• cümə, 26 Aprel, 12:46
  • Baku Bakı 23°C

Sığortalanmayan sığorta problemləri

15.01.15 10:20 1971
Sığortalanmayan sığorta problemləri
Bazar iqtisadiyyatı şəraitində kreditlər biznes əməliyyatlarının ən mühüm elementlərindən biridir və kommersiya sövdələşmələrinin əhəmiyyətli hissəsi məhz kreditlər vasitəsilə reallaşdırılır. Öz növbəsində biznes kreditləri yeni imkanlardan istifadə olunması, yeni bazarların tapılması və yeni müştərilərin cəlb olunması üçün də mühüm alətlərdən sayılır. Lakin heç bir ölkədə bank-kredit sisteminin maliyyə resursları sonsuz deyil və bu resursların bölüşdürülməsi sahəsində çox ciddi rəqabət mövcuddur. İstənilən biznes strukturu kredit götürmək, fəaliyyətini genişləndirmək üçün səy göstərir. Kredit təşkilatları isə iddiaçılar arasında seçim etmək, daha az riskli subyektlərə kredit xətti açmağa məcburdur. Əks halda, qaytarılmayan borclar bank-kredit sistemini iflas vəziyyətinə gətirər.
Bütün dünyada KOS banklar üçün əsas risk qruplarından biri sayılır. Bu səbəbdən uzun illər KOS-ların kredit bazarına girişi ilə bağlı ciddi maneələr olub. Nəticədə ayrı-ayrı ölkələrdə KOS-ların kreditlərinin sığortalanması və bankların üzləşə biləcəyi risklərin müstəqil sığorta təsisatları tərəfindən qarşılanması ideyası meydana gəlib. Dünya təcrübəsində bu cür sığorta institutları “kredit təminatı fondları” adlandırılır.
Kiçik və orta sahibkarlığın baş bəlası

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişaf etdirilməsi qarşıya vəzifə kimi qoyulub. Dövlət başçısının da xüsusi diqqət mərkəzində olan KOS üçün kreditlərə əlçatanlıq təmin edilir. Ölkəmizdə hələlik qüvvədə olan qanunvericilik kreditlərin sığortalanması ilə bağlı hüquqi mexanizmlər müəyyən etmir. Doğrudur, dövlət vəsaiti hesabına formalaşdırılan Sahibkarlığa Kömək Milli Fondu KOS-ların güzəştli kreditləşməsi üçün imkanlar yaradıb və fəaliyyətə başladığı 10 ildən artıq dövr ərzində Fond vasitəsilə verilən kreditlərin həcmi 1 milyard manatı ötüb. Lakin istənilən halda həmin kreditlər güzəştli olmasına, kommersiya kreditləri ilə müqayisədə daha aşağı faizlə təqdim edilsə də, sığorta mexanizmi olmadığından, bu vəsaitləri girovsuz əldə etmək mümkünsüzdü.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, müxtəlif ölkələrin təcrübəsində KOS-ların kredit risklərinə təminatın 2 forması geniş yayılıb: “Kredit risklərinin sığortalanması və kreditlər üçün zəmanətin verilməsi. Kredit riskinin sığortalanması ixtisaslaşmış sığorta və ya kreditlər üzrə zəmanət şirkətləri tərəfindən banklara göstərilən spesifik maliyyə xidmətidir. Bu xidmətin təqdim edildiyi şəraitdə kredit borcunun qaytarılması ilə bağlı riskləri sığorta şirkəti öz üzərinə götürür, qaytarılmayan borca görə banka dəyən zərəri sığorta (yaxud zəmanət) şirkəti ödəyir. Kredit risklərinin sığortalanması ya borcgötürənin məsuliyyətinin sığortası, ya da kreditin qaytarılma riskinin sığortası vasitəsilə baş verir. Borcgötürənin məsuliyyətinin sığortası üçün əsas sığorta hadisələrinə borcgötürənin həyatını itirməsi, iş qabiliyyətini itirməsi kimi hallar daxildir. Kreditin qaytarılma riskinin sığortası ilə bağlı sığorta hadisələrinə fors-major hallarla (məsələn, təbii fəlakətlər, valyuta və ya əmtəə bazarında çaxnaşmalar və s.) bağlı biznes strukturunun borcu qaytara bilməməsinə səbəb olan hadisələr aiddir.
Bir qayda olaraq, Avropa ölkələrinin təcrübəsində sığorta şirkətləri KOS-ların zərər və ya itkiyə məruz qalan kredit vəsaitlərinin orta hesabla 70-90%-ni qarşılayırlar. Sığorta şirkətlərinə ödənilən sığorta haqqı məsləhət xidmətləri nəzərə alınmadan sığortalanan kredit məbləğinin 0.35%-dən çox olmur. Məsləhət xidmətlərinin məbləği isə 7-75 avro intervalında dəyişilir”. R.Ağayev deyir ki, dünyada mövcud olan sistemlərin tətbiqi mexanizmlərində müəyyən fərqlilik olsa da, həmin mexanizmlər vahid modelə əsaslanır.
Müşahidələr göstərir ki, ən yaxşı və uzunmüddətli təcrübəyə malik ölkələr kimi Niderland, Almaniya, Fransa və İspaniyanın adı çəkilir. Yerdə qalan ölkələrdə bu institutun daha cavan olduğu qeyd edilir. Biznes subyektlərinin öz kreditlərinin sığortalanması üçün ödəmələrinin ÜDM-də payının ən yüksək səviyyəsi İspaniyada (0.06%), ən aşağı səviyyəsi isə Yunanıstanda (0.006%) qeydə alınıb. AB-də sığortalanan kredit dövriyyəsinin həcmi ÜDM-nin təxminən 14%-i qədərdir. Öz növbəsində, həmin göstərici Niderlandda 21%, Yunanıstanda isə 1.7% səviyyəsindədir. Araşdırmalara görə, Avropada iri şirkətlərin orta hesabla 15, KOS-ların isə cəmi 8%-i öz kreditlərini sığortalayırlar. Fransada KOS-ların 15%-i, iri sahibkarların 50%-i, Avstriyada KOS-ların 7.29%-i, iri sahibkarların 37%-i kreditlərin sığortası ilə əhatə olunub. Bundan əlavə, Avropa Birliyinin bəzi ölkələrində sığortalanan kreditlərin ÜDM-ə nisbəti 15% ətrafındadır. Halbuki ümumi kreditlərin payı bundan 5-6 dəfə çoxdur.
Azərbaycanda mövcud vəziyyət və qanunvericilik

Bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda kiçik-orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolu o qədər də yüksək səviyyədə deyil. Rəsmi statistikaya görə, 2013-cü ildə KOS-ların ÜDM-də payı 3%, o cümlədən qeyri-neft sektorunda 5.4% təşkil edib. İqtisadiyyatda çalışanların təxminən 7.5%-i KOS-ların payına düşür. Nəhayət, ölkə üzrə əsas kapitala investisiyalarda KOS-ların xüsusi çəkisi 3% ətrafındadır.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə qaydalarına görə, məbləği 500 000 manatadək olan kreditlər kiçik və orta həcmli kreditlər hesab edilir. 2008-2013-cü illər ərzində kiçik və orta həcmli kreditlərin məbləği mütləq rəqəmlə 15 dəfəyədək artıb. R.Ağayev deyir ki, Azərbaycanda KOS-ların kredit resurslarından geniş istifadəsinə nail olmaq üçün əsas mühüm mexanizmlərdən biri kreditlərin sığortalanması və kreditlərə zəmanət mexanizminin yaradılması ola bilər: “Hazırda Azərbaycan qanunvericiliyində KOS subyektləri üçün kreditlərə təminatın verilməsi mexanizmləri demək olar ki, yoxdur. Söhbət həm KOS kreditləri ilə bağlı risklərin sığortalanmasından, həm də bu qəbildən olan kreditlər üçün girov zəmanətinin təmin olunmasından gedir. Doğrudur, 1999-cu ildə qəbul olunan “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanunun 8.4-cü maddəsində kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fondu yaradılması nəzərdə tutulmuşdu. Lakin bu qanunun qəbulundan ötən 15 il ərzində kredit təminatı fondunun yaradılması istiqamətində addım atılmadı. Bunun əvəzində 2002-ci ildə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) təsis olundu. Fondun Əsasnaməsində qeyd olunur ki, qurumun əsas məqsədi ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Lakin mövcud qanunvericilik Fondun KOS kreditlərinə hər hansı formada zəmanət verməsini nəzərdə tutmur. SKMF-nin KOS-lara yalnız güzəştli kreditlər vermək öhdəliyi var və bu güzəşt kredit faizlərinin kommersiya kreditlərindən daha aşağı olması ilə məhdudlaşır. Lakin Fond müvəkkil banklara KOS adından girov təminatı vermək hüququna malik deyil və bütün digər mənbələrdən verilən kreditlər kimi SKMF-nin kreditlərinə də girov tələb olunur, girovun qoyulmasına isə bütün məsuliyyət borc götürən sahibkarlıq subyektlərinin üzərində olur. Kredit götürənin məsuliyyətinin və riskinin sığortalanması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmur. Bütövlükdə Azərbaycanın bank-kredit qanunvericiliyində kredit riskinin və borcgötürənin məsuliyyətinin sığortası təsbit edilməyib. Məsələn, mövcud qanunvericilik əmanətlərin sığortalanmasını ayrıca qanunla tənzimlədiyi halda, kreditlərin sığortalanması və ya kreditlərə zəmanətin verilməsi ilə bağlı heç bir hüquqi mexanizm yoxdur. Eyni zamanda, ölkədə kreditlərə təminatın verilməsi üzrə ixtisaslaşmış institutlar və onların fəaliyyətini tənzimləyən hüquqi mexanizmlər mövcud deyil”.
Banklar işini ehtiyatlı tutur

Təcrübə göstərir ki, banklar hətta KOS-lar tərəfindən qoyulmuş girovun özünü də sığortaladır ki, girovla bağlı istənilən risk (məsələn, girov rolunda çıxış edən tikili gözlənilməz hadisə nəticəsində yararsız vəziyyətə düşdükdə) sığorta şirkətlərinin üzərinə düşsün. Yəni hazırda qüvvədə olan mexanizm KOS-ların girov təminatı olmadan məsuliyyət sığortasını deyil, bilavasitə KOS-lara məxsus mülkün sığortasını nəzərdə tutur. “Sığorta fəaliyyəti haqqında” qanunun 14.3-cü maddəsində də qeyri-həyat sığortasının obyekti kimi sığorta olunanın biznes risklərinin və məsuliyyətinin deyil, əmlakına münasibətdə risklərin sığortasından söhbət gedir. Yəni faktiki olaraq qanunvericilikdə biznes riskləri sığorta hadisəsi kimi qəbul edilmir. Dünya təcrübəsində qanunvericilikdə sığorta hadisəsi kimi təsbit edilən biznes riskləri müxtəlif formalarda özünü göstərir. Məsələn, sahibkarın özündən asılı olmadan, xarici faktorların təsiri nəticəsində biznesin müflis olması ən geniş yayılmış səbəblərdən biridir. Burada xarici faktor məsələn milli valyutanın kəskin dəyərdən düşməsi də ola bilər. Tutaq ki, sahibkar xarici valyuta ilə kredit götürür, bir müddət sonra milli valyuta kəskin dəyərdən düşür. Belə şəraitdə sahibkarın qazancı milli valyuta ilə olsa da, borcunu xarici valyuta ilə qazanmalıdır. Bu vəziyyətdə həmin sahibkarın müflisləşməsi riski həddən artıq yüksəkdir. Yaxud kredit götürən sahibkarın mal göndərdiyi (yaxud xidmət göstərdiyi) təsərrüfat subyektləri müqavilə şərtlərini pozaraq debitor borclarını ödəməkdən imtina etdikdə, məhsul istehsal ilə bağlı xammal gətirdiyi regionda gözlənilməz hadisələrin baş verməsi (hərbi münaqişənin başlanması, təbii fəlakət, siyasi çevriliş və s.) səbəbindən istehsalda fasilə yaradıqda, borclu sahibkarın ödəmə qabiliyyətsizliyi qaçılmaz olur. Eynilə alıcının müqavilə şərtlərini pozaraq borclu sahibkarın istehsal elədiyi məhsulu almaqdan imtina etməsi, xammal və texnologiyanın qiymətlərinin həddən artıq yüksəlməsi kimi hadisələrin hamısı biznes riskilə bağlı sığorta hadisələridir. Qanunvericilik sahibkarları bu cür risklərdən sığortalamadıqda, təsərrüfat subyektləri bank-kredit təşkilatları üçün risk qrupuna çevrilir.
Dünya təcrübəsi

Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları deyil, borc vəsaitləridi. Məsələn, ABŞ-da bu qəbildən olan subyektlərin 77%-i fəaliyyətləri dövründə ən azı 1 dəfə də olsa kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76%-nin 1 və ya bir neçə banka kredit borcu olur. İnkişaf etmiş ölkələrdə, kommersiya banklarına kredit üçün müraciət edən kiçik və orta sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi həmin vəsaitləri ala bilir. Məsələn, ABŞ və Kanadada kreditə iddia edən hər 100 kiçik və orta sahibkarlıq subyektindən azı 80 subyekt üçün kredit xətti açılır.
Son zamanlar MDB məkanında da bir sıra ölkələr kredit zəmanəti mexanizmlərinin yaradılması istiqamətində addımlar atıblar. Məsələn, Rusiyada 2014-cü ilin 5 may tarixində Rusiya hökumətinin qərarı ilə KOS-ların kreditləşdirilməsinə təminat verən xüsusi agentlik yaradılıb. Hələlik qurum genişmiqyaslı fəaliyyətə başlamasa da, gələcək fəaliyyət üçün planlar üzərində işləyir.
Qazaxıstanda kreditlərə zəmanət verilməsi “DAMU” Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilir. 2010-cu ildə təsis olunan sistemin birbaşa hədəfi KOS subyektləridir. Bu qurum vasitəsilə dəyəri 135 min dolları aşan kreditlərə zəmanət verilir. Təminat üçün müddət 5 ildir və zəmanət götürülən kredit məbləğinin maksimum 50%-nə verilir. Yeni yaradılmış KOS subyektləri üçün bu hədd 70%-dək qaldırıla bilər. Zəmanətin təqdim olunması üçün borcgötürən bütün kredit məbləğinin 1%-ni ödəməlidir. Fəaliyyətə başladığı gündən fond 121 kredit müqaviləsi və 95.9 milyon dollar kredit məbləği üzrə 36.9 milyon avro zəmanət təqdim edib. Təminat verilən kreditlərin 42%-i emal sənayesinə yönəldilib. Bundan əlavə, Qazaxıstanda 2013-2020-ci illərdə aqrar-sənaye kompleksinin inkişafına dair inkişaf Proqramına əsasən bu sahənin kreditlərinə zəmanət verən ayrıca təminat fondunun yaradılması nəzərdə tutulur.
Vəziyyətdən çıxış yolları var

Bütün göstərilənlərdən çıxış edən ekspertlər vəziyyətdən çıxış yolu kimi bank və sığorta qanunvericiliyində KOS kreditlərinin sığortalanmasına dair hüquqi normaların nəzərdə tutulmasını təklif edirlər. Həmçinin qüvvədə olan normativ-hüquqi aktlarda sığorta hadisəsi hesab edilən biznes risklərinin təsbit edilməsinə ehtiyacın olduğu vurğulanır.
Sığorta hadisəsi hesab edilən biznes risklərinin sığortalanması mexanizmləri, bu cür sığortalamanı həyata keçirən ixtisaslaşmış şirkətlərin həvəsləndirilməsi qaydalarının qanunvericilikdə təsbit edilməlisinin vəziyyətə müsbət təsir edəcəyi bildirilir.
Həbibə ABDULLA

P.S. Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında keçirdiyi “Sığorta qanunvericiliyin tətbiqindən irəli gələn aktual məsələlər və onların həlli” mövzusunda müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər