• cümə, 26 Aprel, 08:26
  • Baku Bakı 12°C

Şəffaflığın təminatçısı olacaq dövlət proqramı

28.09.18 19:55 812
Şəffaflığın təminatçısı olacaq dövlət proqramı
Bu günlərdə Prezident İlham Əliyev 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındasərəncam imzalayıb. 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyəsinin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir. Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016 -cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanıb.
Dövlət proqramının əhəmiyyəti haqda suallarımızı ekspertlərə cavablandırdı.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, proqram şəffaflığın təmin olunmasında ciddi rol oynayacaq: "Elektron hökumətə keçid etdikdən sonra nağdsız ödənişlərlə əlaqədar çox ciddi problemlər var idi. 2016-cı ildə biz nağdsız ödənişlərlə əlaqədar xüsusi qanun qəbul etdik. Bundan sonra alğı-satqı və sənayenin bütün sahələri üzrə elektron qaydada hesablamaların aparılmasına daha çox diqqət yetirilirdi. Əvvəllər bütün Azərbaycanda hər şey nağd pulla həyata keçirilirdi. Yəni ötürmələrin və köçürmələrin 30 faizi təxmini real köçürmələr yolu ilə, nağd pulla baş tuturdu. Bu isə bəzən ciddi problemlərə səbəb olurdu. Şəffaflıq təmin olunmur, insanların hüquqları müəyyən qədər pozulurdu. Bəzən hətta müəyyən qədər korrupsiya hallarına yol verilirdi. 2016-cı ildə bu qərar qəbul olunduqdan sonra nağdsız hesablaşmalarla əlaqədar ciddi addımlar atıldı. Göründüyü kimi, indi bütün bank sistemində şəffaflığı təmin etmək üçün kart sistemi tətbiq edilib. Yəni nağd şəkildə ödənişlərə o qədər üstünlük verilmir və bu ödənişlər adətən kartlar vasitəsi ilə həyata keçirilir. O cümlədən, əvvəllər ticarət mərkəzlərində ödəniş nağd pula həyata keçirilirdi. İndi isə elektron ticarətə daha çox üstünlük verilir. Ölkəmizdə bu təcrübənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə bir sərəncamın imzalanması bu sahədə olan problemlərin aradan qaldırılmasında ciddi addım kimi qəbul oluna bilər”
İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, rəqəmsal ödənişlər haqqında qəbul edilən dövlət proqramı ödənişlər zamanı şəffaflığın təmin olunmasında böyük rol oynayacaq: "Atılan bu addım iqtisadi inkişafa böyük təkan verəcək. Belə bir qərarın qəbul edilməsi ilə bu sahədə olan problemlər yavaş-yavaş aradan qaldırılacaq. Dövlət Proqramı əsasən ticarət şəbəkələrində və digər yerlərdə nağdsız hesablamalırn aparılması üçün geniş imkanlar yaradacaq. Nağdsız hesablamaların aparılması vergidən yayınma hallarının tamamilə aradan qaldırılması deməkdir. Bu isə dövlət büdcəsinin gəlirlərinin artmasına birbaşa təsir edəcək. Son nəticədə proqram, insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət göstərir. İnkişaf etmiş ölkələrdə ödənişlər əksərən rəqəmsal formada həyata keçirilir. Ödənişlərin bu qaydada aparılması insanların xidmət sahələrindən daha da rahat şəkildə istifadəsinə şərait yaradır. Bu mənada belə bir proqramın qəbul olunması mütərəqqi hadisədir. Qeyd etdiyim kimi, bu, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının idarə edilməsində tətbiq olunan bir təcrübədir və iqtisadi inkişafa gətirib çıxarır”.
Şəbnəm






banner

Oxşar Xəbərlər