• cümə, 26 Aprel, 05:30
  • Baku Bakı 16°C

Şərabçılığın inkişafında yeni mərhələ

04.05.18 18:37 1058
Şərabçılığın inkişafında yeni mərhələ
Bu günlərdə Prezident İlham Əliyev "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir. Buna nail olmaq üçün şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı və ixracının artırılması, ixrac bazarlarının diversifikasiyası, şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, şərab istehsalı infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması, istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi kimi vəzifələr qoyulub.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, sözügedən proqram qeyri-neft sektorunun inkişafı istiqamətində atılan bir addım kimi qiymətləndirilə bilər: "Son illər dövlət başçısının rəhbərliyi ilə bir sıra iqtisadi islahatlar həyata keçirilir. İslahatların keçirilməsində əsas məqsəd iqtisadiyyatımızın şaxələndirilməsi və neftdən asılılığını minimuma endirməkdir. Elə bu məqsədlə son bir neçə ildə pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, çəltikçilik kimi ənənəvi sahələrin inkişafına diqqət daha da artırıldı. Ayrı-ayrı sahələr üzrə xüsusi dövlət proqramları qəbul olundu. Görülən işlər nəticəsində qeyd edilən sahələr üzrə əhəmiyyətli uğurlar qazanılıb. Əslində dövlət başçısının şərabçılığın inkişafına dair imzaladığı dövlət proqramı bu sahədə hədəflərin müəyyən edilməsi deməkdir. Məqsəd Azərbaycanda şərabçılığın inkişafına təkan vermək və yerli məhsullarımızın "Made in Azerbaijan” brendi adı altında dünya bazarlarına çıxarmaqdır. Hal-hazırda ölkədə istehsal edilən şərab məhsulları dünyanın ayrı-ayrı ölkələrinə ixrac olunur. Bizim məhsullar həm keyfiyyətinə, həm dadına, həm də dizaynına görə bazarlarda diqqət çəkməyi bacarıb. Şərabçılığın inkişafı ilə bağlı dövlət proqramının təsdiq edilməsi ilə bu istiqamətdə yeni inkişaf dövrü başlayacaq. Ölkədə istehsal edilən şərabların çeşidi, keyfiyyətinin daha da yaxşılaşdırılması və milli brendimizin dünyada tanıdılması istiqamətində mühüm rol oynayacaq. Bu isə son nəticədə qeyri-neft sektorunun inkişafına dəstək olmaqla ölkəyə daha çox maliyyə vəsaiti gətirəcək və ixrac potensialımızı artırmış olacaq. Bunun üçün bizim kifayət qədər böyük potensialımız və geniş imkanlarımız var. Ölkədə şərab istehsal edən müəssisələr fəaliyyət göstərir. Proqramın qəbul edilməsi ilə yeni müəssisələrin açılmasına və sahibkarlara güzəştlər edilməsinə imkanlar yaranacaq”.
İqtisadçı ekspert Rəşad Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən proqramda sektora aid olan bütün problemlər diqqət mərkəzinə gətirilərək aktuallaşdırılıb: "Əsas problemlərin həlli istiqamətində 2025-ci ilə qədər mərhələli tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Proqram kifayət qədər əhatəli bir sənəddir. Əslində şərabçılıq Azərbaycanda ənənəvi sahədir və belə bir proqramın qəbulu böyük əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycanda digər ənənəvi bir sahə olan üzümçülüyün inkişafı üçün də zəmin yaradır. Son illərdə süfrə üzümçülüyü nisbətən inkişaf etsə də, şərab istehsalı ilə bağlı üzümçülük sahəsi zəif inkişaf edib. Çünki burada tələbat gözlənildiyi səviyyədə deyil. Bir sıra müəssisələr yaradılaraq onlara investisiya yatırılsa da, rəqabətə davamı olmayan məhsul istehsalı nəticəsində bu müəssisələr gözləntini doğrulda bilmədilər. Nəticədə bu sahənin əkinində azalma müşahidə edildi. Çünki şərabçılıq müəssisələri rəqabətli istehsalla bazarda tələb formalaşdıra bilmədilər. Hesab edirəm ki, bu sektora xarici investisiyanın yatırılması və bu investisiya ilə birlikdə xarici təcrübənin də ölkəyə idxal edilməsinə ehtiyac var. Çünki xarici investorlar təcrübə ilə yanaşı, xarici bazarlarda şaxələnmiş əlaqələri ölkəyə gətirir. Bu məsələ dövlət proqramında da əksini tapıb. Bazarlarla bağlı təkliflərin həyata keçirilməsi və şaxələndirilməsi istiqamətində tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi orada qeyd olunub”.
Ekspert deyir ki, proqramın icrasına nəzarət çox vacibdir: "Proqramda bir sıra vacib məsələlər var. Düşünürəm ki, bu qərar üzümçülük və şərabçılığın inkişafına şərait yaradacaq. Bəzən aidiyyəti qurumlar öhdəliklərini yerinə yetirmirlər və monitorinqlər zamanı bu nöqsanlar aşkara çıxarılır. Bu mənada düşünürəm ki, dövlət proqramının icrasına nəzarət gücləndirilməlidir. Hesab edirəm ki, burada ictimai iştirakçılığın da artırılmasına ehtiyac var”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər