AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Simptomsuz və yüngül simptomlu şəxslərin evdə müalicəsi

Simptomsuz və yüngül simptomlu şəxslərin evdə müalicəsi

Cəmiyyət
01 İyul 2020, 16:44 513
Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir
 
Son dönəmlər koronavirusa yoluxanların sayında baş verən artım tibbi personalın işini daha da çətinləşdirib. Belə ki, sayın günü-gündən artması nəticəsində xəstəxanalarda yer çatışmazlığı problemi yaranıb. Nəticə etibarı ilə testinin cavabı pozitiv olan, amma buna baxmayaraq, xəstəliyi yüngül, simptomsuz keçirənlər evdə izolyasiya edilərək müalicə olunurlar. Artıq bir neçə gündür ki, bir çox xəstələrin müalicəsi evdə aparılır. Lakin insanlarda "evdə müalicə necə aparılır, hansı metodlardan istifadə edilir, bu müalicəyə kim nəzarət edir” sualları yaranır. Bununla bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib: "Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.  Nazirlik tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun müvafiq poliklinikalarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVİD-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək. Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi, onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda, həmin an hospitalizasiya olunacaq”.
O qeyd edib ki, poliklinikalar COVİD-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir: "Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasiyentlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib müayinədən keçə bilərlər".
Testlərin yalnız göstərişlərə uyğun olaraq aparılacağını deyən Nabil Seyidov vətəndaşların öz poliklinikalarına zəng etməklə COVİD-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəyini qeyd etdi: "Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVİD-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVİD-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək”.
1 saylı Poliklinikanın Baş həkimi Kubra Cabbarovanın sözlərinə görə, koronavirus xəstələrinin evdə müalicəsi üçün bütün poliklinikalarda hazırlıq işləri başa çatıb: "İnsanların arasında yoluxmanın aşkar edilməsi üçün 87 səhiyyə müəssisəsində 49 məntəqə yaradılıb. Yaradılan məntəqələr lazımı tibbi avadanlıqlarla təchiz olunub. İnfeksiyanın yoluxma qabiliyyəti yüksək olduğu üçün özündə simptomları hiss edən şəxsin poliklinikaya gəlməsi mümkün deyil. Əksinə, tibb işçilərinin analizə görə evlərə getməsi təmin ediləcək. Bunun üçün xüsusi maşınlar da ayrılıb, həmçinin hər cür şərait yaradılıb”.
Qeyd edək ki, xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir. Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən təlim keçirilməlidir. Belə ki, xəstələr öskürən və ya asqıran zaman ağızlarını əl dəsmalı ilə bağlamalı, əsasən, kağız dəsmallara üstünlük verməlidirlər. İstifadə olunan kağız dəsmallar neylon torbaya qoyulmalı və torbanın ağzını bağlayıb ikinci bir neylon torbaya atılmalı və əllərini tez-tez yumalıdırlar.
Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti "COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir. Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün monitorinqi evdə aparılan şəxslər, mümkündürsə, digərlərindən ayrı otaqda, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamaqla və tibbi maska taxmaqla qalır. Maska nəm olduqda, yenisi ilə əvəz olunur. Xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdudlaşdırılır. Xəstə insana qulluq üçün ailə üzvlərindən biri seçilir və həmin şəxs fərdi qoruyucu vasitələrdən istifadə edir. Şərait olduğu təqdirdə, xəstə ayrı tualet və hamam otağından istifadə edir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqlar tez-tez havalandırılmalıdır. Hamam otağını və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırılmış ağardıcı (natrium hipoxlorid). Xəstə, şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi ev əşyalarından ortaq istifadə etməməlidir. Bu əşyalar sabun və su ilə yuyulmalıdır. Xəstənin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C-də yuyucu toz ilə yuyulmalıdır. Xəstənin otağının təmizlənməsi zamanı əlcəklərdən və tibbi maskadan istifadə edilməlidir. Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı (natrium hipoxlorid) ilə təmizlənməli, əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. 1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 100 milli litr ağardıcı əlavə edilməlidir.
 
Günel Azadə