“Saxtakarlar ensiklopediyası”nın ictimai nəzarət səhifəsi

Bəzi insanlar naqis iş
tutandan, rüsvay olandan sonra da özlərini müdafiə edərək, daha da simasızlıq
nümayiş etdirirlər. Cəmiyyətimizdə elə olaylar baş verir ki, sanki bəzən Corc
Oruelin "1984” əsərindəki müxtəlif səhnələri xatırlayırsan. O əsərdə "Məhəbbət
Nazirliyi”nin işi cəmiyyətdə nifrəti körükləməkdir. Yəni hər qurum adının
tərsinə işlər görür. Bir həftədə "İctimai nəzarət şurası” adı altında iki nəfər
həbs olunub, məlum olub ki, fəaliyyətləri düzgünlüyə nəzarət yox, daha çox
şantajdan ibarət imiş.
Ayıbına kor olmaq
əvəzinə...
İnanıram ki, həbs olunanlar
bir gün qazamatdan çıxıb yenə də insanlara ağıl verəcək, öyüdnamələr
söyləyəcəklər. Yelizabet Ströker "Elm etikasından” dərs deyirmiş, elmi pillədə professorluğa qədər yüksəlibmiş. Bir
gün onu plagiatda və istinad normalarını pozmaqda ittiham edərək çalışdığı
universitetdən qovurlar. O isə ölümündən bir müddət əvvəl "Elm etikası adına”
adlı bir kitab yazır və öz səhvlərini boynundan atmağa çalışır, ayıbına kor
olmaq əvəzinə, sübut olunan fırıldağının "üstünə gedir”. Görünür, dünyanın hər yerində həyasızlığın sonu,
cinsi, irqi, yaş məhdudiyyəti yoxdur.
Bu cür özlərini "haqq carçısı” kimi təqdim edən "ədalət
dəllalları” çox zaman bunu öz bizneslərini qorumaq, əsl kimliklərini gizləmək,
başqa məqsədlərə xidmət etmək üçün edirlər. Həqiqi kimliklərini gizləmək
istəyənlər həmişə özlərini cəmiyyətə nəyisə aşkarlamış, ortaya çıxarmış biri
kimi sırıyırlar. Və onların "kəşf etdiyi həqiqət” çox zaman onlar üçün ancaq və
ancaq arxasında gizləndikləri riyakarlıq qalası rolunu oynayır.
Qabda insan yağı da
göstərilir
Roelf Boltun "Yalançılar və
saxtakarlar ensiklopediyası” adlı bir kitabı var, o nəşrdə xeyli sayda və növdə
fırıldaqçılardan bəhs edir. Məsələn, general Felix Murga Perunun Huanuco
vilayətində cinayətkar qruplaşmanı ələ keçirdiklərini elan edir, bununla
əlaqədar mətbuat konfransı keçirir. Guya, o qruplaşma 40-60 nəfər adamı öldürüb,
mərhumların bədənlərindən yağları çəkib Amerika və Avropadakı estetik
klinikalara satıblar. Hətta qatillərdən birinin videosu da mətbuat konfransında
nümayiş etdirilir və balaca bir qabda insan yağı da göstərilir. Amma sonradan
əlavə araşdırmalar aparılır və üzə çıxır ki, dünyanın "orqan bazarında” bu tipli yağların alıcısı yoxdur.
Səhnədəkilərin əsl kimliyi
kulisdə bəlli olur
Bundan əlavə, estetik
cərrahiyyələr zamanı nəinki insan yağı gərək olur, həkimlər özləri əməliyyat
zamanı bəzən yağı bədəndən çəkib xüsusi qablara yığaraq zibil tutusuna atırlar,
belə mayelərin satışı söhbət mövzusu deyil. Araşdırmalar məntiqi şəkildə
aparılıb, istintaq gedib və məlum olub ki, polislər, şübhəli bilinən 47 nəfəri
günahları isbat edilməmiş öldürüblər, bu hadisəni ört-basdır edib günahkarları
məsuliyyətdən yayındırmaq üçün belə bir hiyləyə əl atıblar.
Ona görə də, ayıq-sayıq
olmaq, həmişə məsələlərin arxasındakı səbəbləri, insanların kimliklərini
öyrənmək lazımdır. Həyat, Şekspir demişkən, teatrdır, insanlar isə çox vaxt
səhnədə baş verənləri - gördüklərini
müzakirə və təftiş edirlər. Səhnədəkilərin əsl kimliyi isə kulisdə bəlli
olur.
Fərid Hüseyn
