• cümə, 26 Aprel, 22:41
  • Baku Bakı 22°C

Sənaye məhəllələri sahibkarlığa dəstək deməkdir

15.06.16 11:08 2659
Sənaye məhəllələri sahibkarlığa dəstək deməkdir
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılsın.
Həmçinin müəyyən edilir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bəs görəsən belə sənaye məhəllələrinin yaradılmasının hansı müsbət tərəfləri var? Layihənin reallaşacağı təqdirdə hansı irəliləyişlər əldə olunacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili qəzetimizə verdiyi açıqlamada bildirdi ki, sənaye məhəllələri kiçik və orta sahibkarlığa dəstək məqsədilə yaradılıb: "Qeyd edim ki, ilk dəfə belə bir sənaye məhəlləsi Neftçalada yaradılıb. Kiçik və orta sahibkarlığın inkişafına dəstək çərçivəsində yaradılan belə sənaye məhəllələri əslində regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir. Əslində hər bir regionda belə sənaye məhəllələrinə böyük ehtiyac var. Bütün infrastrukturu dövlət vəsaiti hesabına yaradılan belə məhəllələr həm də sahibkarların istehsala başlaması üçün ilkin çətinliklərini həll etmiş olur”.
Millət vəkilinin sözlərinə görə, sənaye məhəllələri sonradan ixtisaslaşacaq: "İndi əsas məsələ həm də bu məhəllələrin ixtisaslaşması olacaq. Yəqin ki, zaman keçdikcə belə sənaye məhəllələri arasında ixtisaslaşma və texnoloji inteqrasiya daha da dərinləşəcək”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, sənaye məhəllələrinin yaradılması məsələsi xeyli vaxt idi ki, müzakirə olunurdu. Onun sözlərinə görə, əslində bu məhəllələrin yaradılmasının üç əsas hədəfi var: "İlk növbədə əsas hədəf qeyri-neft sektorunun inkişaf etdirilməsi, qeyri-neft sektorunda istehsalın təşviq edilməsidir. İkinci hədəf kimi isə regionların inkişafının dəstəklənməsi nəzərdə tutulub. Çünki sənaye məhəllələri regionlarda yaradılacaq. Bu həmçinin yeni iş yerlərinin yaradılması və regionlarda istehsalın artırılması deməkdir. Bu isə məşğulluğun təmin olunmasına gətirib çıxaracaq. Sənaye məhəllələrinin yaradılması həm regional, həm iqtisadi, həm də sosial inkişafa dəstəkdir. Üçüncü əsas məqsəd isə idxaldan asılılığın azaldılması və daxili bazara yerli məhsulların çıxarılmasını təmin etməkdən ibarətdir. Nəzərə alsaq ki, idxaldan asılılığın azaldılması, yerli məhsulların artırılması bu gün çox vacibdir, ona görə də yerli sənaye məhəllələri sənaye müəssisələrinin inkişafı, sənaye məhsullarının istehsalını nəzərdə tutan bir təşəbbüsdür”.
V.Bayramovun sözlərinə görə, sənaye məhəllələrinin yaradılması həm də regionların aqrar potensialının sənayeyə transfer edilməsinə imkan yaradacaq: "Çünki bu gün əsas məqsəd regionlarda emaledici sənaye müəssisələrinin yaradılması və eyni zamanda, aqrar sektorda istehsal olunan məhsulun həm də emal edilərək daxili və xarici bazara çıxarılmasını təmin etməkdən ibarətdir. Sənaye məhəllələri də məhz bu funksiyanı yerinə yetirəcək. Belə məhəllələrin inkişafı və uğuru həm də dövlət dəstəyindən asılı olacaq. Ona görə də sənaye məhəllələri çərçivəsində dövlətin təşviqedici dəstəyinin artmasına ehtiyac var. Bu isə özünü vergi güzəştləri, subsidiyalar formasında göstərə bilər. Sənaye məhəllələrində fəaliyyət göstərəcək müəssisələrin güzəştli kreditlərə çıxış imkanlarının artırılması olduqca vacibdir. Bu gün aparılan monitorinqlər də bir daha onu sübut edir ki, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin güzəştli kreditlərə çıxış imkanlarında müəyyən problemlər var. Bu problemlərin aradan qaldırılması və fəaliyyət göstərən müəssisələrin güzəştli kreditlərlə təmin edilməsi çox vacibdir. Xüsusilə aşağı faizli kreditlərin verilməsinə böyük ehtiyac var ki, sənaye məhəllələri, iş adamları və biznes buraya cəlb edilsin. Bütün bunları nəzərə alsaq, görərik ki, bu təşəbbüs olduqca vacibdir”.
İqtisadçının sözlərinə görə, dövlət stimullaşdırıcı tədbirlər həyata keçirməklə regionların inkişafında sənaye məhəllələrinin rolunun artırılmasına nail ola bilər: "Sənaye məhəllələrinin müxtəlif rayonlarda yaradılması nəzərdə tutulub. Bu zaman artıq ixtisaslaşma nəzərə alınacaq. Hər bir rayonun xüsusiyyətinə uyğun olaraq sənaye müəssisələrinin yaradılması əsas hədəfdir. Ona görə də sözsüz ki, ixtisaslaşmış sənaye müəssisələrinin yaradılması istisna deyil. Gözlənilir ki, sənaye məhəllələri konkret məhsul üzrə ixtisaslaşaraq gələcəkdə rayonlarda və bölgələrdə formalaşdırılacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər