Sığorta sahəsində ciddi islahatlar gözlənilir
"Bu il sığorta sistemində strateji
nöqteyi-nəzərdən çox ciddi dəyişikliklər edəcəyik”. "APA-Economics"
xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar
Şurasının sədriRüfət Aslanlı deyib. Onun
sözlərinə görə, MBNP sığorta sistemində çox ciddi təşəbbüslərlə çıxış etməyi
planlaşdırır: "Bu təşəbbüslərlə bağlı qanunvericilikdə dəyişiklik olacaq.
Biz 2016-cı ildə bank sektorunda stabilləşməyə nail olmaq üçün tədbirlər
gördük. Bu tədbirlər daha dərin islahatlar üçün platforma yaradır. Bu il isə
sığorta sistemində strateji nöqteyi-nəzərdən dəyişikliklərə başlayacağıq.
Sığorta sistemi daha uzunmüddətli yığımları və investisiyaları təmin edə bilir.
Sığorta sistemində ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik
bazasına dəyişikliklər ediləcək. Artıq Azərbaycan Mərkəzi Bankı aidiyyatı
qurumlarla birgə qanun layihəsi üzərində işi başa çatdırıb".
Bəs görəsən bu
dəyişikliklərin məğzi nədir və sığorta
bazarında hansı nəticələrə gətirib
çıxaracaq? Yeni dəyişikliklər bu sahəyə olan inamı bərpa edə biləcəkmi? Ümumiyyətlə, bu sahədə hansı yeniliklər tətbiq
olunmalıdır, hansı dəyişikliklər edilməlidir?
İqtisadçı-ekspert
Rəşad Həsənov deyir ki, qanunvericiliyə hansı
istiqamətdə dəyişikliyin ediləcəyi haqda hələlik məlumat yoxdur. İqtisadçı
hesab edir ki, ümumilikdə sığorta sahəsində müəyyən islahatlara ciddi ehtiyac
var: "Əvvəlki dövrlərlə müqayisədə bu
sahədə təbii ki, müəyyən qədər inkişaf var. Təklif olunan sığorta məhsullarının
çeşidləri, xidmətin keyfiyyəti əvvələ nisbətən dəyişib. Amma hələ də bu sahə
müavfiq dünya göstəricilərindən kifayət qədər aşağı səviyyəyə malikdir. Eyni
zamanda qeyd etməliyik ki, sığorta bazarı yenicə inkişaf dövrünə başladığı
vaxtda risklə üzləşib. Belə ki, mövcud iqtisadi vəziyyət sığorta bazarına da öz
təsirini göstərməkdədir. Belə bir situasiyada sığorta sisteminin daha zəif nöqtələri
qısa müddətdə özünü büruzə verir. Amma bu nöqsanların aradan qaldırılması üçün
əslində münbit şərait də yaranıb. Hesab edirəm ki, növbəti dövrlərdə məhz bu
nöqsanların aradan qaldırılması ilə bağlı addımlar atılacaq. Sığorta sisteminin
dünya maliyyə bazarlarının və o cümlədən Azərbaycan maliyyə bazarlarının
tələblərinə uyğun şəkildə xidmət və fəaliyyətinə şərait yaradılacaq”.
R.Həsənov deyir ki, əsas problemlərdən biri də ictimai inamın bu
sahəyə bərpa olunması məsələsidir:
"Xüsusilə bu istiqamətdə xeyli nöqsanlar
yaşanır. Sığorta hadisəsi zamanı vətəndaş öz hüquqlarını sona qədər təmin
və müdafiə edə bilmir. Bu isə son
nəticədə hazırki informasiya dövründə ictimailəşərək sığorta bazarının imicinə mənfi təsir göstərir. Yaxşı olardı ki,
sığorta hadisələrinin daha düzgün qiymətləndirilməsi, müəyyən sığorta hadisələri
zamanı şirkətlərin qeyri-qanuni şəkildə ödənişlərdən yayınması, bəhanələr
gətirilməsi, müqavilələr bağlanarkən
vətəndaşların bilərəkdən hansısa formada aldadılması kimi məsələlərə aydınlıq gətirilsin. Eyni
zamanda sığorta şirkətlərinin dayanıqlığı, onların məcmu kapitalının həcmi, ehtiyat
normaların həcmində bəzi düzəlişlərə ehtiyac yaranacaq. Çünki sığorta bazarı
böyük bi bazardır və onların fəaliyyətində risk amili də böyükdür. Bu baxımdan
risk amili onların fəaliyyəti ilə uyğunlaşdırılaraq ehtiyat normaları müəyyən
edilməlidir”.
İqtisadçı sonda bəzi vacib məqamları da
vurğuladı: "Sığorta sahəsində təklif olunan xidmətlər əsasən riskli sahələri
əhatə edir. Məsələn, Azərbaycanda kənd təsərrüfatının sığortasının inkişafında
sığorta sisteminin iştirakçıları maraqlı deyillər. Düşünürəm ki, yeni
dəyişikliklər zamanı sığorta şirkətlərinin bu sferalarda fəaliyyətini təşviq
edəcək hansısa mexanizmlərin də düşünülməsi və ortaya qoyulmasına ehtiyac var. Yəqin
ki, dəyişikliklər zamanı bu amilə də diqqət yetiriləcək. Amma böyük ehtimalla ümumi
qanunvericiliyə dəyişikliklərin daha çox hissəsi bu bazarda fəaliyyət göstərən
subyektlərin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı olacaq.
Həmçinin qanunvericilkdə mövcud boşluqların müəyyən qədər aradan qaldırılması
məsələsi də ilk növbədə diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nəzarət
mexanizmləri böyük ehtimalla daha da gücləndiriləcək”.
Milli
Məclisin İqtisadi siyaəst, ənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili
Vahid Əhmədov qəzetimizə
açıqlamasında bildirdi ki, bu sahədə bəzi dəyişikliklərə ehtiyac var: "Sığorta
ilə əlaqədar müəyyən qanunlar qəbul edilib. Həmçinin sığorta şirkətlərinin sığorta
bazarına cəlb ediləsi üçün əlavə səlahiyyətlər verilib. Düzdür, qəbul edilən bu
qərarlar ciddi bəhrə verməyib. Bu sahədə müəyyən dəyişikliklərə ehtiyac var.
Sığorta hadisələri ilə əlaqədar insanları incitmək, sığorta haqlarının
gecikdirilməsi kimi müxtəlif problemlər var. Bütün bu məsələlərə Milli Məclisdə
baxılacaq. Əslində bu məsələ həmişə aktualdır. Sığorta bazarının fəaliyyətində
son beş ildə bəzi irəliləyişlər olsa da, qaneedici səviyyədə deyil. Çalışmaq
lazımdır ki, insanlarda sığortaya inam yaradılsın”.
İqtisadiyyat Nazirliyi
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi
Pərviz Heydərovqəzetimizə
açıqlamasında bildirdi ki,sığorta bazarında normal münasibətlərin təşəkkül
tapması üçün çox iş görmək tələb olunur: " Buraya həm qanunvericilik sahəsində,
həm də müvafiq stimulun təmin olunması və səmərəliliyin yaradılması baxımdan
görülməli olan işlər daxildir. Bütün bunlar isə müəyyən vaxt istəyir. Sözsüz
ki, cari ildə, məsələn, bilavasitə qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində tələb olunan addımlar atılarsa, məqsədə çatmaq işi xeyli
yaxınlaşmış olacaq. Sığorta fəaliyyəti özü bir biznes növüdür. Burada cəlb
olunan pul vəsaitləri gəlir gətirməlidir. Bundan ötrü isə həmin vəsaitlərin əlverişli
investisiya imkanları olmalıdır. İnamın təmin ediməsi yalnız bütün bunlardan
sonra gəlir. Unutmaq olmaz ki, sığorta məsələsi maliyyə bazarının əsas elementlərindən
birini təşkil edir. Demək, maliyyə bazarının özü də hərtərəfli
inkişaf etdirilməlidir”.
Şəbnəm
Mehdizadə