• cümə, 26 Aprel, 23:33
  • Baku Bakı 22°C

Sənayenin inkişafı istiqamətində mühüm addım

27.05.16 12:33 1142
Sənayenin inkişafı istiqamətində mühüm addım
Prezident İlham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirləri görmək və görülən tədbirlərin nəticələri haqqında ölkə başçısına məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi, Mərkəzi Bank və "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi alqı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Bəs bu dəyişiklik hansı zərurətdən yaranıb və biz bununla nə əldə edəcəyik? "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısının Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında imzaladığı məlum sərəncamda bu addımın atılmasının əsas səbəblərindən biri kimi podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətinin olması göstərilir. Payçılar isə öz paylarını satmaq niyyətlərini müxtəlif səbəblərdən ortaya qoya bilərlər: "Bu, bazar iqtisadiyyatı şəraitində adi bir haldır. Ancaq nə qədər ki bu yataqlar Azərbaycan dövlətinə məxsusdur, belə hallarda dövlət onların daha yaxşı işlənməsi məqsədilə bu payları özü ala bilər. Hesab edirəm ki, Prezident tərəfindən imzalanmış bu sərəncam indiki dönəmdə çox yerində olan bir qərardır. Bizdə bu sahədə işlərin yüksək səviyyədə təşkilinə ehtiyac var. Məhz sərəncamın da bu səbəbdən imzalanması heç şübhə doğurmur. Yataqların istismarı ən müasir tələblər səviyyəsində qurulduqdan sonra, zərurət olduğu hallarda onlarda payın bir hissəsinin yenidən satışa çıxarılması heç bir problem ola bilməz. Lakin işi daha təkmil şəkildə təşkil ediləcək yataqlar üzrə payın qiyməti də təbii ki, fərqli olacaq”.
İqtisadçı Pərviz Heydərov isə bildirdi ki, cari ildə dövlət başçısı ölkədə iqtisadiyyatın qeyri-neft sektorunda sürətli və kompleks inkişafa nail olmaq məqsədilə ardıcıl olaraq bir neçə sənəd imzalayıb və müvafiq tapşırıqlar verib. Prezidentin Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncamı da ilk növbədə məhz bu konteksdən qiymətləndirilməlidir: "Sual oluna bilər ki, niyə? Azərbaycanda qeyri-neft sektorunun bütün sahələrinin, o cümlədən ağır sənayenin, metallurgiyanın da inkişafı üçün kifayət qədər potensial var. Bu da, sözsüz ki, zəngin təbii ehtiyatlara malik olmağımızla əlaqədardır. Ölkəmizdə əlvan metal yataqlarının sayı kifayət qədərdir və böyük potensialdadır. Ancaq iş onda idi ki, həmin yataqların öyrənilməsi, kəşfiyyatı və işlənməsi keçən ilə kimi kortəbii həyata keçirilirdi və bu sahədə demək olar ki, heç bir idarəçilik yox idi. Odur ki, Prezident 2015-ci ilin fevralın 11-də imzaladağı sərəncamla səhmləri bütünlüklə dövlətə məxsus olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaratdı. "AzerGold” əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər məsələlər ilə məşğul olur”.
İqtisadçı deyir ki, dövlət başçısının qeyd etdiyimiz sərəncamı "AzerGold"un bir qurum olaraq Azərbaycanda sözügedən sahədə səlahiyyətlərini artırmağa, fəaliyyətini genişləndirməyə xidmət edəcək: "Belə ki, söhbət "AzerGold"un "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş üzrə podratçılara məxsus olan iştirak paylarını satın almasından gedir. 5 iyun 2007-ci il tarixli qanun ilə təsdiq edilmiş bu saziş 2006-cı il dekabrın 30-da Azərbaycan hökuməti ilə 5 şirkətlə imzalanmışdı. Məqsəd isə beynəlxalq təcrübəyə əsasən aparılan qiymətləndirmələr nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu əsas götürərək, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyi, qeyri-neft sənayesi və o cümlədən metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaqdır”.
P.Heydərov hesab edir ki,"AzerGold” ölkədə faktiki filiz sahələri və yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bütün payları və səlahiyyətləri qazandıqdan sonra sözügedən sahədə əsas söz sahibinə çevrilməklə bunların öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və səmərəli idarə olunmasını daha yüksək səviyyədə təmin etməyə yol açacaq: "Bütün bunlardan qazanan isə qeyri-neft sektorunda məhz sənayemiz olacaq. Özü də onun ağır hissəsi”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər