AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Siyasi sistemin yeni konfiqurasiyası

Siyasi sistemin yeni konfiqurasiyası

Cəmiyyət
08 İyul 2020, 18:10 4300
Partiyalar dövlətçiliyin möhkəmlənməsi üçün birgə əməkdaşlıqda səylərini artırmalıdırlar

Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib.Görüşdə PrezidentAdministrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib."Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə çıxış edən Prezident Administrasiyasının (PA) şöbə müdiri Ədalət Vəliyev deyib ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Onun sözlərinə görə, bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. PA rəsmisi pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmlənməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb. Görüşün sonunda Milli Məclisdə təmsil olunan siyasi partiyaların adından bəyanat qəbul olunub.
 


Vahid mövqedən çıxış etmək

Bu görüşdə iştirak edən partiya sədrləri ilə əlaqə yaradıb onların təəssüratlarını öyrəndik. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham əliyevin rəhbərliyi ilə ölkədə islahatlar həyata keçirilir və bu islahatlar parlamentdən də yan keçməyib. Millət vəkilinin sözlərinə görə, islahatlar çərçivəsində ölkədə çoxpartiyalı sistemin formalaşması istiqamətində mühüm addımlar atılıb: "Cari ilin əvvəlində keçirilən parlament seçkilərində Milli Məclisin yeni tərkibində dəyişiklik oldu, müxalifətin parlament idarəçiliyində təmsil olunmasına şərait yaradıldı. Prezident Administrasiyasında həyata keçirilən struktur və kadr islahatları çərçivəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb ki, bu şöbənin ölkədəki partiyalarla əlaqələri mövcuddur. Mütəmadi məsləhətləşmələr keçirilir, problemlərin həllinə çalışılır. Bir sıra məsələlər var ki, həm qeyd edilən şöbə ilə əlaqələr çərçivəsində gündəmdə saxlanılır, həm də Milli Məclis rəhbərliyi və Administrasiya rəsmisinin iştirakı ilə keçirilən budəfəki görüşdə müzakirə edildi. Bunlar azərbaycanın milli-dövlətçilik maraqlarının, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, müsbət beynəlxalq imicinin qorunması, ölkəmiz əleyhinə aparılan informasiya müharibəsinə qarşı vahid siyasi mövqedən çıxış etmək və sair bu kimi məsələlərdir. Azərbaycanı müasir, demokratik, hüquqi dövlət olaraq daha da güclü etmək, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, ərazi bütövlüyünün təmini üçün çox işlər görülməlidir. Bunun üçün Azərbaycanın bütün siyasi qüvvələri, inttellektual kəsimi fikir ayrılığına baxmayaraq, vahid mövqedən çıxış etməlidirlər. Çünki, dövlətin və xalqın mənafeyi üçün bütün səylər birləşdirilməlidir. Milli Məclis sədrinin və Prezident Administrasiyası rəsmisinin iştirakı ilə keçirilən görüşün də əsas məqsədi bundan ibarət idi”. 
 

 
Daha geniş formatda dialoq

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa belə görüşün faydalı olduğunu dilə gətirib. Bildirib ki, bu, Ədalət Vəliyev Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə müdir təyin olunandan sonra siyasi partiyalarla onun dialoq formatında keçirilən ikinci böyük görüşüdür: "Budəfəki görüş bir qədər məhdud formada, yalnız Milli Məclisdə təmsil olunan siyasi partiyalarla keçirildi. Əsas müzakirə mövzusu partiyaların parlamentdə, həmçinin pandemiya dövründə fəaliyyəti, beynəlxalq çərçivədə gördükləri işlər və sair bu kimi məsələlər oldu. Maraqlı tənqidi fikirlər də səsləndirildi ki, bu, hakim partiya, iqtidaryönlü və parlament müxalifətinin təmsilçiləri tərəfindən müzakirə olundu. Hər bir partiya sədri müxtəlif məsələlərə öz baxışını ortaya qoydu. Düşünürəm ki, partiyalararası dialoqun güclənməsi, hakimiyyətlə partiyalar arasında olan münasibətlərin daha mədəni çərçivədə inkişaf etməsi, bu yöndə siyasi təməlin qurulması baxımdan olduqca əhəmiyyətli görüş və müzakirə oldu. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, siyasi partiyalarla ayrıca votsap qrupu yaradılıb və mühüm məsələlər orada da mütəmadi müzakirə edilir. Partiyaların fəaliyyəti, qarşılıqlı əməkdaşlığı o qrupda geniş əhatə olunur. Fikrimcə, bu görüş gələcəkdə partiyalararası daha geniş formatda dialoqun keçirilməsi üçün zəmin hazırladı. Görüşdə səsləndirilən fikirlərin müəyyən dərəcədə həyata keçirilməsi ümumilikdə partiya demokratiyasının inkişafı baxımdan xeyli faydalı olacaqdır”.
 


Özünü cəmiyyətə təqdim etmək

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı qəzetimizə açıqlamasında söyləyib ki, sözügedən görüşün keçirilməsi barədə təşəbbüs Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevdən gəlib və partiya sədrləri təklifi məmuniyyətlə qəbul ediblər: "Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova, ardınca Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış etdi. O, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırdı, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlərdən, aparılmış təhlillərdən, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlərdən, habelə konstruktiv əməkdaşlığın qurulmasından geniş söhbət açdı. Ədalət Vəliyev sadəcə parlamentdə təmsil olunan siyasi partiyalarla deyil, ümumilikdə ölkədə fəaliyyət göstərən, özünü cəmiyyətə təqdim etməyi bacaran partiyalarla ünsiyyətin, dialoq və debatların keçirilməsinin vacibliyini xüsusi olaraq vurğuladı. Bildirdi ki, belə dialoqların bundan sonra da keçirilməsi zəruridir”.
 


Milli və dövlət maraqlarının müdafiəsi

AVP sədrinin qənaətincə, budəfəki görüş gələcəkdə siyasi partiyalarla daha geniş formatda dialoqun keçirilməsi üçün atılan ilkin addımdır: "Təbii olaraq bu, videokonfransda iştirak edən hər bir partiya sədri tərəfindən müsbət qiymətləndirilir. Bir neçə siyasi təşkilatın qeydiyyata alınması, cəmiyyətdə nüfuzu, real gücü olan partiyaların bundan sonra da qeydiyyata alınması, siyasi qüvvələrin cəmiyyətdə yerinin və rolunun gücləndirilməsi, onların fəaliyyətinə əlverişli şəraitin yaradılması, partiyaların qarşılaşdığı bir sıra problemlər də diqqətə çatdırıldı. Ədalət Vəliyev mövcud problemlərin aradan qaldırılması üçün tədbirlərin görüləcəyini vurğuladı.İndiki pandemiya dövründə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı siyasi partiyaların bir yerdə olması, daim milli-dvövlətçilik maraqlarından çıxış etməsi, Ermənistanın işğalçılıq siyasətinə qarşı vahid mövqe nümayiş etdirilməsi kimi məsələlər də müzakirə mövzusu oldu. Fikrimcə, bu görüş ciddi bir hadisə kimi yadda qaldı. Hakimiyyətlə siyasi partiyaların dialoqunun növbəti nümunəsi oldu. İqtidar-müxalifət münasibətlərində sivil, konstruktiv əməkdaşlıq, milli və dövlət maraqlarının müdafiəsində birgə mövqe nümayişi bundan sonra da davam edəcəkdir”.
 


İqtidarın müxalifətə verdiyi dəyər

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli də keçirilən görüşü müsbət qiymətləndirib. Qeyd edib ki, bu cür dialoq şəraitində müzakirələrin davam etdirilməsi zəruridir: "Görüşdə ümummilli məsələlərə toxunduq, müzakirələr apardıq və yekdilliklə bəyanat qəbul etdik. Azərbaycan dövlət başçısının siyasətini və pandemiyaya qarşı mübarizədə hökumətin gördüyü tədbirləri təqdir etdik. Azərbaycan Prezidentinin xarici və daxili siyasətini birmənalı şəkildə müdafiə etdik və qərara gəldik ki, iqtidar-müxalifət görüşləri davamlı olsun. Ümid edirəm ki, digər siyasi partiyalarla da belə görüşlər olacaq. Keçirilən görüşdə pandemiya şəraitində qarşıda duran vəzifələri müəyyən etdik, siyasi partiyaların, QHT-lərin, fondların fəaliyyətinə toxunduq, Milli Məclisin işinin daha effektiv qurulması üçün öz təkliflərimizi irəli sürdük, fikir mübadiləsi apardıq. Hesab edirəm ki, partiyaların yeni konfiqurasiyası şəraitində əməkdaşlıq münasibətlərinin genişləndirilməsi çox mühümdür. Artıq Milli Məclisdə müxalifət partiyaları, Milli Məclis sədrinin müavini, komitə sədri və komitə sədrinin müavinləri səviyyəsində təmsil olunurlar. Bu iqtidarın müxalifətə verdiyi dəyərdir, Azərbaycan Prezidentinin başladığı islahatlar sisteminə böyük töhfədir. Çünki Prezident İlham Əliyev təkcə iqtisadi sahədə deyil, eyni zamanda, siyasi sahədə də islahatlar aparır. İslahatlar qanunvericilik, məhkəmə, icra hakimiyyəti və digər sahələri əhatə edir. Belə bir fonda "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşü olduqca faydalı hesab edirəm”.

Rufik İSMAYILOV