Sərfəli təklif və dünya praktikasında qəbul olunmuş sistem
Sosial evlərlə bağlı
ikinci layihə də Bakı şəhərində reallaşdırılacaq.Lent.az-ın məlumatına
görə, bunu ASAN Radionun qonağı olan Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev
deyib.A. Quliyev bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi
üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar
torpaq sahəsi seçilib: "Statistik təhlillər göstərir ki, Bakıda evlərə
daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə
etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin
seçilməsi ilə bağlı işlər aparılır”.
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara
bir neçə üsulla ödəniş imkanı yaradılacaq: "Belə ki, vətəndaş öz hesabı ilə
nəğd şəkildə birdəfəlik ödəniş edərək, mənzil əldə edə biləcək. Bununla yanaşı,
vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək, ödəniş
etmək imkanı yaradılacaq. Həmçinin, vətəndaş istədiyi başqa bir mənbədən,
bankdan kredit götürərək, ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən
bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb”.
Bəs görəsən yeni
imkanlar əhalinin alıcılıq qabiliyyətinə necə təsir edəcək? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Millət vəkili
Vahid Əhmədov deyir
ki, sosial mənzillərlə bağlı prezidentin xüsusi sərəncamı var və bu, "yol xəritəsi”ndə
də öz əksini tapıb: "Amma bu sənəddə ödəniş
sisteminin həlli ilə əlaqədar konkret qərarlar verilməyib. Yəni sadəcə, müəyyən
təkliflər irəli sürülüb. Sosial evlərin tikilməsi əsasən az və orta təminatlı
ailələrin evlə təmin olunması ilə əlaqədardır. Belə ki, mənzil növbəsində
insanlar çox olduğundan belə qərar verildi ki, sosial evlər tikilsin. Bu təcrübədən
Türkiyə, Almaniya kimi ölkələrdə də istifadə olunub. Bildiyimiz kimi, Yasamalda
artıq 2000 mənzilin tikintisinə başlanılıb və orada böyük bir şəhərcik salınıb.
Həmin mənzillərin ödəniş qaydaları isə may ayından sonra müəyyən olunacaq. Qeyd
edim ki, bu barədə indidən müəyyən təkliflər var. Məsələn, təklif olunub ki,
ayda 100 manat ödəməklə mənzilin dəyəri uzun müddətə ödənilsin. Bu barədə bir
neçə variant irəli sürülüb. Amma hələlik bunlar tam olaraq açıqlanmayıb. Aztəminatlı
ailələr ayda təxminən 100 manat ödəməklə mənzilə sahib ola bilərlər. Vətəndaşlar
sosial mənzillərin tikilməsində maraqlıdırlar. Hesab edirəm ki, bu, çox sərfəli
təklifdir və dünya praktikasında da qəbul olunmuş sistemdir”.
İqtisadçı
ekspert Rəşad Həsənov deyir ki, bu istiqamətdə hazırda kifayət qədər
böyük tələb var: " Təəssüflər olsun ki, ilkin icra olunacaq layihədə cəmi 1800
mənzil istismara veriləcək. Müxtəlif ödəmə variantlarına gəldikdə isə əsasən
düşünürəm ki, bu istiqamətdə tətbiq olunan mexanizmdə müəyyən qədər çatışmazlıqlar var. Belə ki, bu mexanizmin əsas
prinsipi ondan ibarətdir ki, istənilən
variantda olsa sosial mənzilin qiyməti ödəniləcəkdir. Ödəniş isə bu mənzili alan şəxs, yaxud üçüncü
bir tərəf vasitəsilə həyata keçirilə bilər. Amma yəqin ki, ödənişi bilavasitə mənzil alanlar tərəfindən həyata keçirilməsi
çox az hallarda baş verəcək. Əksər hallarda bu, üçüncü tərəfdən, yəni ipoteka
fondu vəsaiti hesabına, yaxud bank vəsaiti hesabına təmin olunacaq. Bu baxımdan
da hələlik müəyyən narahatlıqlar var. Çünki sosial mənzillərlə bağlı cəmiyyətin
böyük gözləntiləri var idi. Bu proyektin "evsizlərə ev” devizi altında icra
olunacağı düşünülürdü. Amma ödəmənin əsas
prinsiplərdən biri olan ödəniş qabiliyyətinin götürülməsi və eyni zamanda,
faizli kreditin tətbiqi məsələləri bu məsələdə müəyyən narahatlıqlara səbəb
oldu”.
İqtisadçı
deyir ki, problemlərə
baxmayaraq, istənilən halda, tələb kifayət qədər yüksəkdir: "Faktiki olaraq Azərbaycanda
daşınmaz əmlak bazarında son iki ildə qiymətlərin davamlı ucuzlaşmasına
baxmayaraq mənzillər Azərbaycan vətəndaşının alıcılıq imkanlarından bahadır. İl
ərzində 70-80 min gənc ailə qurulur. Onların da böyük əksəriyyəti demək olar
ki, mənzil təminatı olmayan insanların övladlarıdır və eyni zamanda həmi ailələrin gəlirləri də məhdud
səviyyədədir. Buna görə də onların faktiki olaraq bazar qiymətlərində mənzil
almaq imkanları yoxdur. Bu isə o deməkdir ki, tələb daim yüksək səviyyədə
qalacaq. Strategiyada təxminən il ərzində 3000 mənzilin inşa edilməsi nəzərdə
tutulub. İpoteka proqramına baxsaq, görərik ki, ötən 9 il ərzində təxminən
17000 mənzil satılıb. Amma burada 3000 mənzilin güzəştli şərtlərlə satılması nəzərdə
tutulub. Bu isə 9 ildə 27 min mənzil deməkdir. Nəzərdə tutulan hədəflərə əməl
olunarsa, bu, ipoteka proqramı ilə
müqayisədə daha təkmil və eyni zamanda daha çox mənzil təklif edən layihə hesab
olunacaq. Bu isə nisbətən də olsa əlçatanlığı artıracaq”.
Əmlak Ekspert
Mərkəzinin direktoru Ramin Osmanlıaçıqlamasında bildirdi ki, burada söhbət hələlik prosesin
asanlaşdırılması üçün ödənişlərin sadələşdirilməsindən gedir: "Düşünmürəm ki,
bu, hansısa fundamental əhəmiyyətli dəyişikliyə səbəb olsun. Hələlik indiki mərhələdə
bu mənzərə daha çox texniki xarakterli olduğu üçün gələcəkdə ola bilsin ki, daha optimal ödəniş
formalarının həyata keçirilməsi, eyni zamanda, məbləğlərin azaldılması istiqamətində
də müəyyən qərarlar qəbul olunacaq. Çünki "yol xəritəsi”ndə bununla bağlı
müvafiq tapşırıqlar verilib. Amma hələlik
bu barədə danışmaq üçün tezdir. Çünki tikiləcək və inşa olunacaq
binaların qiymətləndirilmə meyarları, mənzillərin qiymətlərinin hansı üsullarla
müəyyənləşdiriləcəyi tam aydın deyil. Qeyd edim ki, qiymətləndirmə
meyarlarından və verilən mənzillərin qiymətlərindən də çox şey asılı olacaq.
Ölçülər barədə indi müəyyən məlumatlar var. Amma onların qiymətlərinin neçə
manatdan başlayıb neçə manatda qurtaracağını dəqiq demək bir az çətindir. Yəqin
ki, mənzillərin hazır olma mərhələsində
bütün bu məqamlar açıqlanacaq”.
Şəbnəm
Mehdizadə