• cümə axşamı, 28 mart, 21:22
  • Baku Bakı 13°C

Siyasi partiyalar üçün dövlət maraqlarının müdafiəsi birinci şərt olmalıdır

11.09.19 19:07 741
Siyasi partiyalar üçün dövlət maraqlarının müdafiəsi birinci şərt olmalıdır
Sentyabrın 11-də Bakıda Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media təmsilçiləri və siyasi ekspertlər iştirak ediblər. AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı siyasi təşkilatların öz iradəsini ortaya qoymasının zəruriliyini vurğulayaraq qeyd edib ki, partiyalar Azərbaycan dövlətçiliyinin yanında olmalıdır.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədovda bildirib ki, istənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Onun sözlərinə görə, sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir və hakimiyyət iddiasında olan partiyalar hansısa xarici qüvvənin deyil, xalqın marağından çıxış etməlidir.Diskussiya şəraitində keçən müzakirələrdən sonra birgə bəyanat qəbul edilib. Respublikamızda siyasi proseslərə, beynəlxalq hüquqazidd hər hansı xarici müdaxilənin yolverilməz olduğu bəyanatda xüsusi vurğulanıb və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyət zəruri sayılıb.


Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa sözügedən tədbir, orada səsləndirilən fikirlər, qəbul edilən bəyanatla bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycandakı siyasi partiyalar, vətəndaş cəmiyyəti arasında bu kimi dialoqların olmasını normal hal kimi dəyərləndirib. Qeyd edib ki, belə dialoqlar mütəmadi olmalıdır: "Belə dialoqlar zamanı siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri arasında fikir mübadiləsi aparılır, ölkənin problemləri dilə gətirilir və onların həlli yolları barədə təkliflər, təşəbbüslər səsləndirilir. Fikrimcə, belə təşəbbüslər hökumət tərəfindən nəzərə alınmalıdır. Bu dialoq eyni zamanda siyasi mədəniyyətin bir formasıdır. Çünki, budəfəki tədbirdə sadəcə siyasi partiyalar deyil, vətəndaş cəmiyyəti təmsilçiləri, media rəhbərləri də iştirak edirdi. Ümumilikdə bu, Azərbaycanın daxilinə xaricdən nüfuz etmək istəyən neqativ təsirlərə, kənar müdaxilələrə qarşı bir duyarlılıq, həssaslıq göstərilməsi üçün vacibdir. Son nəticədə bu tədbir daha mədəni siyasi ab-havanın formalaşmasına xidmət edəcək bir addımdır. Digər tərəfdən, orada səsləndirilən bəzi fikirlərdə qınaq obyektinə çevrilənlər heç də müxalif düşüncə tərzi deyil. Söhbət qeyri-etik, mədəni çərçivəni aşan ritorikadan gedir. Azərbaycan cəmiyyətində bu cür ritorikanın ortadan qalxmasına ciddi ehtiyac var”.


Millət vəkili deyib ki, əgər kiminsə əlində xaricdə hər hansı imkan var və bunu qeyd edilən məqsədlə istifadə edirsə, gələcəkdə bu, bumeranq effekti verəcək, onun özünə qarşı da çevriləcək: "Məhz buna görə bu məsələnin qarşısını almaq hər birimizin borcudur. Mədəni dialoq mühitinin yaradılması, insanların öz fərqli fikirlərini mədəni üslubda dilə gətirməsi imkanlarını cəmiyyətə təqdim etmək zəruridir. Ümumən belə məsələlərdə bütün siyasi qüvvələrin həmfikir olması vacibdir”.


Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycandakı siyasi palitrada, siyasi partiyaların hər birində dövlət maraqlarının müdafiəsi birinci şərt olmalıdır. O deyib ki, xarici qüvvələrin təsiri altında olan, onların maşası rolunu oynayan təşkilatlarla sağlam müxalifət partiyalarını qarışdırmaq düzgün deyil: "Demokratik prinsiplər baxımından yanaşsaq, müxalifətçilik normal haldır, vacibdir. Problemləri dilə gətirmək, tənqid etmək, onların həlli üçün fərqli fikir və təşəbbüslər irəli sürmək, qanuni yollarla hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq siyasi təşkilatın əsas fəaliyyətlərindəndir. Amma ölkədə destruktiv fəaliyyət göstərmək, müxtəlif bəhanələrlə seçkilərə qatılmamaq, müxtəlif ziddiyyətlər, qütbləşmə yaratmağa çalışmaq fərqli yanaşmadır. "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masaya gəlincə, bu tədbirdə iqtidar partiyası ilə yanaşı, həm parlamentə təmsil olunan müxalifət partiyalarının, həm də digər müxalif təşkilatların, milli demokratik düşərgəyə aid qurumların iştirak etməsi, fikir mübadiləsi aparması müsbət haldır. Düşünürəm ki, bu təşkilatlar ölkədəki problemləri, onların həlli ilə bağlı hüququ, məsuliyyəti bölüşməlidirlər. Azərbaycan hamımızın Vətənidir və bu ölkədə elə məsələlər var ki, ona münasibətdə iqtidar-müxalifət mövqeyi deyil, vətəndaş münasibəti ortaya qoyulmalıdır”.


Millət vəkili qeyd edib ki, kimin nə söyləməsindən asılı olmayaraq, ölkənin problemləri meydanlarda hay-küy salmaqla deyil, masa ətrafında, qarşılıqlı fikir mübadiləsi şəraitində həllini tapır: "Bu, ən doğru yoldur. İndiyə qədər heç kimə qarşı müxalif fikir bildirməsinə, alternativ təklif irəli sürməsinə görə hər hansı təzyiq, sıxma-boğma olmayıb. Partiya sədri, millət vəkili olaraq dəfələrlə Milli Məclisdə tənqidi fikirlər səsləndirmişəm, büdcə məsələləri müzakirə olunan zaman sərt yanaşma və təklif ortaya qoymuşam. Bu təkliflərin bir qismi nəzərə alınıb və hər kəs də bunu təqdir edib. Bizim yanaşmamız belədir ki, müxalifət olaraq hakimiyyətə gələ bilmiriksə, ölkəmizin daha da güclənməsinə, vətəndaşlarımızın hər hansı probleminin həllinə xidmət edəcək fikir və təkliflərimiz hakimiyyətə gəlməli, bununla vətəndaşlarımızın, dövlətimizin maraqlarına xidmət etməliyik”.

MDHP sədri müxtəlif bəhanələrlə xaricə sığınan, oradan Azərbaycana və ayrı-ayrı dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparan, söyüş və təhqiri siyasi mübarizə adı altında cəmiyyətə sırımaq istəyən şəxslərin müxalifəti təmsil etmədiklərini dilə gətirib: "Azərbaycan mentalitetində oturuşmuş ənənələr var ki, onları qoruyub saxlamaq vacibdir. Bu kontekstdən də yanaşsaq, siyasi mübarizədə söyüşdən, təhqirdən istifadə olunması qəbul edilən deyil. Buna yol verənlərin tərbiyəsinin, mədəniyyətinin hansı səviyyədə olduğu nümayiş olunur. Yalnız zəif, tərbiyədən və mədəniyyətdən kasad insanlar, tutarlı arqument ortaya qoya bilməyənlər söyüşə, təhqirə yol verərlər. Belələri bütün cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməlidirlər. Çünki, həm bu kimi qüvvə və şəxslərin, həm də Milli Şura kimi xaricdən yaradılan və idarə olunan təşkilatların məqsədi sağlam müxalifətçilik etmək deyil. Onlar xarici ölkələrin maraqlarını Azərbaycanda müdafiə etməklə məşğuldurlar. Bunun adı xəyanətdir və öz dövlətinə, öz ölkənə qarşı fəaliyyət göstərməkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər