• cümə, 26 Aprel, 11:49
  • Baku Bakı 12°C

“Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib

26.04.17 21:16 1045
“Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə "Sahibkarlar Günü” kimi qeyd edilir. Bununla bağlı, aprelin 26-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Sahibkarlar Günü”nə həsr olunan Konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Sonra işinə başlayan Konrfansda ilk öncə sahibkarların, bir sıra dövlət orqanlarının və ictimai birliklərin nümayəndələrinin sahibkarlığın inkişafında göstərdikləri xidmətlərə görə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2017-ci il tarixli Sərəncamı oxunub.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamların, qəbul edilən qərarların sahibkarlığın inkişafına verilən böyük diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb. "Sahibkarlar Günü” münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq edib, sahibkarlara göstərilən dövlət dəstəyinin iqtisadiyyatda özəl sektorun rolunu daha da artıracağını diqqətə çatdırıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunmuş "Sahibkarlar Günü”nün qeyd olunmasını ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, yerli istehsalın dəstəklənməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, ÜDM-də özəl bölmənin payı 80%-i ötüb. Son zamanlar dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük və vergi sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafına göstərilən diqqətin davamı olmaqla, özəl bölmənin inkişafında xüsusilə əhəmiyyətlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılan islahatlar və qəbul edilən qanunvericilik aktlarının önəmini vurğulayıb.
Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığı və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb, iqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolundan danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə hər il aprelin 25-nin "Sahibkarlar Günü” kimi qeyd edilməsi sahibkarlara göstərilən diqqətin təzahürü olmaqla yanaşı, cəmiyyətdə sahibkarların rolunun daha genişlənməsinə xidmət edir. Özəl bölmənin məşğulluğun təmin edilməsindəki rolundan danışan Səttar Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli şəratitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini vurğulayıb, sahibkarların sosial məsələlərin həllində rolundan danışıb.
Sahibkarları təbrik edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub. Təsadüfi deyildir ki, ölkə iqtisadiyyatında məşğul əhalinin70%-dən çoxunu qeyri-dövlət sektorunda çalışanlar təşkil edir.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat verib.
Konfransda çıxış edən sahibkarlar, Azərbaycandakı Amerika Ticarət Palatasının, ATİB-in, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, "Sahibkarlar Günü”nün təsis edilməsinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Konfrans çərçivəsində 15 sahibkarlıq subyektinə ümumi dəyəri 86,5 mln. manat olan investisiya layihələri üzrə investisiya təşviqi sənədi və 15 sahibkara ixracla bağlı 704,9 min manat həcmində geri ödəmə barədə məktub-sərəncamlar təqdim edilib.
banner

Oxşar Xəbərlər