• şənbə, 27 Aprel, 06:21
  • Baku Bakı 12°C

Şəffaflıq dedi-qoduların qarşısını alacaqmı?

29.11.13 09:29 2125
Şəffaflıq dedi-qoduların qarşısını alacaqmı?
Artıq ünvanlı sosial yardımların ünvanlığının təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ictimaiyyətin böyük bir qisminin dəstəklədiyi və ekspertlərin illərdir təklif etdiyi üsulun tətbiqinə başlayıb. Belə ki, ünvanlı sosial yardım (ÜSY) alanların siyahısı həm ƏƏSMN-nin saytında çıxıb, həm də rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində görünən yerlərdən asılıb.
Nazirlik kömək istəyir

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, bu vaxta qədər aparılan təyinatların hamısı dövlət başçısı tərəfindən aztəminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısı həmin kateqoriyadan olan insanlara verilməyib: “Ona görə də bu günə qədər təyinat aparılmış ünvanlı sosial yardım alan şəxslərin tərkibi tərəfimizdən araşdırılmaqdadır”.
Ç.Əliyev bildirib ki, noyabrın 1-nə olan məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 14 min 157-dir: “Nazirliyin saytında yerləşdirilən məlumatlara baxmaqla, bu ailələrin hamısının aztəminatlı ailələr olduğunu müəyyənləşdirmək çətindir”.
Buna görə də Ç.Əliyev bu işin öhdəsindən tək gələ bilməyəcəklərini etiraf edərək vətəndaşlardan kömək istəyib.
Qeyd edək ki, müvafiq hal aşkar olunduqda, nazirliyin elektron poçt ünvanına, eləcə də 142 “Qaynar xətt”inə və Xidmətin 012 595 04 26 və 595 04 28 saylı telefon nömrələrinə zəng etmək xahiş olunur.
Ç.Əliyevin sözlərinə görə, bu ilin oktyabr ayında ünvanlı sosial yardım təyinatı ailələr üzrə 15 min 150 olub: “Hazırda noyabr ayı üzrə təyinatlar gedir. Artıq Əhalinin Sosial Müdafiə mərkəzləri üzrə təyin olunmuş limit aradan götürülüb. Bütün rayonlarda ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin müraciətləri qanunvericilik əsasında baxılaraq, onlara təyinatlar aparılır. Bu günə qədər 13 min 459 təyinat aparılıb. Əhalinin Sosial Müdafiəsi mərkəzlərindən daxil olan məlumatlara əsasən, noyabr ayında ünvanlı sosial yardım alanların sayının 21 min 500 olması nəzərdə tutulur. Bu, oktyabr ayı ilə müqayisədə 42 faiz
çox deməkdir”.
Kənd və qəsəbələr göstərilsəydi…

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirdi ki, bir neçə il öncə ÜSY-lərin verilməsi prosedurunu araşdırıb hesabat hazırlayıblar: “Şəffaflığın qorunması, bu sahədə pozuntulara yol verilməməsi üçün ƏƏSMN-ə təklif vermişdik və hətta hesabatımızı beynəlxalq təşkilatlara da təqdim etmişdik. Təkliflərdən biri də bu idi ki, insanların yaşadığı rayon, kənd göstərilməklə adları olan siyahı açıqlansın. ƏƏSMN-də İctimai Şuranın üzvü idim və son iki ildə artıq bu məsələ müzakirə olunurdu. Amma siyahılar indi açıqlandı”.
Yeni nazirin addımının başlanğıc üçün çox yaxşı olduğunu deyən S.Məmmədov bildirdi ki, açıqlanan siyahı proqramlaşdırılmış şəkildə olsaydı, daha yaxşı olardı: “Ünvan göstərilməsə də, insanların yaşadığı kənd, qəsəbə göstərilsəydi daha yaxşı nəticələr almaq mümkün olardı. Hətta küçə, məhəllə göstərilə bilər. Bu zaman vətəndaşların siyahıya baxıb yaşadığı məntəqədə tanıdıqlarından kimlərin ünvanlı sosial yardım aldığını müəyyənləşdirməsi daha asanlaşardı. Hesab edirəm ki, belə bir qərarın verilməsi başlanğıc üçün çox yaxşıdır”.
Anonimlik əsasdır

Ekspert yeni qərarla bağlı bir məsələyə də diqqət yetirməyin lazım olduğunu dedi: “Nazirlik vətəndaşların məlumat verməsi üçün telefon nömrələri təqdim edib. Qərbdə korrupsiya hüquq pozmaları ilə bağlı məlumatları verən şəxslərin mühafizəsi ilə bağlı qanun var. Amma Azərbaycanda bununla bağlı qanunvericilik yoxdur. Yəni kimsə zəng edib qonşusu barədə məlumat versə, sonradan elə qonşusuna informasiya sıza bilər ki, məlumatı kim verib. Bu zaman vətəndaş pis vəziyyətdə qalacaq. Buna görə də əhalinin nə dərəcədə aktiv olacağı barədə bir şey deyə bilmərəm. düşünürəm ki, məxfiliyin qorunmasına dair təminat olmalıdır. Bu, əslində nazirliyin deyil, başqa qurumun işidir. Amma bütün hallarda hesab edirəm ki, siyahıların açılması müəyyən fayda verəcək”.
Şəffaflıq dedi-qoduların qarşısını alacaq

Millət vəkili Çingiz Qənizadə şəffaflıq olan yerdə xoşagəlməz halların sayının minimuma endiyini, dedi-qoduların və korrupsiyanın qarşısının alındığını dedi: “Adların açıqlanması, müəyyən yerlərdə vurulması, indiyə qədər bildiyimiz, bilmədiyimiz müəyyən məqamların qarşısını alacaq. İndiyə qədər kifayət qədər gəlir mənbəyi, imkanı olan, rayonda 5-10 nəfərdən biri sayılan adamlar müəyyən cinayət əlaqələrinə girib, utanmaz-utanmaz dövlətdən pul alıblar. Belə faktlar həddindən artıq çoxdur. Hər rayonda heç olmasa 50-100 nəfər dövlətin aztəminatlı ailələrə ayırdığı pulu haqqı olmadığı halda alıb. Yeni nazirin addımını ona görə təqdir edirəm ki, bu adamlar həm özləri-özlərindən utanıb bu cür əlaqələrə girməyəcək, belə hallar olduğu halda, haqqı olan insanlar nazirliyin qapısını döyüb deyə biləcək ki, “biz kasıblar ola-ola, bu imkanlıya niyə yardım vermisən”. Yeni nazirin hamımızın ürəyindən olan başqa addımlar da atacağını gözləyirəm”.
“Əvvəlki nazirə müraciət etmişdik, amma…”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul mediaforum.az saytına açıqlamasında, ƏƏSMN-nin ünvanlı dövlət sosial yardımı alanların siyahısını açıqlamasını müsbət təşəbbüs kimi qiymətləndirib: “Biz bir neçə il əvvəl belə bir təkliflə çıxış etmişdik. Ancaq çox təəssüf ki, nazirliyin köhnə rəhbərliyi siyahını açıqlamaqdan imtina etmişdi. Və imtinasını belə əsaslandırmışdı ki, ÜSY alanların kimliyinin açıqlanması “Fərdi məlumatlar haqqında” qanuna ziddir. Ancaq bu, qətiyyən belə deyil. Əgər söhbət milyonlarla büdcə vəsaitinin xərclənməsindən gedirsə, o zaman bu məlumatları heç bir halda fərdi məlumatlara aid etmək olmaz”.
Sosial yardımın miqdarı artırıla bilər

Q.Toğrul əlavə edib ki, ictimai vəsaitlərin xərclənməsi şəffaflıq və hesabatlılıq şəraitində həyata keçirilməlidir: “Bu, Azərbaycan qanunvericiliyinin tələbidir. Siyahıya gəlincə, hesab edirəm ki, həmin siyahılarda “ÜSY təyin olunmuş dövr” və “ÜSY məbləği” sütunlarının əvəzinə – şəhərlər istisna olmaqla – rayonlarda yerləşən kəndlərin adları da yazılsa, yaxşı olar. Digər tərəfdən yalançı aztəminatlı ailələrin müəyyənləşdirilməsinə bələdiyyələrin cəlb olunması maksimum nəticə əldə etməyə kömək edər”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, nazirliyin bu prosesdə şəffaflıqla bağlı tədbirləri, o cümlədən həqiqi aztəminatlı ailələrin müəyyənləşdirilməsi prosesi davam edərsə, növbəti ildən ÜSY alanların sayı reallığı əks etdirəcək və yarıbayarı azalacaq: “O zaman aztəminatlı ailələrin aldığı ÜSY məbləğlərinin artırılması barədə də düşünmək olar”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər