Siyavuş Novruzov YAP-ın deputatlığa namizədlərinin fəaliyyətini açıqladı

Siyavuş Novruzov YAP-ın deputatlığa namizədlərinin fəaliyyətini açıqladı

Cəmiyyət
10 Yanvar 2020, 14:37 286
Azərbaycan Respublikasında demokratik seçki mədəniyyətinin formalaşması və ikişafı Ümumilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl islahatların məntiqi təsdiqi və yekunudur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi islahatların mühüm cəhətlərindən biri də ölkəmizdə bütün səviyyələrdə (prezident, parlament, bələdiyyə) keçirilən seçkilərin məhz dünyanın qabaqcıl demokratik ölkələrinin qəbul etdiyi yüksək standartlar çərçivəsində həyata keçirilməsinin təmin edilməsidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə keçirilən hər bir seçkiyə xalqımızın qarşısında növbəti hesabat və imtahan kimi yanaşaraq, iqtidar partiyası kimi öz üzərinə düşən məsuliyyəti aydın şəkildə dərk edir. Belə ki, partiyamız hər seçkinin başa çatdığı günün səhəri artıq növbəti seçki kampaniyasının hazırlıqlarına başlayır.

Təsadüfi deyil ki, ölkənin avanqard siyasi qüvvəsi kimi YAP respublikada baş verən ictimai-siyasi dəyişikliklərə fəal reaksiya verməli, idarəetmənin bütün sahələrində islahatların sinxron və paralel həyata keçirilməsi işinə öz töhfəsini verməlidir. Məhz bu amilləri nəzərə alaraq, qanunverici orqanın öz işini günün tələbləri səviyyəsində qurması, həyata keçirilən islahatlarla ayaqlaşmasın məsələsini gündəmə gətirərək, ötən ilin sonlarında parlamentin yenilınməsi təşəbbüsü ilə çıxış etdi.

Ona görə də, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası, İdarə Heyəti, İcra katibliyi və rayon (şəhər) təşkilatlarının 2019-cü ilin dekabr ayından etibarən fəaliyyəti əsasən Milli Məclisə keçiriləcək seçkilərə həsr edilmişdir. Bununla bağlı Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyətinə dair proqram təsdiq edilmiş və mərhələli şəkildə həyata keçirilmişdir. İlk növbədə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 84 rayon (şəhər) şöbəsi yaradılmış, texniki təhcizatla təmin edilmiş, qərargah üzvlərinə treninqlər keçirilmişdir.

Habelə, bütün respublika üzrə seçici siyahılarının dəqiqləşdirilməsi uğurla başa çatdırılmışdır. Məntəqələr üzrə ərazinin sosial-iqtisadi problemləri, əhalinin xüsusiyyətləri öyrənilmiş, seçki prosesində iştirak edən partiya fəallarının və müxtəlif mobil qrupların işinin təşkil edilməsi və koordinasiyası təmin edilmişdir.

Seçki Məcəlləsinin tələblərinə uyğun namizədlərin irəli sürülməsi və onların sənədlərinin müvafiq seçki komissiyasına təhvil verilməsi təmin edilmişdir. Habelə, Yeni Azərbaycan Partiyasının həm respublika üzrə 2, həm də 123 nəfər seçki dairələri üzrə səlahiyyətli nümayəndələr müəyyən edilmişdir. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması, onların qeydə alınması və namizədlik vəsiqələrinin alınması təşkil edilmişdir. Ümumilikdə Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 123 nəfər üzvünün namizədliyi qeydə alınmışdır.

Partiyanın namizədlərinin siyahısına diqqət yetirsək görərik ki, ümumxalq partiyası olaraq Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir və onların hamısı ali təhsillidir. Hər zaman digər partiyalardan fərqli olaraq YAP öz sıralarında cəmiyyətin öncül ziyalı təbəqəsinin yer almasına xüsusi həssaslıqla yanaşmışdır. Bu şəxslər daim partiyanın rəhbərliyinin diqqət mərkəzində olmuş, həm seçki orqanlarda, həm də idarəetmə aparatının digər qollarında uğurla təmsil olunmuşdur. Həmin amil özünü budəfəki namizədlər siyahısında da biruzə vermişdir. Belə ki, YAP namizədlərinin 21 elmlər doktoru, 22 isə elmlər namizədidir.

Namizədlərin müəyyən olunmasında mühüm amillərdən biri də ötən çağırışlarda deputat olmuş şəxslərin fəaliyyətinin dəyərləndirilməsi zamanı ortaya çıxmışdır. Belə ki, bu dəfə namizədlər siyahısında öz seçiciləri ilə mütəmadi görüşən, onların problemləri ilə maraqlanan və həll edən,komissiyaların və plenar iclasların işində fəal iştirak edən, ölkəmizi xaricdə uğurla təmsil edən deputatlar yer almışdır. Onların sayı 45 nəfərdir.

Partiyamız daim yaşlı və gənc nəslin müvafiq olaraq təcrübə və enerjisinin vəhdətinə, başqa sözlə sinerjisinə inanır. Ona görə də təsadüfi deyil ki, namizədlərimizin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Ölkəmizdə iqtisadi inkişafa paralel olaraq dövlət bölməsi ilə yanaşı təsərrüfatın özəl sektoru da sürətlə inkişaf edir. Həmin sahədən çıxmış şəxslərin parlamentdə təmsil olunması və bu zümrənin tələb, təklif və qayğılarını qanunverici orqanda dilə gətirməsi günün tələbinə çevrilmişdir. Namizədlərimiz arasında 10 nəfər məhz bu sahəni təmsil edir.

Prezident İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirmək” çağırışı partiyamızın fəaliyyətində mühüm proqram xarakteri daşımaqdadır. Bu baxımdan təhsil və səhiyyə millətimizin sağlam gələcəyinin təmin edilməsi səbəbindən strateji əhəmiyyət daşıyır. Namizədlər siyahımızda 22 nəfər təhsil, 6 nəfər səhiyyə sahəsini təmsil etməklə, əgər seçilərlərsə, bu sferada qəbul olunacaq qanun və qərarların keyfiyyət və effektivliyi baxımından mühüm rol oynayacaqlar.

Bələdiyyələrə adətən "kiçik demokratiya məktəbləri” deyilir. Namizədlərimizdən 6 nəfəri artıq bu mərhələni geridə qoyaraq, siyasi və seçki təcrübəsi əldə edərək partiyamızı qanunverici orqanda təmsil etmək üçün irəli sürülmüşdür.

YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət vermişdir. Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer vermişdir. İndi isə Azərbaycan Respublikasında 09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin sosial tərkibinin statistikasını təqdim edirəm:

Namizədin sayı: - 123 nəfər

Onlardan: Qadın - 28 nəfər

Kişi - 95 nəfər

Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər

36-45 yaş - 35 nəfər

46-60 yaş - 40 nəfər

60-dan yuxarı - 30 nəfər

Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər

Milli Məclisin deputatı - 45 nəfər

Bələdiyyə üzvləri - 6 nəfər

Səhiyyə üzrə - 6 nəfər

Təhsil üzrə - 22 nəfər

Özəl sektor - 10 nəfər

Müvəqqəti işsiz - 2 nəfər

Təhsil üzrə: Ali - 123 nəfər

Elmi dərəcəlilər: Elmlər namizədi - 22 nəfər

Elmlər doktoru - 21 nəfər

YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər

Yekunda qeyd etmək istərdim ki, partiyamızın irəli sürdüyü hər bir namizəd böyük bir məsuliyyətin altındadır və əminik ki, ona göstərilən yüksək etimadı doğrultmaq seçki marafonunu müvəffəqiyyətlə başa vurmaq üçün əlindən gələni edəcəkdir. YAP isə bütün gücü və seçki təcrübəsi ilə onların arxasındadır, sonadək dəstəkləyir və bu mühüm siyasi kampaniyada uğur arzulayır!

Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini