• çərşənbə axşamı, 16 aprel, 17:21
  • Baku Bakı 19°C

Seriallarımız pandemiyanı niyə “görmədi”?

14.07.20 10:00 1197
Seriallarımız pandemiyanı niyə “görmədi”?
Hətta növbəti mövsümdə də koronavirus, karantin mövzularına yer verməyə ehtiyac olmadığını düşünənlər var
Serial böyük kütləni özünə cəlb edən, ssenarisinə inandıran və yaşanan hadisələrin içərisində tamaşaçını yaşadan bir televiziya nümunəsidir. Təbii ki, tamaşaçını yaşadan məsələsi də hər seriala şamil edilmir. Son 4 ayda pandemiya ilə əlaqədar serialların bir çoxunun çəkilişləri dayandırılsa da, onlar bir neçə həftədən sonra yenidən çəkiliş meydançasın dönərək serialları mövsüm sonuna çatdırdılar. Ancaq bu serialların heç birində hazırda bütün dünyanı cənginə almış koronovirus pandemiyası ilə bağlı bir dialoq və ya səhnə görmədik. Hətta ölkədə xüsusi karantin rejimi olduğu və bu qaydalara əməl edilməsinin vacibliyi ilə bağlı detala da rast gəlmədik.
Hazırda mövsüm sonuna çıxan serialların rejissor və ssenaristləri arasında sorğu keçirdik. Onlardan növbəti mövsümdə seriallarımızda maskanın taxılması, sosial məsafənin qorunması, insanlarla məsafə saxlanılması, görüşmək qaydaları kimi məsələlərə nə qədər yer veriləcəyini soruşduq. Axı, serial da bir təbliğat vasitəsidir.
"Karantin, pandemiya, koronovirus kimi mövzulara müraciət etməyi düşünmürük"
"Ata ocağı" serialının baş rejissoru Rüfət Şahbazov bizimlə söhbətində yeni mövsümdə serialın çəkilişlərində pandemiya ilə əlaqədar heç bir əlavə xəttin salınmayacağını deyir. O, hesab edir ki, gündəlik həyatda insanlar yetəri qədər bununla bağlı informasiya qəbul edir və asudə zamanlarını səmərəli keçirmək üçün ekran qarşısına əyləşirlər. Belə bir zamanda da tamaşaçılara, demək olar ki, hər saat eşitdikləri mövzu ilə bağlı məhsul təqdim etmək onları yora bilər: "Serialımız yeni mövsümdən qaldığı yerdən davam edəcək. Ancaq qeyd etdiyiniz karantin, pandemiya, koronovirus kimi mövzulara müraciət etməyi düşünmürük. Ola bilər ki, biz serialın yeni bölümünü çəkən zaman artıq koronovirusun vaksini tapılsın və bu virus məhv olsun. Pandemiya bitdikdən sonra qısametrajlı film çəkmək planda var. Hazırda isə pandemiya dövründə bu mövzuya müraciət etməyi düşünmürük. Onsuz da karantin günlərində insanlar evdən çölə çıxa bilmir, mətbuatda, televiziyalarımızda bu istiqamətdə maarifləndirici materiallar nümayiş olunur. Və evdə qalan vətəndaşlar yetəri qədər yüklənir və stress keçirir. Stress atmaq üçün isə ekran qarşısına keçib, serial izləyirlər. Orda da pandemiya və bu kimi mövzularla qarşılaşsalar, serialdan bezərlər. Əgər çəkdiyimiz serial vasitəsi ilə insanları gün ərzində 40-45 dəqiqə problemlərindən ayıra və fərqli bir dünyaya apara biliriksə, nə xoş bizə".
"Ssenaristlərin işlərinə müdaxilə etmək istəmirəm"
Əməkdar artist, rejissor Ramin Hacıyev yeni mövsümdən bir neçə kanal üçün yeni seriallar çəkəcəyini bildirdi: "Açığını desəm, çəkilən seriallarda pandemiya ilə bağlı mövzu qoymaq və sosial məsafə, maskadan istifadə kimi maarifləndirici nüanslar əlavə etmək birbaşa olaraq ssenaristlərdən asılıdır. Bir rejissor olaraq ssenaristlərin işlərinə müdaxilə etmək istəmirəm. Əgər yeni mövsümdə pandemiya davam edərsə, bu kimi xırda nüanslar və gigiyenik qaydalara əməl olunması ilə bağlı əlavələr edərik. Belə ki, aktyorların ictimai yerdə maskadan istifadə etməsi, sosial məsafəni qoruması, spirtdən istifadə etməsini göstərməyə çalışacağıq. Hələ ki serialların ssenariləri yazılır, müzakirələr gedir. Sözün düzünə qalsa, bu zamana qədər serialların yazılan hissələrinə bu mövzular daxil edilməyib. Ancaq ola bilər ki, daxil edilsin. Çünki bu günün tamaşaçısı hazırda baş verən hadisələri efirdən izləmək istəyir. Bu isə realdır və bunu göstərmək mümkündür".
"İndidən bu detalları ssenariyə əlavə etsək, payızda öz əhəmiyyətini itirə bilər"
Yazıçı-ssenarist Pərviz Seyidli ikinci mövsümdə seriala qaldığı yerdən davam edəcəklərini və pandemiya ilə bağlı hələ ki mövzu nəzərdə tutulmadığını bildirdi: "Bilirsiniz ki, serialların çəkilişləri bitib və yeni mövsüm üçün hazırlıqlar avqustda davam edəcək. Pandemiya ilə bağlı yeni bir ssenari hazırlamışam və onun təsdiqlənməsini gözləyirəm. Əgər o mövzu təsdiqlənsə, yeni mövsümdən onun üzərində çalışacağıq. Bundan əlavə, bir ailə-məişət mövzusunda, bir də detektiv janrında ssenarim var. Bu elə bir mövzudur ki, indidən dəqiq bir söz demək mümkün olmur. Hələ müzakirələr aparılır. Əgər serialın çəkildiyi dönəmdə karantin qüvvədə qalacaqsa və biz bunu nümayiş etdirməli olacağıqsa, süjetlərdə çəkilişimiz üçün müəyyən çətinliklər yaranacaq. Belə ki, karantində çəkilişləri küçədə, kafedə, ictimai yerlərdə apararkən bu prosedurlara əməl etmək vacibdir. Digər tərədən isə, bu, həyatın özüdür, hesab edirəm ki, belə olduqda, daha təsirli və təbii alınar. İnsanlar efirdə, serialda öz gündəlik həyat şəraitlərini görəndə, sakitləşirlər. Serial tamaşaçıya həyatın axarını göstərəndə, tamaşaçı ilə empati qura bilir. Hazırda üzərində işlədiyimiz ssenarilər, demək olar ki, oktyabrda çəkiləcək və pandemiyanın həmin dönəmdə olub-olmayacağı da sual altındadır. Yəni indiki halda bu detalları ssenariyə əlavə etsək, payızda öz əhəmiyyətini itirə bilər. Ancaq istənilən halda, efirdə nümayiş olunan materiallarda günümüzün reallığının əks olunması arzulanandır".
"Hazırda müzakirə mərhələsindəyik"
Ssenarist, rejissor Valeh Əhmədov isə bildirir ki, günümüzün ayrılmaz hissəsinə çevrilən bu pandemiyayla bağlı planları var: "Təbii ki, koronavirus, pandemiya, karantin - serialda bunlarla bağlı nələrsə əlavə etməyi də düşünürük. Yeni mövsümə hazırlıq planlarında bu mövzu var. Açığını desəm, hələ tam dəqiq bilmirik. Hazırda müzakirə mərhələsindəyik".
"Ssenaridə maarifləndirmə xarakterli mövzular düşünürük"
"Uçurum” seriyalının ssenaristi Xanım Aydın bildirir ki, "Oscar Film Production”da çəkilən, ARB kanalında yayımlanan serial yaxın günlərdə ikinci mövsümü başa çatdırıb: "Aldığımız tamaşaçı rəyləri və eləcə də reytinq cədvəlinə nəzər salaraq əminliklə deyə bilirəm ki, dünyanı və eləcə də ölkəmizi ağuşuna alan "Covid-19” pandemiyası ucbatından qarşılaşdığımız bir çox çətinliklərə baxmayaraq, serialın ikinci mövsümü elə birinci mövsümdə olduğu kimi, uğur və sevgi qazandı. Bu uğurdan yola çıxaraq artıq üçüncü mövsümə hazırlaşırıq. Artıq ssenari üzərində işləyir, növbəti mövsümdə baş verəcək hadisələr, obrazlar və s. haqqında ciddi müzakirələr aparırıq. Müzakirələrimiz hələlik onlayn rejimdə keçsə də, hesab edirəm ki, nəticəsi yaxşı olacaq. Yaşadığımız günlər bizə tarix və ədəbiyyat kitablarından dəhşətlə oxuduğumuz və bəlkə də faciəsinin ağırlığına yazılan cümlələrdən belə tab gətirə bilmədiyimiz vəba, taun, qarayara günlərinin müasir dövrə uyğun təkrarıdır. Və biz bunu hazırda canlı yaşayırıq. Bu vəziyyət gördüyümüz, bildiyimiz bütün sahələrə, o cümlədən film, serial sahəsinə də təsirini göstərməkdədir. Bu ağır dönəmdə xəstəliyin çox yayılmamasının qarşısını almaq məqsədilə evdə qalmaq məcburiyyətində olan insanlara televiziya kanallarında daha çox "evdə qal”, "özünü qoru”, "gigiyenaya əməl et” şüarları ilə səslənirlər. Ədəbiyyat sahəsində bu mövzuda yeni əsərlər yazılır, kino sahəsində filmlər çəkilir. Qeyd etmək istərdim ki, "Uçurum” serialı ailə-məişət mövzusunda olsa da, baş qəhrəmanlarımız həkimlərdir. Və biz də öz növbəmizdə yeni mövsüm üçün ssenaridə maarifləndirmə xarakterli mövzular düşünürük. Bir halda ki baş qəhrəmanlarımız həkimlərdir, bunu daha məqsədəuyğun və həm də vacib hesab edirəm. Seriala baxmaqla insanlar asudə vaxtlarını həm əyləncəli, həm səmərəli keçirəcək, həm də, eyni zamanda müəyyən qədər maariflənəcəklər".
Serial yaradıcıları hər nə qədər mövzu ilə bağlı müzakirələrin aparıldığını desələr də, serialda pandemiya ilə bağlı hər hansı səhnələrin əlavə edilməsinin tamaşaçını yoracağını vurğulasalar da, unutmayaq ki, serial da bir təbliğat vasitəsidir. Ekspertlərin də dediyi kimi, tamaşaçıya real həyatı, gündəlik yaşayış tərzini efirdən göstərdikdə, o daha çox inanacaq. İnandırıcı olmaq zəhmət və yaradıcılıq tələb edir.
Bütün bunlarla yanaşı, ümid edək ki, yeni mövsüm üçün artıq pandemiya bitmiş olacaq və belə məsələlərə ehtiyac qalmayacaq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər