O, komik rollar
oynasa da, həyatda çox ciddi insan idi
"Akademik
Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat
edib. Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi...” Teatrın mətbuat xidmətinin rəhbəri Cavid
Zeynallının paylaşdığı bu xəbər televiziya ekranlarından, teatr
tamaşalarından tanıdığımız aktyorun yaradıcılığını bir daha gözümüz önündə
canlandırdı, ölümünə təəssüf hissi doğurdu. "Hər bir insan həyatında öz
ömrünü yaşayır. Amma aktyor müxtəlif insanların taleyini, əsəblərini,
hisslərini, duyğularını yaşayır. Bu da istər-istəməz, o insanların səhhətində
öz izini qoyur, problemlər yaradır. Bu mənada aktyor sənəti çox çətin sənətdir.
Tofiq Hüseynov da yəqin ki, necə bir sənəti seçdiyini bilirdi”. Aktyorun ölümü
ilə bağlı sənət dostlarının səsləndirdiyi bu fikirlər isə ümumən aktyorluğu
özünə peşə seçənlərin, necə çətin bir sənət yolunun yolçusu olduqlarını
xatırladır. Bu çətin və maraqlı yolu Tofiq Hüseynov da keçib. O, 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub.
1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və
kino aktyorluğu fakültəsini bitirib. Tofiq Hüseynov bir çox teatrların
səhnəsində çalışıb, müxtəlif obrazlar oynayıb. Rza bəy ("O olmasın, bu olsun”,
Ü.Hacıbəyov), Əzrayıl ("Bu meydan, bu şeytan”, F.Aşurov), Mərd Mazarov ("Adamın
adamı”, Anar), Hacı Namazalı ("Danabaş kəndinin məktəbi”
C.Məmmədquluzadə),Tülkü ("Cücələrim” T.Mütəlibbov ), Cəbi ("Hacı
Qəmbər”,N.Vəzirov ), Şah Kreon (J.Anuy "Medeya”), Vəzir Zəban (O.Altunbay
"Tomris”) obrazları teatrsevərlərin böyük maraqla izlədiyi rollar olub.
T.Hüseynov
2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın
repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Komiyonçu
"Kəllə”(N.Hikmət), Knyaz Orbeliani "Brüsseldən məktublar”( H.Həsənov), Oqtay
"Rəqabət”(B.Vahabzadə), Hacı Kərim "Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan
("Eloğlu”,A.Şaiq), Qala rəisi ("Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Bekar
Ağabala "Dirilən adam”( Mir Cəlal), Katib "Ölüləri qəbiristanlıqda basdırın”(
İ.Şıxlı), Ağamusa Fərəcov "Dəlilər və ağıllılar” (İ.Əfəndiyev), Əcəl "Alın
yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçılar maraqla qarşılayıb.
Adama elə gəlirdi ki...
Tofiq Hüseynovun ölümü sənət yoldaşlarını xeyli kədərləndirib. O,
sənət yoldaşlarının yaddaşında istedadlı, xarakterik aktyor olmaqla bərabər,
səmimi insan kimi qalacaq. Xalq artisti
Rafiq Əzimov deyir ki, Tofiq Hüseynov Milli Dram Teatra gəldiyi ildən bəri
xırda, epizodik rollarda oynasa belə öz sözünü demiş aktyor olub: "Xarakterik
obrazları indi də gözümün qabağındadır. O, uzun illərdir ki, xəstə idi. Bir
müddət xəstəxanada yatdı. Teatrda işlədiyi dövrdə bir-birindən fərqli,
xarakterik rolları ilə fərqlənirdi. Xəstə olduğu vaxtda belə o, nikbin, gümrah
görünürdü. Onun nikbin görünüşü adamı sevindirirdi. Adama elə gəlirdi ki, bu
adam heç uzun müddət xəstəxanada yatmayıb, xəstəliklə əlbəyaxa olmayıb. "Bir
işdir də, düşmüşük, Allahın köməyi ilə yaxşı olar”- deyəndə, onun nikbinliyinə
heyran olurdum. Tofiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbəri internetdə
görəndə inanmadım. Onun vəfatı məni çox kədərləndirdi. Mən ümid edirdim ki,
onunla bir tamaşada yenə oynayacağıq. Təəssüf ki, istedadlı aktyorlarımızı
itiririk. Ondan əvvəl Rafael Dadaşov vəfat etdi. Bu cür aktyorlarımızın ölümü
ilə teatrımız itirir ”. R.Əzimov həmkarını peşəkar aktyorluq keyfiyyətləri ilə
yanaşı, səmimi insani keyfiyyətlərə də malik insan kimi xatırlayır: "Onun
hamıya qarşı səmimi ürəyi vardı. Söhbəti yalnız yaradıcılıq işləri, yeni
tamaşalarda oynamaqla bağlı olurdu. Mən kədərlənirəm ki, aramızdan belə
aktyorlar gedir. İstedadlı aktyor nadir hallarda yetişir. Təəssüf ki, biz Tofiq
Hüseynov kimi istedadlı aktyoru daha aramızda görməyəcəyik”. R.Əzimov yeni
teatr mövsümünü səbirsizliklə gözlədiyini desə də, həmkarının yoxluğuna
təəssüflənir: "Növbəti səhnəmizin pərdələrinin açılacağı günü səbirsizliklə
gözləyirik. Teatrı, kinonu televiziya tamaşalarımızı da gözləyirik, amma
Tofiqsiz...”
Sevdiyin adamların itkisi
ağrılıdır
"Aktyorlar o peşə
sahiblərindəndirlər ki, onlar bu peşəni seçdikləri gün özlərini, artıq həyatın
və yaşayışın bir çox nemətlərindən məhrum etməyə imza atmış olurlar. Bu sənət
çox çətindir”- deyən Xalq artisti
Nurəddin Mehdixanlı mərhum həmkarını belə xatırlayır: "O, uzun illər Gənc
Tamaşaçılar Teatrında çalışıb. Bu teatrda, həmçinin Azərbaycan Televiziyasında
hazırlanan tamaşalarda həmişə tamaşaçılar tərəfindən arzuolunan aktyorlardan
olub. Tofiq Hüseynov uzun illər də Akademik
Milli Dram Teatrında çalışdı. Pandemiya
başlamamışdan əvvəl bizim son görüşümüz oldu. Tofiq istedadlı aktyor
idi. Özünəməxsus ifa tərzi, aktyor oyunu vardı. Maraqlı xarakter idi. Səhnədə
komik rolları oynayan aktyor, həyatda çox ciddi insan idi. Mənim üçün maraqlı
olan onun çox mütaliəli, özünün dünyagörüşünün olması idi. Onunla oturub rus
teatrından, dünya teatr proseslərindən
danışmaq olurdu. Bizim həmişə çox normal, isti münasibətimiz olub.
Dostlarına qarşı çox diqqətli idi. İstedadlı, istifadə olunası potensialı olan
aktyorları itirmək çox ağrılıdır. Tofiq Hüseynovun hələ oynayacağı rollar
vardı”. N.Mehdixanlı deyir ki, ümumiyyətlə, tanıdığın, sevdiyin adamların
itkisi çox ağrılıdır: "Həmkarımız olduğuna, bir yerdə çalışdığımıza və onu daha
yaxından tanıdığıma görə Tofiqin itkisi daha təsirlidir. Elə hesab edirəm ki, biz, insanlara
sağlığında dəyər verməyi bacarmalıyıq. Ancaq insanlara, bəzən sağlığında diqqət
göstərmirik. Tofiq Hüseynov dövlət tərəfindən də təltiflərini almışdı. Amma
ömür ömürdür. Hər bir insan yaşamaq istəyir. Tofiq Hüseynovda da yaşamaq eşqi vardı”. N.Mehdixanlı deyir ki,
Tofiq Hüseynov xəstəxanada yatdığı günlərdə teatrın rəhbərliyi ilk gündən
həmişə onunla maraqlanıb. Həmkarları həmişə onun yanında olublar, dəstək
göstəriblər: "Amma həyatda hər şey Yaradana bağlıdır. Biz yalnız onu edə
bilərik ki, itirdiyimiz insanları unutmayaq, onları xatırlayaq, sağ
qalanlarımıza diqqətlə yanaşaq. Əslində itirdiklərimizə verəcəyimiz ən böyük
dəyər o olmalıdır ki, sağ qalanları qoruya, onların yanında ola bilərik.
Hamımız çalışmalıyıq ki, cəmiyyətimizdə bir-birimizin yanında olaq”.
N.Mehdixanlı həmkarının ölümünü teatrımızın itkisi adlandırır: "Bu, Azərbaycan
teatrının, mədəniyyətinin itkisidir. Amma həyat davam edir...”
Alqışlarla son mənzilə
Xalq artisti, rejissor
Mərahim Fərzəlibəyov Tofiq
Hüseynovla 1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru
işləyərkən tanış olub. "Poladəridənlər” adlı ilk tamaşamda baş mühəndis
obrazını oynayırdı. Bu, mənim onunla ilk işim idi. Tofiqin oyunu məni özünə
cəlb elədi. Çox xarakterik aktyor idi. Ondan sonra Sumqayıt teatrında hansı
tamaşanı hazırlayırdımsa Tofiq Hüseynov öz rolunu tapırdı. Onun üçün həmişə rol
vardı. Sonra Tofiq Hüseynov Gənc Tamaşaçılar Teatrında çalışdı. Akademik Milli Dram
Teatra isə Həsənağa Turabovun dəvəti ilə
gəldi. Burda da tamaşaçıların sevimlisinə çevrildi”. Rejissor Tofiq Hüseynovun
satirik üslubunun olduğunu xatırlayır: "Çox vaxt o, qəhrəmanlarına güləndə,
adam kədərlənirdi ki, normal insan bu vəziyyətə necə düşə bilər? Onun
tragikomik xüsusiyyətlərini Tofiq böyük ustalıqla açırdı”. M.Fərzəlibəyovun
Tofiq Hüseynovla son işi "Nazirin xanımı” əsərində olub: "Obrazı çox gözəl
oynayırdı. O, 15-16 dəqiqə səhnədə olurdu. Cəmi bir epizodda idi. Amma tamaşaçı onu alqışlarla yola salırdı. Təəssüf
ki, artıq biz Tofiq Hüseynovu alqışlarla son mənzilə yola saldıq...”
Tofiq Hüseynov iyulun 6-da öz vəsiyyətinə uyğun
olaraq Xırdalan qəbiristanlığında, anasının və atasının yanında torpağa
tapşırılıb.
Allah rəhmət eləsin!