməsi çox çəkmir. Bir neçə aydan sonra o, yolunu həmişəlik olaraq Bakı televiziyasına salır. 1957-ci ilin yanvar ayından Nəriman televiziya operatoru kimi fəaliyyət göstərir, televiziya tamaşalarının, televiziya proqramlarının çəkilişində iştirak edir. Onun kinolentə çəkdiyi Seyid Şuşinski, Qurban Primov, Rəşid Behbudov, Fatma Muxtarova, Həqiqət Rzayeva, Bəhram Mansurov, Münəvvər Kələntərli, Səid Rüstəmov, Şəfiqə Məmmədova, Ətayə Əliyeva və digər sənətkarların canlı portretləri bizim milli sərvətimizdir. Bu sərvət Azərbaycan televiziyasının arxivində gələcək nəsillər üçün qorunub saxlanılır.
1957-ci ilin mart ayında N.Şıxəiyev kinooperator, bir il sonra baş operator vəzifəsinə irəli çəkilir. Həmin illərdə televiziya proqramlarının hazırlanmasına tələbat artdığı vaxt televiziyada yeni janrların, o cümlədən telefilmlərin yaranması məqsədəuyğun hesab edilirdi. Bunun üçün entuziastlardan ibarət bir qrup yaradılır. Bu qrupa ilk telefilm rejissorlarından Arif Babayev, Rauf Kazımovski, Kamil Rüstəmbəyov, operatorlardan Nəriman Şıxəliyev. Aydın Axundov və başqaları daxil olurlar. Onların çəkdikləri "Səməd Vurğun” (1958), "Dostluq dili” (1959), "Mahnı qanadlarında” (1959), "Bizim opera” (1960), "Mənim Azərbaycanım” (1960), "Azərbaycan kino sənəti” (1960), "Sonuncu müsahibə” (1960) ilk televiziya sənədli filmləridir.

Nəriman Şıxəliyevin rejissor-operator kimi lentə aldığı "Səməd Vurğun” sənədli televiziya filmi kino sənəti növündə çəkilmiş ilk ekran əsəridir. Ümumiyyətlə, Azərbaycan televiziya filmləri tarixində ilk dəfə ağ-qara variantda çəkilmiş "Səməd Vurğun” və ilk rəngli yaradılmış "Bu, Səttar Bəhlulzadədir” filmləri Nəriman Şıxəliyevin adı ilə bağlıdır.

Nəriman müəllim Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə onun xarici səfərlərində iştirak etmiş və çəkilişlər aparmışdır. Həmin səfərləri əks etdirən qiymətli görüntülər – xronikal kinokadrlar televiziyanın fondunda qorunub saxlanılır.

Azərbaycan televiziyasının ilk kinooperatoru olan Nəriman müəllim 130-dan artıq bədii və sənədli film çəkib. Onun rejissor və operator kimi yaratdığı "Bu, Səttar Bəhlulzadədir”, "Mikayıl Müşfiq”, "Fəhlə yataqxanası” və s. filmlər respublika, ümumittifaq və beynəlxalq televiziya və kino festivallarında mükafat və diplomlara layiq görülüb.

N.Şıxəliyev çəkdiyi filmlərin yalnız operatoru olmayıb. Elə filmlər var ki, həmin kinolentlərin titrlərində onun adının qarşısında rejissor-operator sözlərini də oxuyuruq. Ona görə də bu sənətkarın yaradıcılığını iki hissəyə bölmək məqsədəuyğun olardı.

Ustad rejissor-operator kimi "Səməd Vurğun”, "Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü”, "Xəzərdə möcüzə”, "İyirmi il sonra”, "Çalır Bəhram Mansurov”, "Heykəltəraş Fuad Əbdürrəhmanov”, "Azərbaycan miniatürləri”, opeartor kimi onlarla filmə, o cümlədən "Xalqın müğənnisi” (Bülbül), "Üzeyir Hacıbəyov”, "Bəşir Səfəroğlu”, "Mikayıl Müşfiq”, "Badamlı”, "Şuşa”, "Qurultay nümayəndəsi”, "Bakı”, "Azərbaycan narı”, "Heykəltəraş” (İbrahim Zeynalov), "Göylər sonsuz bir dənizdir”, "Atəşgah” və s. kinolentlərə ekran həyatı vermişdir. Bu və digər filmləri nəzərdən keçirəndə mövzu və janr müxtəlifliyinin şahidi oluruq.

Sənədli kino incəsənətin bir növüdür. Digər incəsənət növlərində olduğu kimi, onun da vəzifəsinə həyatın fotosunu çəkmək yox, ayrı-ayrı hadisələri və faktları təhlil etmək və ümumiləşdirmək, bunların sosial tərəflərini başa düşmək daxildir. Azərbaycan televiziyasının sənədli kino ustaları öz ənənələrinə sadiq qalaraq müxtəlif illərdə kinoportret, kinooçerk, hadisəli-informasiya, tarixi-bioqrafik, mənzərə filmləri çəkmişlər.

Görkəmli sənətkar N.Şıxəliyev bir operator kimi çalışdığı dövrdə sənədli kinonun bütün janrlarında filmlər çəkmişdir. Ən populyar kinoportret janrında o, "Xalq nəğməkarı” (1963, Bülbül), "Bəşir Səfəroğlu” (1969, bədii-sənədli), "Bu, Səttar Bəhlulzadədir” (1969), "Heykəltəraş Fuad Əbdürrəhmanov” (1972), "Rəşid Behbudov” (1974), "İsa Hüseynov” (2005), tarixi-bioqrafik janrda "Üzeyir Hacıbəyov” (1967), "Nizami Gəncəvi” (1980), "Qayıdış” (1991, Hüseyn Cavid), "Rəfibəylilər” (2008) və s. filmləri lentə almışdır.

Hadisəli-informasiya filmlərindən "Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri” (1959), "RSFSR ədəbiyyatı və incəsənəti ongünlüyü” (1972), "Qaçqınlar və miqrasiya” (1998), "Bakı toyları” (2007), "Ermənilər” (2007), "Azərbaycan dünən, bu gün, sabah” (2003) və s. misal göstərmək olar.

Tamaşaçıların sevə-sevə baxdıqları janrlardan biri də mənzərə filmləridir. Nəriman müəllim həmkarları ilə doğma respublikamızın şəhər və kəndlərini qarış-qarış gəzmiş, onların əsrarəngiz və gözoxşayan təbiətimizə vurğunluğu "Badamlı” (1972), "Zaqatala qızıl gülü” (1972), "Batabat” (1976), "Qudyalçay” (2001), "Nəbatət bağı” (2002), "Atəşgah” filmlərində öz əksini tapmışdır.

Kinooçerk janrında çəkilmiş filmlər Azərbaycan televiziyasında kinopublisistikanın əsas hissəsini təşkil edir. "Xəzərdə möcüzə” (1961), "Mən Mingəçevirəm” (1967), "Bakı” (1977), "Şuşa” (1973), "Bakı bulvarı” (1977), "Alban abidələri” (2005), "Məbədlər dünyası” (2005, Balakən) və bu qəbildən olan digər filmlərin əksəriyyəti adi informasiya ilə kifayətlənməmiş, müəlliflər burada hadisələrin mahiyyəti haqqında obrazlı şəkildə söhbət açmağa çalışmışlar.

Yaradıcı bir insan olan N.Şıxəliyev çıxışlarının birində gənc televiziya işçilərinə, televiziya filmlərini yaradan həmkarlarına müraciətlə demişdir: "Televiziya işçiləri öz arsenalında, xəzinəsində təsiredici sözə və təsiredici təsvirə malik güclü təbliğat silahına sahib olduqları kimi, təbii ki, özləri də belə vəzifəyə, yüksək ideyaların carçısı vəzifəsinə hazırlıqlı olmalıdırlar.

Film çəkən yaradıcı işçilər zamanla ayaqlaşmalı, zamanın nəbzini tutmağı bacarmalıdırlar. Kinooperatorun silahı onun kamerasıdır. O, bu kameranın gözlüyündən dünyaya müxtəlif rakurslardan baxa, lazım olan detalları, ən incə ştrixləri belə bir-birindən seçə bilməlidir.

Məşhur rus kinorejissoru Qriqori Kozintsev kinotexnikanın kinematoqrafla bağlılığını belə ifadə etmişdir. Bu eyni zamanda televiziya kinosuna da aiddir. O, demişdir: "Kinematoqrafiya təəccüb ediləcək sürətlə öz hüdudlarını dəyişir. Texnika ekranın simasını başqa şəklə salıb... Lakin texnika, hətta ən mükəmməl sənətə çevrilmir. Ekranda mübarizə gedir: texnika qalib gəlir, lakin texnika üzərində də qələbə çalınır. Başqa şəkildə bunu belə demək olar: texnikanı ruhlandırırlar. Yalnız bu zaman "canlı fotoqrafiya”nın əvəzinə kino sənəti meydana çıxır.”

Görkəmli sənətkarın dediklərində böyük həqiqət var. Nəriman müəllim kimi təcrübəli, öz işini dərindən sevən peşəkarlar, ustadın yetişdirdiyi və ölkəmizin müxtəlif televiziya kanallarında çalışan operatorlar, bu sənəti daim öyrənməyə səy göstərənlər çəkdikləri filmlərdə uğurlar əldə edə bilirlər. Onu da qeyd etmək lazımdır ki, N.Şıxəliyevin yetirmələri təkcə respublikamızda deyil, həm də MDB-nin şəhərlərində, bir sıra xarici ölkələrdə peşəkar kinooperator kimi fəaliyyətlərini davam etdirirlər.

"Ekran-efir” qəzetində Nəriman müəllim barədə belə qiymətli sətirlər var: "Öz işinin ustası kimi tanınan və sevilən Nəriman Şıxəliyev sadə və səmimi bir insandır. Xarici görkəmi ilə avropalıları xatırlatsa da, daxili dünyasında zəngin Şərq müdrikliyi, Şərq mədəniyyəti var. Nəriman müəllim çox danışmağı sevməz. Amma danışanda da elə danışar ki, sözünün-söhbətinin cazibəsindən qurtula bilməzsən.

Qocaman sənətkarın tərcümeyi-halı çəkdiyi saysız-hesabsız filmlər və verilişlərdir. Bu insanın şəxsiyyəti bu günkü gənc peşə sahiblərinə canlı bir nümunə, gözəl örnəkdir.”

Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür.

Nəriman müəllim bu gün film çəkməsə də, vaxtilə lentə aldığı "Üzeyir Hacıbəyov”, "Bəşir Səfəroğlu”, "Mikayıl Müşfiq”, "Badamlı”, "Şuşa”, "Şamama Həsənova”. "Rəşid Behbudov”, "Xınalıq etüdləri”, "Polad Bülbüloğlunun mahnıları”, "Qayıdış” və s. sənədli filmlər mavi ekranlarda tez-tez nümayiş etdirilir, tamaşaçıları ölkəmizin keçmişi və bu günü, görkəmli sənət adamları və respublikamızın görkəmli yerləri ilə tanış edir.

Əmək veteranı olan Nəriman müəllim milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına və Tərəqqi medalına layiq görülmüşdür.
Aydın Kazımzadə














banner

Oxşar Xəbərlər